Azərbaycan Premyer Liqasında komandaların turnir cədvəli ilə yanaşı bir siyahı da var ki, o da daim maraqla izlənilir.
Bombardirlərin siyahısı…
O siyahı həm də Azərbaycan futbolunun aynasıdır. Yəni ora bax və özünü gör. Bu gün futbol adına nə günə düşmüşük, özümüzə əl gəzdirmərsək, daha hansı kökə düşəcəyik, bax, bunun cavabı həm də o aynanın arxasında gizlənən suallardadır.
Mətləbə keçim.
Azərbaycanın yüksək liqasında bu gün axşam 26-cı tur arxada qalacaq. Yarışı keçirən Peşəkar Futbol Liqasının saytında indiki ana qədər bombardirlər siyahısında ən çox vuran (5-11 arası) 16 oyunçunun adı yer alıb.
O 16 oyunçu arasında isə cəmi-cümlətanı ikicə nəfər azərbaycanlı var…
16 nəfər arasında cəmi 2 azərbaycanlı…
Biri hücumçu Nəriman Axundzadədir ki, o da siyahıda 7 qolla yalnız 8-cidir, o birisi isə 5 qolla həm müdafiəçi, həm yarımmüdafiəçi olan Toral Bayramovdur ki, 11-ci yeri tutur
Siyahının ilk yeddi pilləsində bir nəfər də olsun azərbaycanlı futbolçunun adı yoxdur. Leandro, Sekidika, Felipe Santos, Coy-Lens Mikels, Davit Volkov, Salifu Suma, Pavol Safranko - göründüyü kimi, hamısı qeyri-azərbaycanlıdır…
Acınacaqlı və düşündürücü faktdır.
Statistikaya əsaslanıb fikir yürütsək, bu gün Premyer Liqamızda ən yaxşı hücumçumuz “Qarabağ”ın 20 yaşlı futbolçusu Nəriman Axundzadədir. Axundzadə bu mövsüm 7 qol vurmaqla yanaşı 8 qolun ötürməsi edib. Yəni 15 qolda birbaşa iştirakı olub. Bu, müsbət haldır. Amma o da qeyd edilməlidir ki, Azərbaycan çempionatı bir futbolçunun potensialının tam göstəricisi sayıla bilməz.
Elə həmin Nəriman son 1 ildə - bu mövsüm iştirak etdiyi 8 avrokubok oyununda nə 1 qol vura, nə də 1 qol ötürməsi edə bilib. Avrokubokda sonuncu dəfə ötən ilin fevralında “Braqa” ilə oyunda fərqlənib
Nə qədər ki, hələ çox gəncdir, xarakter nümayiş etdirib CV-sindəki bu neqativi düzəltməlidir. Yoxsa karyerasının sonuna qədər görüb-görəcəyi ən yaxşı çempionat elə Azərbaycan liqası olacaq.
Qeyd edilən bu bir fakt bir futbolçumuzun timsalında hücumçularımızın beynəlxalq səviyyəli yarışda qol vurmaq problemini göstərir.
Məsələn, digər “Qarabağ”lı Musa Qurbanlı. Azərbaycan karyerası uğurlu olsa da, İsveçdə möhkəmlənə bilməyib geri qayıtdı. Son oyunlar bir balaca toparlansa da, bumövsümkü statistikası (Premyer Liqada 15 oyun, 4 qol) hələlik gələcək üçün müsbət siqnal vermir. Amma bu mənfi gedişi düzəltmək bacarığına malik oyunçudur.
Daha təcrübəli olan Ramil Şeydayevin isə artıq hətta daxili yarışda belə komandasına (“Neftçi”yə) faydası dəymir. Bir vaxtlar Rusiya milliisi ilə Avropa çempionu (U-17) və Avropa finalçısı (U-19) olmuş 28 yaşlı hücumçu bu mövsüm 22 Premyer Liqa oyununda cəmi 3 qol vurub.
Daha nə deyəsən?
Əsas heyətdə niyə oynadasan?
Yerli hücumçularımız digər klublarımızda da var. Lakin adları çəkilən bu 3 oyunçu xüsusi ona görə vurğulandı ki, əsas milli komandanın oyunçularıdır.
Sabah DÇ-2026-nın seçmə mərhələsində Fransa/Xorvatiya, Ukrayna, İslandiya kimi rəqiblərimiz olacaq.
Hazırda legioner həyatı yaşayan Mahir Emreli isə bir vaxtlar Azərbaycanda olduğu kimi, indi Almaniyada bombardirlik uğrunda yarışmalı idi. Lakin onunla bağlı da durum yaxşı sayılmamalıdır. Bu il zədəsinin olmamasına baxmayaraq, 3 matçda “Nürnberq”in iştirak ərizəsinə düşməməsi, məşqçisi Kloze ilə arasında narazılıq olması barədə davamlı məlumatlar həm narahatlıq, həm də məyusluq yaradır.
Bütün bunlar, necə deyərlər, nöqsanların yalnız görünən tərəfləri - yəni nəticədir.
Səbəblər isə daha dərindir və Azərbaycan futbolunda onilliklərdir elə möhkəm kök salıb ki, yerli mütəxəssislərimiz də, futbol sistemi də onu həll etməkdə çarəsizdir. Söhbət həm uşaq futbolundakı, həm də peşəkar klublardakı məşqçilərdən və idarəçilərdən gedir…
Bəs, bu vəziyyəti AFFA-nın İnkişaf Strategiyası düzəldə bilərmi?
Şair demiş,
Bəlkə də hə,
bəlkə də yox.
Odur ki, illəri bir-birinə calaya-calaya yenə gözləyək.
İl demişkən. Bizim gənc futbolçularımızın həmyaşıdı 20 yaşlı özbək müdafiəçi Xusanov altıca ayın içində əvvəl Fransa Liqa-1-də möhkəmləndi, sonra da İngiltərə Premyer Liqasına getdi. 3-5 gün əvvəl isə “Mançester Siti”də fevral ayının ən yaxşı oyunçusu seçildi.
Özbək futbolunun yetirməsi olan hücumçu Eldor Şomurodov isə ötən 4-cü günü Avroliqanın 1/8 finalında qələbə qolu vurub.
Eldor “Roma”da oynayır, qəhrəmana çevrildiyi oyun isə “Atletik”lə matç idi…
Sağ olun.
Aydın Bağırov
“Əl-Nəsr”dən ayrılır
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
Kot-d'İvuar millisinin DÇ-2026 heyəti
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
"Araz-Naxçıvan" və "Qəbələ” qalib gəldi
Azərbaycan üçün 3 "qızıl", 2 "bürünc" şansı
"Qəbələ"nin geridönüşü - Video
"Daha çox qol vura bilərdik" - Kaxaber Sxadadze
Noyer daha 2 il "Bavariya"da
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər
Belçika millisinin DÇ-2026 üçün heyəti
“UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri
2029-cu ilin yayına kimi "Borussiya"da - Rəsmi
"Mançester Yunayted"də mövsümün ən yaxşısı açıqlandı
Yevlaxda heyətlər açıqlandı
"Zalsburq"dan İngiltərə klubuna
Qarabağdan Belçikaya gedən futbol yolu - "Suqovuşan" turniri
"Everton"un əfsanəsi komandadan ayrılır
Aspas 70 ildən çoxdur davam edən rekordu qırdı
Avropa çempionu: “Qələbəni atama həsr edirəm”
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Rodri ilə müqavilə uzadılacaq
"Mançester Yunayted" Onananı satacaq
Fransa millisinə düşə bilmədi, Əlcəzairi seçdi
"Bavariya" Qordonun transferini bitirir
Onları niyə DÇ-2026-yə aparmamasından danışdı
Azərbaycan taekvondoçusu Avropa 3-cüsü oldu
Fransa millisinin DÇ-2026 üçün heyəti
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı