Barselona, bizim Vətən və yenə "Qarabağ"... - Reportaj

Barselona, bizim Vətən və yenə "Qarabağ"... - Reportaj
YAZARLAR 27 Fevral 2024 / 14:24 5821
-  A +

Bir...

İki...

Üç...

Məndən ön sırada anasıyla birgə dayanan rus uşaq Barselona aeroportunun sərhəd zonasında dayanan insanları bir-bir saymağa başlayınca özüm də səbirsizlənirəm, deyəsən. Sırada 3 yox, bəlkə hələ 233 adam var, mən səksəninciyəmmi, yoxsa doxsanıncıyammı, bilmirəm. Bildiyim tək odur ki, bu qədər insana hal-hazırda xidmət göstərən bircə nəfər şəxs var. Əlbəttə, Avropa İttifaqı (Aİ) ölkəsi olan ölkələrin vətəndaşları üçünsə xidmət üst səviyyədədir...

Düzü, mənim yadıma gəlmir ki, bizim aeroportda insan tıxacı olarkən onlara cəmi 1 nəfər xidmət göstərsin. İstər ölkədə iş günü olsun, istər qeyri-iş...

Yeri gəlmişkən, sərhədçilərimizin (bəyli-xanımlı) həm özümüzünkülərə, həm də qonaqlara qarşı illərdir davam edən mədəni, nəzakətli davranışını qeyd etməyi vacib sayıram. Hər ölkənin hava limanı sərhədində bu cür xoş mənzərə olmur. Bizimkilərə burdan "sağ ol" deyirəm...

Beləcə növbədə durub fikrə daldığım vaxtda Bakı-Barselona reysi ilə səfər edən başqa bir rusun - yekəpər İvanın narazılıq dolu səsi gəlir: "Bunlarda bu gün bazar günüdür, ona görə bir nəfər xidmət göstərir... Voobşe çto eto za bezobraziye" 

Yəni bu nə biabırçılıqdır?

Onu da qeyd edim ki, mənim uçduğum Bakı-Barselona reysində sərnişinlərinin 70-80 faizi məhz Rusiya vətəndaşları idi. Səbəb? Oradan Aİ ölkələri üçün bütün reyslərə qadağa qoyulub. Məcbur Bakı aeroportundan da tranzit ərazi kimi istifadə edirlər. 

Barselonanın El-Prat aeroportunda isə insan tıxacı artmaqdadır. 

Nəhayət, insan selinin artdığını dərk edən aeroport əməkdaşları bizi yalnız Avropa İttifaqı ölkələri vətəndaşlarına xidmət göstərən kabinalar önünə çağırırlar. Və... Cəmi 2 dəqiqə sonra pasportuma möhür vurulur və mən sərhədi tərk edib Barselonaya daxil oluram. 

30 dəqiqə hara, 2 dəqiqə hara.

2 dəqiqə...

Və bu ikicə dəqiqədə mən özümü xəyallarda bir anlıq Aİ vətəndaşı kimi hiss etməyə başlayıram. Amma sonra deyirəm, yox, Aİ ölkəsi vətəndaşı olmaq əlbəttə, gözəl bir şeydir, amma mən yaxşısı necə varsam, elə də qalım: qalib və məğrur Azərbaycanın vətəndaşı kimi! 

Hələlik isə sağ ol, Vətən!

Və salam, İspaniya!..

***

Mənim bu yazıya bir az neqativ əhvalda başlamağım sizi qətiyyən çaşdırmasın. Əslində Barselona gözəl, gəzməli və azad ruhlu şəhərdir (xüsusən gənclər üçün). Əhalisi də tolerantdır. Yəni gəlmə olduğuna görə kimsə sənə irqçi münasibət göstərməyəcək. Düzdür, aeroportda qarşına bir çox Avropa ölkələrinin hava limanlarındakı kimi əlisilahlı polislər çıxacaq. Anlaşılandır. Təhlükəsizliyi yüksək səviyyədə qorumağa çalışırlar. Və onlardan birinə yaxınlaşıb şəhərə getmək üçün mənə istiqamət verməyi xahiş edəndə gülərüzlə cavab verir:

- Burdan sola get, aerobusa otur, gedib çıxacaqsan Kataloniya meydanına.

Barselonada "Aerobus" hava limanından şəhər mərkəzinə işləyən iritutumlu, yüksək sürətli pulsuz interneti olan ekspress avtobuslara deyirlər. Turistlərin böyük əksəriyyəti bu xidmətdən istifadə edir. Əvvəla taksiylə müqayisədə qiymət 4-5 dəfə aşağıdır (7 avroya yaxın), 25-30 dəqiqəyə isə Barselonanın rəmzi məkanı Kataloniya meydanına çata bilirsən (əgər tıxac yoxdursa). Yəni prinsipcə, maşınla da eyni vaxt sərf edirsən. Və mən aeroportdan çıxıb şəhər mərkəzindəki otelə yollananda Bakıdakı dostlardan ardıcıl mesajlar gəlməyə başlayır. 

- Mütləq "Nou Kamp"a get.

"Nou Kamp" təmirdədir" deyirəm. 

- Onda Kafedrala, ya da nə bilim, "Saqrada familia"ya get...

- Yaxşı, gedərəm. 

İkisi də Barselonanın tarixi məkanlarıdır. Bura gəlib oraları ziyarət etməmək olarmı? Olmaz, əlbəttə. Amma məndə oldu...

***

Bir zamanlar "Qarabağ" klubunda menecer kimi fəaliyyət göstərmiş Anar bəy də diqqət göstərib Barselonanın gəzməli yerlərini tövsiyə edir. Sonra bir şəkil atır mənə. Məni yaxın keçmişə qaytarır. Onu sizinlə bölüşürəm. Gərək ki, mətbuatda ilk dəfə yayımlanır. 

2011-ci ildir. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa (o vaxt cəmi 8 yaşı vardı), köməkçisi Borçe Xristov (şəkildə soldan birinci. İndi "Zirə"də işləyir) və Anar bəylə (indi idmandan kənar sahədə fəaliyyət göstərir) "Barselona"nın bazasında. Əlləri ilə tutduqları isə Çempionlar Liqasının kubokudur.

39 yaşlı Qurban Qurbanov Xosep Qvardiolanın baş məşqçisi olduğu "Barselona" klubuna təcrübə toplamağa gedib. "Qarabağ"ın tanınmayan vaxtlarıdır. 

Qurban Qurbanov həm də bax belə təcrübələr toplaya-toplaya "Qarabağ"ı bugünkü "Qarabağ" edib... O qapqara saçlar isə indi bəmbəyaz olub. 

***

Bu gün BCN (Barselonanın beynəlxalq səviyyədə qəbul olunan qısaldımış forması) Avropanın turistlər sarıdan ən çox ziyarət olunan öncül şəhərlərindəndir. Statistikaya əsasən, hər il bura xaricdən 10 milyon nəfərdən artıq insan səfər edir. Əsasən də yayda. Qiymətlər bizimlə müqayisədə sektorlardan asılı olaraq ya təxminən eynidir (məsələn yemək-içmək), ya da bir az yüksək... Mən Barselonaya qışda getmişdim, daha dəqiqi elə bu fevral ayında. Amma necə deyərlər, qışın oğlan çağında belə, Barselonanın mərkəzində iynə atsan, yerə düşməzdi. 

Rambla Bulvarının uzunluğu 1,2 kilometrdir. Bazar günü günorta saat 12-dən sonra burada minlərlə, bəlkə də 10 mindən çox insan vardı. Və bu insan selindən birtəhər yalnız o halda aralandım ki, yaxınlıqda "Barselona" klubunun rəsmi fan-şopunu gördüm. Mağaza üç mərtəbədən ibarətdir. İçəri girərkən Levandovski və Pedrinin formalarının asıldığı vitrinə yaxınlaşıram. Qiymətləri marağımı çəkir: hər biri 184 avrodur... Bu, əlbəttə, orijinal formalardır. Küçədə isə loru dildə ifadə etsək, "kitayski" forma 35 avroyadır. 

Satışda klubun özünə məxsus toplar da var: "Barsa" topu. Qiyməti 30 avrodur. Yadıma uşaqlıqda Ağdamda oynadığımız toplar düşdü. Ona "Neftçi" topu" deyərdik. Niyə görəsən, bizdə indi "Neftçi", "Qarabağ" adlı toplar yoxdur?

***

Bakıdan fərqli olaraq, xaricə səfərlər zamanı alış-verişi bəyənmirəm. Ona görə "Barselona"nın fan-şopunda da çox vaxt keçirmirəm. Oradan elə təzəcə aralanıb 5-10 metr addımlayıram ki, qarşıma... "Real"ın rəsmi fan-şopu çıxır. Bax burda deyərlər, rəqib hər yerdə rəqibdir. Futbolda da, biznesdə də... O boyda Barselonada başqa yerdə mağaza açmağa yer yox idimi ki, fan-şopları da bir-biri ilə mübarizəyə girib? İndi həmin küçədə ilk mağazanı "Barselona"mı açıb, yoxsa "Real"mı açıb, onu bilmirəm, amma düzü, maraqlı mənzərədir. İki nəhəngin qlobal rəqabəti... Əlbəttə, Barselonadakı rəqabəti yerli fan-şop udur. O 3 mərtəbli mağazada adam əlindən tərpənmək olmur. "Real"da isə müştəri sayı xeyli azdır (mən orda olduğum vaxtda). Amma müştərisi az olsa da, madridlilərin biznes məkanına ayaq basan kimi səni "Real"ın qazandığı Çempionlar Liqası kuboku (yəqin ki, orijinal deyil) qarşılayır.  

Barselonanın mərkəzində "Real"ın qazandığı kubok. 

Rəqib azarkeşləri qıcıqlandıracaq jestdir. Bu kubokla selfi edəndə qarşıma Arda Gülerin forması çıxır. Burda forma qiyməti "Barselona"nın mağazasındakına nisbətən ucuzdur: 115 avro... 

***

Mağaza ziyarətləri, şəhər gəzintisi məni taqətdən elə salır ki... Barselona mərkəzindəki gözəl binalar səni şəhəri təkrar-təkrar gəzməyə məcbur edir. Amma hamısı bir-birinə yaxın tikilib və bir anlıq özünü labirintdəki kimi hiss edirsən. Şəxsən məni çaş-baş qoydu bu şəhər. Həm insanların, həm də binaların çoxluğundan. 

Barselona gözəl və qarışıq şəhər təsiri bağışlayır mənə. O dərəcədə ki, burda olduğum 2 gün hər dəfə qaldığım oteldən çıxıb yaxınlıqdakı Kataloniya meydanına gedəndə və geri hərəkət edəndə telefonumun xəritəsindən istifadə etməli oluram. Çoxsaylı səfərlərim arasında belə qəribə halla ilk dəfədir rastlaşıram... Və bu qarışıq aura məni zehni və fiziki o dərəcədə yorur ki. Ona görə də dostların təklif etdiyi yerlərin hər birinə səfəri bu dəfə təxirə salmalı oluram. Çünki bu cür yorulmaqla nə şahmatda Məmmədyarov qarşılaşıb, nə də futbolda Cəfərquliyev. 

Amma zarafat bir yana, o yorğunluq Barselonadan Braqaya gedəndə, artıq Braqa stadionunda elə bil heç olmayıbmış kimi uçur gedir. Çünki həmin Qurban Qurbanovun, həmin Elvin Cəfərquliyevin komandası "Qarabağ" Portuqaliyada 4:2 hesablı tarixi qələbə qazanır. Və bu dəfə futbol meydanından sanki qalib əsgərə xas səda gəlir:

Bir...

İki...

Üç...

Aydın Bağırov

Email: [email protected]

(Etopaz-ın dəstəyi ilə)

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.10.24
28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19

Son xəbərlər