Ağdamdan Ankaraya...

Ağdamdan Ankaraya...
YAZARLAR 24 May 2019 / 08:00 8936
-  A +

(Doğum günü yazısı)

O, elə bir unikal insandır ki, barəsində danışanda gərək, ümumi sözlərlə kifayətlənməyəsən, mütləq incəliklərə də baş vurasan. 2010-cu ildə telefon danışığımızda deyir: "Sen takımla giiit…” 

“Git” sözünü də həmişə öz şivələrində o qədər şirinliklə söyləyir ki, adam elə oturduğu yerdən durub hara gəldi getmək istəyir. Sonra da səfər proqramının anonsunu verir: “Ben de işlerim bitince Ankaradan yanınıza gelicem..."

Onun, Emrah Çelikelin dəvəti ilə "Qarabağ"la birgə Antalyaya təlim-məşq toplanışına yollanıram. Bizə gec qoşulacağı bir az məyus edir məni. Çünki klubda hələ cəmi üç nəfərlə şəxsi tanışlığım var. Onlardan da biri indi gəlmədiyinə görə, digər ikisi - Asiflə də Nurlanın başı komandanın işlərinə qarışacağından Antalya səfərinin sönük, cansıxıcı keçəcəyini təxmin edirəm. Bilirəm, mənim durumumdan bixəbər olan əyləncə alovlu gənc insanlar bu dəqiqə ağzını büzüb deyəcək ki, komanda bir yana, əgər sən o qədər rus və ukraynalı sarışınların yanında da sıxılacaqsansa, deməli, Antalyaya getməyindənsə, elə getməməyin yaxşıdı :))  Amma bir dəqiqə! İzah edim. Onda qış, yanvar ayı idi, axı. Və bilənlər də bilir ki, qış aylarında Antalyada gənc slavyanları ümummilli halda Almaniyanın nənə və babalardan ibarət 70-80 yaşlı təqaüdçü turistləri əvəz edir. Odur ki, məşhur mahnıda deyildiyi kimi, hadi bakalım, kolay gəlsin!

Bu, qışın Antalyası, bu da sən!

***

Hava limanından bir-bir komandanın avtobusuna əyləşirik. Başlayıram adamları saymağa – bir, iki, üç, dörd...  Gəlib qırx beşə çatıram. Və bu qırx beş nəfərdən, iki nəfər xaric, düz qırx üç nəfəri şəxsən tanımıram. Düz qırx üç nəfəri! Niyə axı gəldim deyib özümdən özümə şikayətləndiyim vaxtda bir tərəfdən də o vaxtlar məni yaxından tanımayan futbolçuların yad baxışını görür və aralarındakı pıçıltının ana xətti olan sözləri təxmin edirəm. “Bu kimdi?”

Gəlib, otelə çatırıq. İki saat keçmir ki, zəng gəlir. Telefonun o başından özünəxas alicənablıqla soruşur:

- Canım kardeşim, nasılsın, bir sorun varmı? Birdən əlavə nəyəsə ehtiyac olar...

- Hər şey yaxşıdır.

Hiss edirəm ki, mənə hər nə qədər yüksək şərait yaradılsa da, yenə qonağı üçün narahatlıq keçirir. Yarı türk, yarı azərbaycanca davam edir:

- “Qarabağ”ı öz evin bil. Katiyyen de sıkılma.

Klubun qonağı olduğum iki həftə ərzində bənzər sözləri ondan bir yox, düz on dörd dəfə eşitdim. Yəni  hər gün. Ya telefonla, ya da canlı olaraq. Artıq özü də gəlib komandaya qoşulanda. Amma o gələnə qədər neqativ gümanım tamamilə puça çıxmış, hər hansı darıxmaqdan əsər-əlamət belə qalmamışdı. Kiməsə tapşırıq verilmədən hər şey təbii axarı ilə elə getmişdi ki, sanki çevrilib olmuşdum bu futbol komandasının bir üzvü.

Sonradan, artıq səfər bitib Bakıya qayıdanda məndə yaxşı mənada belə bir sual yaranmışdı ki, 40-50 nəfərin toplaşdığı, az qala hamının sənə hər gün isti,  doğma münasibət bəslədiyi kollektivi necə yaratmaq olar? Özü də tək mənə də yox, əminəm ki, klubun qonağı olan hər kəsə. Və hər keçən günlər, aylar, illər bu suala da cavab vermişdi: “Qarabağ” deyildiyi kimi, həqiqətən təkcə bir klub deyil, həm də bir yuva, ev kimiymiş. Amma o da məlum ki, bir evin bünövrəsi, mənəvi bünövrəsi səhv, əyri qoyulanda yıxılıb, yerlə-bir olur. Sırf buna görə indiyədək Azərbaycanda neçə-neçə klub dağılıb gedib. “Qarabağ”sa nəinki yerindədir, hər gün mərtəbələri artaraq daha da ucalır. Çünki özülü, mənəvi özülü möhkəm və bütövdür. O özülü qoyanlardan, o evi bir qalatək qoruyanlardan, bütovlüyünün zədələnməsinin və ləkələnməsinin qarşısını alan insanlardan biridir Emrah Çelikel.

***

2003-cü ildən, düz 16 ildir “Qarabağ”da çalışır. 27 yaşından. Bəzən yarızarafat, yarıciddi gileylənir ki, qocalıb getdim. Mən də ona təskinlik verib deyirəm ki, “Qarabağ”da uşaqlıqdan işlədiyinizi nəzərə alsaq, indi gənc bir oğlansız. Dərhal “Whats app”da bir smaylik var, gözlərdə ulduz parlayır (sevinən kimi hamımız istifadə edirik ondan), bax əvvəl onu göndərir, sonra da bu mesajı: “Son illər eşitdiyim ən yaxşı komplimentdir”.

Zarafatı bir kənara qoyub, ciddi olaraq düşünək. 16 il davamlı olaraq bir böyük klubun direktoru kimi strateji vəzifədə çalışmaq bu hallarda mümkündür ki, işini təmiz, məsuliyyət və vicdanla icra edəsən, amma ən vacibi sənə inanıb o vəzifəyə gətirənlərə heç bir məsələdə xəyanət etməyəsən.

Bu, həm də sədaqət, ləyaqət və şərəf məsələsidir.

Emrah Çelikel bizim futbolda çox funksionerə nümunə olacaq sədaqətli, ləyaqətli və şərəfli insanlardan biridir.

***

Ankarada doğulub. 1999-cu ildə iki həftəliyinə Bakıya gəlibmiş. O iki həftə, bu iki həftə, düz 20 ildir Azərbaycanda yaşayır. Yəni ömrünün demək olar, tən yarısını.

Bu 20 ildə o, az qala da deyil, tam olaraq bizdən biri olub. Əsl azərbaycanlı. Bir dost məclisindəki sözləri yadıma düşür: “Mən özümə həmişə borc bilmişəm ki, Azərbaycan xalqının dəyərləri, mentaliteti nəyi tələb edirsə, onu da yerinə yetirim”.

Və bu sözləri indi yazanda 2010-cu il yadıma düşür. İlk dəfə tanışlıq üçün yanına gedəndə otağının gözəgəlimli yerində, şüşənin içində xüsusi saxlanılan bir ovuc quru torpaq dərhal diqqətimi çəkmişdi. Soruşanda ki, bu torpağın xüsusi özəlliyi nədi ki, belə qoruyursunuz? Cavab vermişdi ki, Ağdamdan gətirilib. İşğal altındakı şəhərdən.

Bəli, bu həssas addımı qeyri-azərbaycanlı yox, məhz elə bizim kimi azərbaycanlı ata bilərdi.

Amma bir addım daha qalıb. Sağlıq olsun, bir gün o, həqiqətən “Qarabağ” komandasıyla birgə işğaldan azad olunan Ağdamın özünə ayaq basacaq, artıq bütov bir torpaqdan ovcuna götürüb onu öpəcək, sonra öpdüyü o torpağı Ağdamdan əziz, unudulmaz bir xatirə kimi doğma Ankarasındakı evinə aparacaq. Bu da olacaq onun üçün ən gözəl hədiyyə.

Vətənindən olan hədiyyə.

Aydın BAĞIROV
[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.10.24
28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19

Son xəbərlər