Peşəkar Futbol Liqasının rəsmi açıqlamasına görə, 2019/20 mövsümü Azərbaycan kubokunda cəmi 12 komanda yarışacaq. Bu, Avropa futbol qurumu UEFA-nın üzvü olan 55 ölkə arasında ən pis 2 göstəricidən sayılır. Yəni 53 federasiya iştirakçı komanda sayına görə bizdən öndədir. Yalnız cəmi 80 minədək əhalisi olan cırtdan dövlət Andorranın kubokunda ötən mövsüm bizdəkitək 12 komanda oynayıb.
PFL-in prezidenti Ramin Musayev isə görünür, təskinlik görüntüsü yaratmaq naminə elə beləcə də deyir ki, “vallah, klub sayı az olsun, amma yarış keyfiyyətli olsun”. Əlbəttə, 12 komandayla kubokun keyfiyyətli keçəcəyi haqda uydurduğu bu nağıla heç Ramin Musayev özü də inanmır. Söhbət bunda deyil.
Gələk əsas məsələyə.
Kubok yarışı nə deməkdir? Əvvəla qətiyyən elə anlaşılmasın ki, iştirakçıların hamısının məqsədi turnirdə çempion olub avrokuboklara vəsiqə qazanmaq, bununla da maliyyə gəliri əldə etməkdir.
Məsələn, Türkiyə kubokunda mübarizəyə 1/256 final mərhələsindən (bəli, yanlış oxumadınız, 1/256 final mərhələsi!) başlayan “Sultanbəyli” kənd komandasının finala kimi gəlib “Qalatasaray”ı udacağını düşünmək üçün psixi problemin olmalıdır. Rusiyanın özündə də kubok yarışı 1/256 finaldan start götürür və orada da əsasən Markovka kəndinin gənc traktorçularından təşkil olunan “Pskov-747” tipli komandalar oynayır. Hələ İngiltərə, Almaniya barədə danışmıram. Bu qədər kollektiv yarışa ona görə buraxılmır ki, süni çoxluq görüntüsü yaradılsın. Ona görə buraxılır ki, futbolda bütün ölkə, hətta qəsəbə, kəndlər səviyyəsində kütləvilik olsun. Futbola maraq, onun inkişafı ən azı sabit qalsın, yeni istedadlar üzə çıxsın. Bu sadə yanaşmanın nəticəsidir ki, elə adları çəkilən ölkələrin aşağı liqalarında belə tribunalar bir çox halda dolu olur.
Rusiya, Türkiyə əhalisinə görə də böyük ölkələrdir. Ona görə də bir-iki cümləylə olsa belə, əhalisinə və iqtisadi gücünə görə Azərbaycandan xeyli geridə olan ən yaxın ətrafımızdakı ölkələrin nümunəsinə də nəzər salaq. “Acından ölən” Gürcüstanın kubokunda 32, Ermənistanın kubokunda isə 16 komanda oynayır. Uzağa gedib 600 minlik Lüksemburqa baxanda isə görürük ki, kubokda 64 komanda yarışır. Yəni pulları bizdən on dəfə az, komanda sayı isə çox. Amma onların Ramin Musayevi heç vaxt deməyib ki, “vallah, klub sayı az olsun, amma yarış keyfiyyətli olsun”.
PFL-in prezidentinin adını ona görə təkrar-təkrar çəkirəm ki, yarışları keçirən qurumun rəhbəridir. Qəbul edək ki, mövqeləri xeyli zəifləyib. Amma az da olsa təsir imkanı da qalır. Hərçənd ölkədə futbola cavabdeh olan tək adam Ramin Musayev də deyil. AFFA da sadəcə xırda dəstək və kiçik bir iradə göstərsə, kubokda iştirakçı komandaların sayını 12 yox, 32 etmək olardı. Məsələn, federasiyanın təşkilatçılığı ilə bir neçə ildir Regionlar Liqası adlı yarış keçirilir. Paytaxt, bölgələr və Naxçıvan da daxil olmaqla liqada 33 komanda çıxış edir. Düzdür, hamısı həvəskar statusundadır. Amma Türkiyənin “Sultanbəyli” komandasından zəif ola bilməzlər. O 33 komandadan hamısı olmasa belə, 20-ni Azərbaycan kubokuna cəlb etmək çətin deyildi. Bir də kubok yarışı Premyer Liqa deyil ki, orada oynamağa can atan klubların qarşısında bəzən əsaslı, bəzən də əsassız tələblər irəli sürüsən. Regionlar Liqası klublarından bəziləri mərhələ adladıqca “Qarabağ”, “Neftçi” kimi komandalara rəqib olacaqdı. Təkcə Azərbaycan futbolunun bu iki liderini yenidən Masallı, Mingəçevir, Qazax, Quba və Qusar, Ağsuda nə qədər insan görmək istəyirdi. Bir günlük də olsa həqiqi futbol bayramı yaşanar, bununla da yerli insanlarda bu idman növünə ölmüş marağın yenidən oyanması üçün vacib addım atılmış olardı. Daha da önəmlisi kubokda ən azı bir mərhələ keçmək belə həmin həvəskar komanda üçün nə qədər stimul olar, daha da güclənmək həvəsi yaranardı.
Amma olmadı.
Ona görə olmadı ki, bizimkilərin futbol beyni xarab saat kimi həmişə geri qalır və heç vaxt da irəli getmir. Deməli, bu futbol beyni ilə biz daim elə Andorranın yanında olmalıyıq.
Aydın BAĞIROV
[email protected]
"Bayer"də ciddi itki
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri açıqlandı
"Azərbaycanda oynayıramsa, "Qarabağ"ın uğuruna sevinməliyəm" - Portuqaliyalı legioner
"Qəbələ"nin 200-cü məğlubiyyəti
"Kəpəz"in uğursuzluq yubileyi
Andrade üçün əlamətdar oyun
“Bavariya”nın futbolçusu İngiltərə yolunda
Neymarın yeni ünvanı İtaliya ola bilər
"El-Klasiko"da vurulan qollar - Video