Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"

Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2026 / 09:54 399
-  A +

“Əsas odur ki, qalib gəldik. Bu matçda qələbə bizim üçün çox vacib idi”.

QOL.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Musa Qurbanlı Tacikistana qarşı keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. 

O, 1:0 hesablı qələbəni belə şərh edib: “Asan olmadı, ağır oyun keçdi. Əslində görüşün çətin olacağını gözləyirdik. İstərdik daha yaxşı performans göstərək, daha çox epizod yaradaq, daha çox qol vuraq. Lakin belə alındı. Təbii ki, öz üzərimizdə işləməliyik. Fiziki cəhətdən daha da artırmalıyıq. Ümid edirəm ki, rəsmi matçlarda yaxşı nəticə göstərəcəyik”. 

O, millinin düşərgəsində atmosferin yaxşı olduğunu bildirib: “Oyunlarımız olmadığı üçün uzun müddətdir bir araya gəlmirdik. Bugünkü qələbə ab-havanın daha da yaxşı olması üçün vacib idi. Bu qələbə rəsmi oyunlar öncəsi motivasiyamıza da müsbət təsir göstərəcək. Dediyim kimi, istərdik ki, Tacikistana qarşı daha yaxşı performans göstərək, daha çox qol vuraq. Ümumilikdə bu matçdan dərs çıxarmalıyıq”. 

“İlk dəqiqələrdən basqımız var idi, hesabı daha tez açmaq üçün nə çatmırdı?” sualını 24 yaşlı forvard belə cavablandırıb: “Oyun bir qədər ağır alındı. Qol epizodlarını dəyərləndirə bilmiriksə, hardasa bu, ustalıqla bağlı ola bilər. Digər tərəfdən isə düşünürəm ki, ustalığımız olmasaydı, bu epizodları heç yarada bilməzdik. İşləmək lazımdır, özümüzə daha çox inanmalıyıq. Fikrimcə, yaxşı nəticələr qazandıqca özünə güvən də artacaq”.

M.Qurbanlı millinin qarşıdakı 3 matçından da söz açıb: “Məqsədimiz bu matçlarda maksimum nəticə göstərməkdir. Daha çox işləməliyik, döyüşməliyik. Təbii ki, asan olmayacaq. İnanıram ki, komanda şəklində çətinliklərin öhdəsindən gələ biləcəyik”.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner