(Qarabağdan qeydlər, 1-ci yazı)
Jurnalistikanın ən maraqlı qollarından biri də reportaj janrıdır. Mənim üçün isə ən sevimlisi. Ona görə də səfərə çıxdığım ölkələrdə, iştirak etdiyim tədbirlərdə gördüklərimi, müşahidələrimi bacardığım qədər oxucularla bölüşməyə çalışmışam.
O reportajları Bakıda da yazmışam, ondan 4000 kilometr uzaqlıqdakı Londonda da. Memarlığı ilə adamı heyran edən Vyanada da, mehriban avstriyalıların balaca Lenzerkirçen kəndində də, soyuq Norveçin istiqanlı Molde şəhərində də, səs-küylü və dəliqanlı Romada da, gecə həyatı qaynayan Madriddə də, tarixi və kirli Qahirədə də… Və saysız-hesabsız, ucu-bucağı bitmək bilməyən başqa ölkələr, şəhərlərdə də.
Amma bu gözəl səfərlər, fərqli mədəniyyətlər, mənim üçün sevincli və kədərli futbol oyunlarından hazırladığım yazıların heç biri illərdir ürəyimdə gizli saxladığım arzunun yerini verə bilməyib.
O arzum isə nəhayət, bu gün həyata keçir.
Jurnalistika fəaliyyətimdə ilk dəfə bir reportajımı artıq doğma Qarabağımdan yazmağa başlayıram.
Xankəndidəyəm!
Qarışıq duyğular içində.
***
Erməni qoxusu, nəfəsi bu şəhərdən artıq çəkilməyə başlayıb. 2023-cü ilin məlum sentyabr antiterror əməliyyatından sonrakı hər gün və nəinki hər gün, hətta hər saat, hər dəqiqə və hər saniyə qalib azərbaycanlı ruhu yenidən bu tarixi yurdumuzun canına hopmağa, qanına işləməyə başlayıb…

Şəhər, indi bəlkə də tarixinin ən hərəkətli dövrünü yaşayır. Bir tərəfdən dayanmaq bilməyən tikinti-abadlıq işləri Xankəndinin simasını dəyişir, o biri tərəfdən digər bölgələrimizin hamısından bura gün ərzində insan seli axır.
Sırf bu səbəbdən bu günlər buradakı 10-a yaxın oteldə gecələmək üçün yer tapmaq da, necə deyərlər, lotoreya udmağa bənzəyir.
***
Və qaynayıb-qarışan şəhərdə 25-26 nəfər, hamısı da ağ tişört geyinmiş gənc var ki, insanlar onlara xüsusi maraq göstərir, yaxınlaşıb şəkil çəkdirir. Bu cavan oğlanlar illərdir Qarabağı, Ağdamı, Xankəndini Avropada və Azərbaycanın daxilində təmsil edən futbolçulardır.
“Qarabağ” komandasının üzvləri.
Onların arasında iki yeni oyunçu da var. Pedro Bikalyo və Dani Bolt…
Ta Atlantik okeanının sahilindən - Portuqaliyadan Azərbaycana gəldikləri heç 20 gün olmayıb.

"Qarabağ”ın bəlkə də gələcək liderləri ola biləcək yeni transferlər. Təsadüfdən komanda ilə ilk yolçuluqları da məhz komandalarının adını daşıdığı bölgədən başlayıb.
Hələ çaşbaşdırlar. Hara gəldiklərini və hətta niyə gəldiklərini güman edirəm, tam anlamırlar. Ətrafı sadəcə təəccüblə seyr edirlər.

Bir tərəfdə namərd qonşumuzun dağıdıb xaraba qoyduğu yurd yerləri - Füzuli, Şuşa, Ağdam, o biri tərəfdə o dağıntıların yerində tikilən, gözəlliyi ilə adamı mat qoyan tunellər, yollar, binalar, evlər… O gözəliyin də fövqündə dayanan Qarabağ torpağının mənzərəsi.
Dağları, dərələri, bulaqları, şəlalələri, havası…
Çudomir Çakarov - Qurban Qurbanovun bu bolqar köməkçisi sanki hisslərimi oxuyurmuş kimi Xankəndinin mərkəzində mənə deyir: “Buranın nə gözəl havası var!” Bizimlə yanaşı addımlayan xorvat Fabian Buntiç də onun sözünü təsdiqləyir.
… Və bu havanın təmizliyi təkcə təbiətinə görə yox, həm də Xankəndini onilliklər boyu sözün bütün mənalarında çirkləndirmiş, zəhərləmiş nankor zümrənin buradan birdəfəlik getməsinə görədir.
***
“Niyə futbolçularınız hamısı ağ geyimdədir?” - Qurban Qurbanovdan soruşuram. Gülərək “mən tərəfdən xüsusi tapşırıqdır” deyir.
Vahid komanda intizamı, həm də səliqə-səhman deyək buna.
Komanda Şuşadan birbaşa Qarabağ Universitetinə gəlib. Artıq dərslər, imtahanlar bitib əslində. Amma buna baxmayaraq, təhsil ocağının qarşısına "Qarabağ"ı canlı görmək üçün xeyli tələbə toplaşıb. Hətta bir çoxu “Qarabağ”ın universitetlərini ziyarət edəcəyini öyrənəndən sonra ətraf rayonlardan təzədən Xankəndiyə qayıdıb.

Rektor Şahin Bayramov bütün səfər boyu “Qarabağ” rəhbərliyini, baş məşqçi Qurban Qurbanovu müşayiət edir, onlara ötən il yaradılmış bu təhsil ocağı barədə məlumat verir.
Mənsə bu ərəfədə rəsmi protokol ziyarətindən kənara çıxıb “Qarabağ”ın Marko Yankoviçi ilə bir az söhbət edirəm. Marko ikinci dəfədir ki, bu şəhərə səfər edir. İlk dəfə o, 2023-cü ilin dekabrında MOİK-lə oyuna gəlmiş və Xankəndi stadionunda meydana çıxmışdı. Yeri gəlmişkən, indi həmin arena təzədən bərpa olunur: meydançanın ot örtüyü, tribunalar tamamilə dəyişdirilir.
Arenanın təmiri tam bitdikdən sonra artıq böyük futbolu Xankəndiyə də gətirmək lazımdır.
Yankoviç məndən eşidəndə ki, bəs, Ağdamda “Qarabağ”a yeni İmarət stadionu tikilir, sanki şoka düşürmüş kimi soruşur: “İndi biz orda oynayacağıq”.
Niyə də yox, Marko?!
***
Əlbəttə, yaxın bir neçə ilə biz təzə “İmarət”də də oyunların şahidi olacağıq. Yeri gəlmişkən, “Qarabağ”ın Ağdama budəfəki səfəri barədə ayrıca reportajım olacaq. Hələliksə mən Xankəndidəyəm və qısa da olsa, bu şəhərin hər addımlığında uşaqdan böyüyə kimi “Qarabağ”a olan münasibətə də toxunmaq istərdim.
Müşahidə etdim. Təkcə hardasa 3 saatlıq Xankəndi səfəri zamanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qarşısına çıxan hər 5 nəfərdən az qala 4-ü onunla şəkil çəkdirir, imza alırdı. Eləcə də futbolçularla. “Qarabağ”a olan səmimi el sevgisi ölkəmizin hər tərəfinə yayılıb. O cümlədən Xankəndiyə də.

Bu şəkildəki mənzərə isə həmin bu münasibətin təsdiqi olan sadəcə kiçik bir hissədir. Bu uşaqlar və şəkilə texniki səbəblərdən düşməyən digərləri “Qarabağ”ın nahar etdiyi restorana daxil olaraq futbolçularla şəkil çəkdirmək istəyirlər və çəkdirirlər də.
Hələ onların düz bir saata yaxın “Qarabağ”, “Qarabağ” qışqırtsından danışmıram belə.
Və Xankəndidəki bu şüar futbol komandasından daha çox bizim gələcəyimiz olan bu uşaqların öz torpağına, Qarabağa və Xankəndiyə həyan olacağının, onun bir daha heç vaxt itirilməyəcəyinin təsdiqi, nidasıdır…
Aydın Bağırov,
Xankəndi
“Əl-Nəsr”dən ayrılır
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
Kot-d'İvuar millisinin DÇ-2026 heyəti
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
"Araz-Naxçıvan" və "Qəbələ” qalib gəldi
Azərbaycan üçün 3 "qızıl", 2 "bürünc" şansı
"Qəbələ"nin geridönüşü - Video
"Daha çox qol vura bilərdik" - Kaxaber Sxadadze
Noyer daha 2 il "Bavariya"da
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər
Belçika millisinin DÇ-2026 üçün heyəti
“UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri
2029-cu ilin yayına kimi "Borussiya"da - Rəsmi
"Mançester Yunayted"də mövsümün ən yaxşısı açıqlandı
Yevlaxda heyətlər açıqlandı
"Zalsburq"dan İngiltərə klubuna
Qarabağdan Belçikaya gedən futbol yolu - "Suqovuşan" turniri
"Everton"un əfsanəsi komandadan ayrılır
Aspas 70 ildən çoxdur davam edən rekordu qırdı
Avropa çempionu: “Qələbəni atama həsr edirəm”
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Rodri ilə müqavilə uzadılacaq
"Mançester Yunayted" Onananı satacaq
Fransa millisinə düşə bilmədi, Əlcəzairi seçdi
"Bavariya" Qordonun transferini bitirir
Onları niyə DÇ-2026-yə aparmamasından danışdı
Azərbaycan taekvondoçusu Avropa 3-cüsü oldu
Fransa millisinin DÇ-2026 üçün heyəti
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda