Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”

Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
XƏBƏR 24 Sentyabr 2026 / 16:45 379
-  A +

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Tacikistan üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

QOL.az xəbər verir ki, futbolçu əvvəlcə qarşılaşmanın çətin keçdiyini və qələbənin Millətlər Liqası öncəsi vacib olduğunu bildirib:

“Biz gec toplandıq. Elə oyunçu var ki, 19-u, eləsi var 20-si, 21-i gəldi. Komanda olaraq gec yığışdıq. Düzdür, bu bəhanələrin arxasına sığınmırıq, amma qələbə qazandıq. Bu da önəmli idi. İndi Millətlər Liqası başlayır. Millətlər Liqasından əvvəl yoldaşlıq oyununda qələbə qazanmaq vacib idi. İnşallah, bunun davamını gətirmək istəyirik”.

O, “Malişeva”da və daha əvvəl “Partizani”dəki çıxışı barədə fikirlərini bölüşüb: “Partizani"də 38 oyunun 38-də də ilk start heyətdə meydana çıxmışdım. Heç bir oyunda əvəzetmədən meydana daxil olmamışdım. “Malişeva”da da getdiyim gündən bir təlim-məşq toplanışına belə gec qoşulmuşam. İlk oyunda əvəzetmədən meydana çıxdım, qalan oyunlarda isə yenə ilk “11-lik”də olmuşam. Orada da ən çox qol vuran mən idim. Mövsüm bitəndə komandanın bombardiri mən olmuşdum. İndi də ən çox qol vuran mənəm”.

O, Albaniya və Kosovo futbolunu da müqayisə edib: “Bəlkə, deyirlər ki, Kosovo, Albaniya yaxındır, Balkan ölkələridir. Amma məncə, futbolları tam fərqlidir. “Egnatia” ilə də çempion olmuşdum. Əlimdən gələni edib, Albaniyada uğurlu olduğum kimi burada da həm şəxsi, həm də klub olaraq nailiyyətlər əldə etmək istəyirəm".

Millətlər Liqasından gözləntilərindən danışan İsgəndərli komandanın qarşıdakı oyunlara inamla hazırlaşdığını deyib: “İstər futbolçular, istər rəhbərlik, istərsə də məşqçi heyəti olaraq inanırıq. Biz də əlimizdən gələni edəcəyik. İndi həqiqətən çətin səfərə gedirik. Oradan ən az 1 xalla qayıtmaq istəyirik. Bütün azarkeşlərimizə də səslənirəm: gəlsinlər, dəstək olsunlar. Onların dəstəyi bizim üçün çox vacibdir”.

Futbolçu Millətlər Liqasının ilk oyunu öncəsi üç günlük müddətin hazırlıq üçün kifayət edib-etməyəcəyinə də münasibət bildirib: “Geniş heyətimiz var. Amma belə bəhanələrin arxasına sığınmaq düzgün deyil. Biz üç gündən bir oynadığımız kimi, rəqiblər də oynayır. Baş məşqçimiz hamıya güvənir. Bu gün gördünüz, cavanlara da şans verildi, onlar da qələbə qazanmağa çalışırlar. Bizim də əlimizdən gələn öz oyunçularımıza, baş məşqçimizə və cavanlara dəstək olmaqdır. Milli olaraq, futbolçular olaraq bu yükün altından çıxmalıyıq. Ölkəmizi sevindirməliyik”.

Vüsal İsgəndərli Tacikistanla oyunda yaradılan qol epizodlarının dəyərləndirilməməsindən də danışıb: “Təkcə bu oyun yox, Malta ilə oyunda da çox epizodlarımız var idi. Mənim də bir-iki epizodum olmuşdu. San-Marino ilə oyunda da eyni vəziyyət idi. Dəyərləndirməli olan biz futbolçularıq. Bunun üçün ən çox çalışan da bizik. Amma bəzən olmayanda olmur. Bunun üzərində dayanmaq olmaz. Əsas odur ki, bu epizodlara giririk. Bu da inamı artırır. Qələbə qazananda həmin epizodlar yada düşmür, çünki qalib gəlmisən. Məğlub olanda isə insanı bir qədər incidir. Amma inanıram ki, gələcəkdə bu epizodlar qolla nəticələnəcək”.

Klub və milli komandadakı oyun sistemi arasındakı fərqə toxunan İsgəndərli deyib: “Klubla milli arasında çox fərq var. Klubda demək olar ki, həftələrlə məşq edirik, oyuna çıxırıq. Amma burada o müddət yoxdur. İki-üç gündən bir oyunlar olur. Fərqi var, amma eyni futbolçusan. Klubda qollar vurursansa, gəlib milli komandada da maksimumunu etməlisən. Klubda oynadığının iki qatını etməlisən. Çünki buna görə milli komandaya dəvət alırsan”.

Sonda futbolçu Tacikistan üzərində qazanılan qələbənin Millətlər Liqasına psixoloji baxımdan müsbət təsir göstərəcəyini bildirib: “Bu qələbə bizə lazım idi. Bəlkə də yoldaşlıq oyunu olduğu düşünülür, amma milli formanı geyinirsənsə, Azərbaycanı təmsil edirsənsə, fərqi yoxdur. İstər yoldaşlıq oyunu olsun, istər rəsmi oyun, fərq etmir. Biz bu formanın qədrini bilməliyik. Bizi burada azarkeşlər gəlib izləyirsə, televiziya qarşısında da izləyirlər. Ona görə də əlimizdən gələni edib milli olaraq qələbə qazanmalıyıq”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner