İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…

İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
YAZARLAR 28 İyun 2016 / 12:34 20334
-  A +

“Avro-2016”nın 1/8 final mərhələsinin İslandiya – İngiltərə oyununda stadionun tribunasında 27 minədək island azarkeş vardı. Bu, İslandiya əhalisinin 10 faizə yaxını deməkdir. Təsəvvür edə bilərsiniz, Azərbaycan millisi hardasa oyun keçirir və bizim əhalinin 10 faizi ora toplaşıb… 950 min insan edir e!

Əlbəttə, bu, bir nağıl olardı. Amma həyatda adama nağıl kimi görsənən gerçəkliklər də var. Ya da nə bilim, bəlkə də biz İslandiyanın - cəmi 320 min əhalisi olan (bizim Sumqayıtın əhalisi qədər!) bir ölkənin millisinin timsalında gerçək möcüzəyə şahid oluruq?!

Avropanın 8 ən güclü komandası sırasındadılar: Ronaldonun Portuqaliyasından xal aldılar, Runinin İngiltərəsini də vətənlərinə göndərdilər.

Özü də kimlər! Bəziləri hələ də yarıpeşəkar futbolçular sayılır. Biri diş həkimidi, biri restoran işlədir, biri “Eurovision-2012”də Bakıda müğənni kimi çıxış edib.

Hamı sual edir, bir ölkə bu qədər inkişafa necə nail oldu? Bir azdan buna toxunacağam. Hələliksə bizim futbolçulara, futbol çinovniklərinə, klub idarəçilərinə (əksəriyyətinə!) ürəkdən “ayıb olsun!” deyək. Gözünüzü açın, İslandiyaya baxın..

Bizdə 2005-ci ildə futbola dair 10 illik Dövlət Proqramı qəbul edildi. Bu 10 ildə sponsorlar millimizə, klublarımıza üst-üstə ən azı 1 milyarda qədər pul xərclədilər. Amma nəyə nail olduq? Futbolu, futbolçunu inkişaf etdirmək qaldı kənarda, başladılar bir-birinə pul atmağa: klubun meneceri vitse-prezidentə, vitse-prezident prezidentə, qardaş qardaşa… Sonra da klublar bir-bir dağılıb getdilər. 8 komanda güclə tapıblar milli çempionatda oynatmağa…

Sizin futbolunuza, futbol idarəçiliyinizə üç nöqtə qoyub xəyali də olsa, gedək 1990-cı illərin İslandiyasına…

Bugünkü futbol möcüzəsinin təməlinin qoyulduğu illərə.

***

Yon Siqfusson. Nə futbolçudu, nə də məşqçi... Paytaxt Reykyavik şəhərində institutlardan birinin rəhbəridi. Futbola peşəkar bağlılığı yoxdu. Hər gün gördüyü mənzərə onu dəhşətə gətirir: əhali, xüsusilə gənclərin spirtli içkiyə, narkotikaya və siqaretə meyliliyi günbəgün artır. Ölkədə gənclər arasında ölüm halları çoxalmağa doğru gedir. 1998-ci ildi. Siqfussonun institutu 15-16 yaşlı yeniyetmələr arasında gizli sorğu keçirir. Nəticə ölkənin demoqrafik fəlakətə gedə biləcəyini göstərir. Bu yaşda uşaqların 42 faizi ayda bir neçə dəfə spirtli içki, 17 faizi narkotika qəbul edir, 23 faizi isə hər gün siqaret çəkir.



Siqfusson dövlət qarşısında məsələ qaldırır ki, futbol orta məktəblərdə ayrıca bir fənn kimi tədris edilməlidi. İstəyinə çatır. Amma bu da yetərli olmur. Cırtdan ölkədə içində futbol meydançasının da olduğu 8 idman kompleksi tikdirə bilir. Kasıb olan dövlətin büdcəsindən bir xeyli pul gedir buna görə. 1990-cı illərin sonlarından Siqfussonun layihəsi işə düşür və aybaay, ilbəil uğurlu nəticələr verir.  Ölkədə futbola maraq sürətlə artır. Gənclər və yeniyetmələr zərərli vərdişlərdən əl çəkir. 2012-ci ildə Siqfussonun institutu növbəti sorğunu aparır. Nəticələr yaxşı mənada heyrət doğurur: 15-16 yaşlı yeniyetmələr arasında spirtli içki qəbul edənlərin faiz  göstəricisi 42-dən 5-ə, siqaret çəkənlərin faiz göstəricisi 23-dən 3-ə, narkotikadan istifadə edənlərin faiz göstəricisi 17-dən 3-ə enir! Dövlətin səhiyyə xərcləri üç dəfə azalır. Çünki… insanlar zərərli vərdişlərdən əl çəkib futbolla maraqlandıqdan sonra, sadəcə olaraq, daha xəstələnmirlər!

Gənclər arasında ölüm halları sürətlə azalır.

Dövlət Siqfussonun layihəsinin uğurlu olması ilə barışır. Səhiyyə xərclərinin azalması səbəbindən dövlət büdcəsində xərclənməyən pul uşaq futbolunun inkişafına yönəldilir. Son 10 ildə İslandiyada uşaq futbolunun inkişafı üçün 150-dən çox meydança tikilib. Neçə-neçə gənc məşqçi təcrübə toplamaları məqsədilə aparıcı futbol ölkələrinə - Almaniya, İngiltərə, Hollandiyaya… göndərilib. Uşaq futbolunun inkişafına ciddi nəzarət olunur. Təsəvvür edin, UEFA-dan B dərəcəsi almayan məşqçinin İslandiyada hətta 7 yaşlı uşaqlarla işləməsinə icazə verilmir (bizdə isə onlarla tanınan məşqçi var ki, imtahanlardan kəsilir, amma bəziləri adı Premyer Liqa, özü məsxərə mövzusu olan çempionatımızda baş məşqçilik edir)…

Bugünkü İslandiya millisinin bir çox üzvü məhz uşaq futbolu ilə bağlı zamanında verilən doğru qərarın və bu gün də davam etdirilən uğurlu siyasətin nəticəsində ortaya çıxıb.

Uğurun təməli uşaq futbolunun doğru idarə edilməsində, yaxşı uşaq futbolçunun yetişdirilməsindədi. Yaxşı futbolçunu isə pulu cox xərcləməklə yox, düz xərcləməklə yetişdirirlər.

İslandiya bizə yaxşı bir nümunə və dərs olsun!

Özü də tək bizə yox.

“Biz bitdi demədin, bitməz!” deyən qardaşlarımız üçün də…

Aydın BAĞIROV

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.10.24
28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19

Son xəbərlər