4 böyük liqadan FİFA-ya islahat çağırışı

4 böyük liqadan FİFA-ya islahat çağırışı
DÜNYA FUTBOLU 25 Sentyabr 2026 / 15:24 314
-  A +

İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, İspaniya La Liqası və İtaliya A Seriyası FİFA-da idarəetmə islahatlarının aparılmasını tələb edən birgə bəyanat yayıb. 

QOL.az xəbər verir ki, 4 liqa son illərdə dünya futbolunun idarə olunması ilə bağlı ciddi narahatlıqların yarandığını bildirib. Bəyanatda FİFA prezidenti Canni İnfantinonun fəaliyyəti də tənqid olunub.

“Son illərdə futbolun formalaşmış əsasları idarəetmə sistemindəki fundamental problem səbəbindən təhlükə altına düşüb. FİFA prezidenti idmanı belə hallardan qorumaq əvəzinə, istismara əsaslanan ideyaları fəal şəkildə təşviq edib”, – deyə bəyanatda bildirilir. 

Liqa rəhbərləri FİFA-nın Dünya çempionatı da daxil olmaqla kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara verilməsini nəzərdə tutan “FIFA Forward Enterprise” (FFE) layihəsindən imtina etməsini kifayət hesab etmirlər. FİFA iyulun sonunda ciddi etirazlardan sonra layihənin davam etdirilməyəcəyini rəsmən açıqlamışdı. 

Bəyanatda FİFA-da sadəcə prosedur dəyişikliklərinin kifayət etmədiyi, fundamental idarəetmə islahatlarına ehtiyac olduğu vurğulanıb. Liqalar daha güclü nəzarət mexanizmləri, FİFA-nın tənzimləyici və kommersiya funksiyalarının daha aydın ayrılması, həmçinin klublar, liqalar və futbolçuların mühüm qərarların qəbulunda daha geniş iştirakını istəyirlər. 

Qeyd edək ki, FİFA prezidentinin növbəti seçkisi 2027-ci ilin martında keçiriləcək. Hazırda quruma Canni İnfantino rəhbərlik edir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner