Azərbaycan millisinin Avstriya toplanışı tam məyusedici olmasa da, heç pozitiv ab-havada da bitmədi. Səbəb bəllidir: Maltaya məğlubiyyət (0:2), San-Marino üzərində çətin qələbə (2:1).
Milli komandamız Macarıstanın Sombathey adlı balaca və mənə görə darıxdırıcı şəhərinin stadionundakı hər iki matça böyük Üzeyir bəyin “Koroğlu” uvertürasının sədası altında çıxmışdı. Məlum, bu nəhəng, hər eşidəndə tükləri biz-biz edən əsərin mayasında oyanış, qəhrəmanlıq, qələbə ruhu var. Amma biz Malta ilə matçda milli komandamızın oyununda nə oyanış kimi oyanış görə bildik, nə də qəhrəmanlıq kimi qəhrəmanlıq. Doğrudur, bu əsərin hər dəfə millinin oyunlarından əvvəl səslənməsi yaxşı ideyadır. Amma bizimkiləri çox vaxt heç yaxşı pul - mükafat da oynada bilmir, nəinki mənəvi dəyəri o puldan da, mükafatdan da yüksək olan belə musiqilər…

Malta Azərbaycan millisi ilə son oyuna qədər dünya reytinqində 162-ci yerdə idi, yəni bizdən 38 pillə geridə. Malta balaca bir ada dövlətdir, elə buna görə də onların komandasını Avropada bəzən cırtdan da adlandırırlar. Amma gözümüzün qabağında olanları görmürük ki, bu cırtdan artıq böyüyüb bığıburma bir igid olub, onun kimi digər cırtdan komandalar da. Ümumiyyətlə, hamı böyüyüb. Lakin görünür, futbolda hələ də illətdir bir böyüməyən qalıbsa, o da elə biz özümüzük.
Yoxsa niyə o “cırtdan” dediyimiz Malta gəlib Azərbaycan millisini udsun? Yaxud niyə biz başqa bir “cırtdan” - FİFA-nın reytinqinin lap dibində - sonunda (206-cı yer) olan San-Marinonu bir zülümlə məğlub edək?
“İllər əvvəl uşaq futbol akademiyaları yaradın, yoxsa gələcəyimiz daha betər olacaq” deyəndə məhz bugünləri nəzərdə tuturduq. O zamankılar bizi “futbolumuzu istəməyən adamlar” adlandırırdılar.

Amma həqiqət odur ki, futbolda böyük kadr böhranımız davam edir. Baş məşqçi Ayxan Abbasovla Avstriyada, millinin qaldığı oteldə söhbətimizdə o özü də bunu etiraf etdi. Həmin söhbətin ertəsi Malta ilə oyunda isə artıq bunlara şahid də olduq.
Düzdür, hücum qururuq, həmlələr edirik, beş dəfə, on dəfə, lap olsun on beş dəfə… Amma qol ki vura bilmirik. Elə isə hanı bu komandanın hücumçuları? Hanı Mahir, Renat, Nəriman? Malta ikinci hissədə birdən-birə 3-4 əvəzetmə ilə bizim komandanı div kimi uddu. Biz də deyirik, cırtdandırlar. Hardasa oyunumuz vardı, üstünlüyümüz çox idi, bunu qeyd etməsək, Ayxan Abbasova haqsızlıq etmiş olaram. Amma axı, futbolun bəzəyi oyun yox, qoldur.
Malta 3 dəfə hücum etdi, 2-si qol oldu…
Cəm 3 hücumdan 2-si…
Elə mövqelər yox idi ki, orda səhvlər buraxmayaq. Hücumçuların qol vura bilməməsi bir dərd, yarımmüdafiə və müdafiəçilərin acizliyi başqa dərd, Xaybullayevlə Krivotsyukun meydanın düz ortasında əlbəyaxa davaya çıxması isə… Ona da siz ad qoyun!
Bəli, komandamızda düzələsi çox şey var. Həm də nizam-intizamla bağlı. Yaxşı ki, hələ bu nöqsanlar yoxlama oyunlarında üzə çıxdı. Deməli, Ayxan Abbasovun Millətlər Liqası başlayana kimi 3 ay vaxtı var ki, problemləri aradan qaldırsın. Yoxsa Litva və Lixtenşteyni üstələyib D liqasında qrup qalibi olacağımıza kimsə təminat verə bilməz. Eyni zamanda illərdir yerli məşqçilərimizə olan inamımız da zədələnər.

Bu komandanın şərait baxımından hər şeyi var. Uduzduğumuz həmin Malta, zülümlə udduğumuz həmin San-Marino bu baxımdan Azərbaycan millisinə, buradakı peşəkar təşkilatçılığa qibtə edə bilər. Milli üçün Avstriyanın ən gözəl bölgələrindən olan Ştiriyada (növbəti dəfə Formula-1-ə ev sahibliyi etməyə hazırlaşır) məşq üçün ideal bir şərait yaradılmışdı. Üstəgəl çarter reysi ilə yorucu olmayan gediş-gəliş. Güman ki, yaxşı pul mükafatı da ayrılmışdı. Amma yenə bu boyda həngamədən sonra sən gəl, Maltaya bir qol belə vura bilmə…
İndi günahkar axtarmağa başlasaq, gərək illərdir deyib-yazdıqlarımızı bir-bir təkrarlayaq, AFFA-nı, klubları, futbolçuları təzədən nişan alaq. Problem göstərilir, amma həll olunmur. Kimisi cəhd edir, kimisi etmək istəmir, kimisinin də gücü çatmır.
Ona görə Maltanı uda bilmirik. Ona görə San Marinonu zülümlə uduruq.
Ona görə hücumçularımız oynadığı xarici klublarda ehtiyatda qalır.
Ona görə Premyer Liqada bir hücumçumuz belə ən yaxşı bombardirlər siyahısına düşə bilmir.
Xviça Kvaratsxeliya isə UEFA-nın Çempionlar Liqasını qazanır.
Özbəkistan mundialda oyuna çıxmağa hazırlaşır.
Avstriyada, Macarıstanın balaca kəndlərində belə təbii otlu gözəl meydançalar var…
… Səfər qeydlərim bəlkə yenə oldu.
Aydın Bağırov,
Avstriya-Macarıstan
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu
Kapitan "Liverpul"u tərk edə bilər
Bölgə təmsilçisi qapıçısı ilə anlaşdı
İspaniya klubu yeni baş məşqçisini açıqladı
İki futbolçu millinin heyətindən çıxarıldı - DÇ-2026
Qurban Qurbanov onun arzusunu həyata keçirdi - Şəkillər
"Sabah" Fransa klubundan futbolçu transfer etdi
Amin Seydiyevin yeni klubu
Premyer Liqada mövsümün ən yaxşı oyunu seçildi
DÇ-2026-da həm tarixə düşəcək, həm karyerasını bitirəcək
Millinin rəqibləri bilindi
ABŞ-a buraxılmayan hakimə - UEFA-dan böyük etimad
"Qarabağ" rəhbərliyi Qurban Qurbanovla nəyi müzakirə edib?
"Sumqayıt"dan "Şamaxı"ya - Rəsmi
"Seltik" 74 yaşlı baş məşqçisi ilə müqaviləni uzatdı
"Şəfa" yeni loqosunu təqdim etdi - Şəkil
Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı