“Xəzər Lənkəran”la “Neftçi” arasındakı növbəti oyuna yenə qalmaqal və futbolçuların ədəbsizliyi daha çox damğa vurdu. Təfərrüata varmıram, onsuz da hər şeydən xəbərimiz var. Maraqlı olan budur ki, görəsən, “Neftçi” klubu ənənəvi olaraq, hər xal itkisində hakimləri ittiham etdiyi, avtobusunun cəmi bir şüşəsinin sındırıldığını fövqəladə bir hadisəyə çevirdiyi, “biz “böyük oyun”a çıxmırıq, Bakıya qayıdırıq” kimi yersiz hay-küy qaldırdığı kimi, zəhmət çəkib, az qala hər matçda azarkeşə barmaq göstərən Mahir Şükürova nə vaxtsa normal davranış qaydaları öyrətməyin qeydinə qalacaq?
Belə görünür ki, yox və heç bunda maraqlı da deyil. Belə olan halda, çempionatın təşkilatçısı PFL-in AFFA İntizam Komitəsi qarşısında məsələ qaldırıb azarkeşi təhqir etdiyi üçün bu futbolçunu cəzalandırmasının vaxtı deyilmi? Gərək ki, İntizam Komitəsinin buna tam səlahiyyəti çatır. İstəsələr cəzalandıra bilərlər. İstəsələr...
Hələliksə “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov mətbuata deyir ki, bizim futbolçumuz “Xəzər Lənkəran” azarkeşini təhqir etməyib. Adamı dəli gülmək tutur misalı burda lap yerinə düşür. Baxın da, mediada, sosial şəbəkələrdə yayılan və artıq kifayət qədər məşhurlaşmış şəkilə. Bəs o barmaq azarkeşə deyilsə, kimə göstərilib: xalqa, millətə, klub rəhbərlərinə, kimə?
Təəssüf ki, bu oyunu canlı olaraq stadiona toplaşan insanlardan başqa, televiziya ilə kimsə izləyə bilməyib. Amma Lənkərana gedən və hadisələrin şahidi olan media nümayəndələrinin mütləq əksəriyyəti qeyd edir ki, oyundan sonra hətta teleoperatora hücum edən futbolçu da “Neftçi”nin oyunçusu olub. Başa düşdük, 2:0 hesabı ilə irəlidə olublar, sonra qələbəni əldən verdikləri üçün əsəbləri tarıma çəkilib. Amma çəkiliş aparıb öz vəzifəsini icra edənin günahı nədir? “Neftçi”nin qapısına qolu o kasıb operator vurub?
Çəkilişdən söhbət düşmüşkən. Ötən həftənin əvvəlindən başlayaraq, “Xəzər Lənkəran” tərəfi bəyan etdi ki, oyunun yayım hüququna görə “İdman Azərbaycan” kanalı onlara pul ödəməlidir. Əslində isə “Xəzər Lənkəran”a (ümumiyyətlə, hazırkı mövsümdə bu tələbdə buluna biləcək bütün klublara) bir qəpik belə pul verilməməlidir. Çünki AFFA İcraiyyə Komitəsi hələ ötən il yayım hüququnu klublardan alaraq PFL-ə, PFL isə bu işi Premyer Liqanın sponsoru olan “Topaz”a verib. Yəni hansı oyunu göstərmək, hansını göstərməməyi “Topaz”la PFL müəyyənləşdirir. Çempionatın mövcud əsasnaməsi elə həmin AFFA İcraiyyə Komitəsindən tələb edir ki, qaydaları kobudcasına pozduğu üçün “Xəzər Lənkəran” klubuna ən sərt cəzanı tətbiq etsin. İstəsələr, bunu da edə bilərlər. İstəsələr...
Yazının əvvəlində qeyd etmişdim ki, “Neftçi”nin avtobusunun şüşəsi sındırılıb. Oyun günü səhər olmuş bu hadisəyə görə “Neftçi” rəsmiləri əvvəlcə Bakıya qayıdacaqlarını açıqladılar. Yeri gəlmişkən şüşəsi sındırılan təkcə “Neftçi” olmayıb. Nə vaxtsa Bakıda da “Xəzər Lənkəran”ın avtobusu daş-qalaq edilib. Özü də avtobusunun bir yox, bir neçəsi şüşəsi sındırılıb. Lakin insafən deyək ki, Neftçi”dən fərqli olaraq, “Xəzər Lənkəran” “biz oyuna çıxmayıb, geri qayıtmaq haqda fikirləşirik” kimi ultimatum verməyib. Bu arada “Neftçi” rəsmiləri əsəblərinə bir az hakim olmalıdır. Məsələn, klubun prezidenti Sadıq Sadıqov Tahir Süleymanov kimi demədi ki, biz oyuna çıxmırıq. “Olan şeydi, oyuna çıxacağıq” – söyləyib gərginliyi azaltdı.
Amma daha orasını bilmirəm, T.Süleymanovun hələ dünən səhər verdiyi açıqlama S.Sadıqovla razılaşdırılmışdı, ya yox.
Bəli, təəssüf ki, yayım məsələsindəki problemlər səbəbindən matçın özü haqda fikir söyləmək çətindir. Amma Mustafa Dənizlinin gəlişindən sonra “Xəzər Lənkəran”ın oyununda müsbət nəticə ortadadır. Ən azı Dənizlinin rəhbərliyi ilə “XL” Premyer Liqamızda beş oyunun heç birində uduzmayıb: üç qələbə, iki heç-heçə. Kubokdakı bir qələbəni də bura əlavə etsək, Cənub təmsilçisi altı oyundur məğlubiyyətdən qaça bilir. İşin maraqlı bir tərəfi də var: səhv etmirəmsə, M.Dənizli xal itirdiyi oyunlarda hakimləri günahlandırmayıb.
M.Dənizlidən fərqli olaraq isə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Lənkərandakı heç-heçəyə görə FİFA referisi Rəhim Həsənovu ittiham etdi.
“Onu Allaha tapşırıram”. Böyükağa Hacıyevin sözləridi bu. R.Həsənov haqda deyib. Bir halda ki, söhbət Allahdan, haqdan düşüb, Böyükağa Hacıyev cavab versin görək, niyə “Xəzər Lənkəran”lı Ağabala Ramazanov qeyri-etik jestə görə qırmızı vərəqə almalıdır, amma “Neftçi”nin futbolçu-karateçiləri Kordoso ilə Bertuççi rəqibini təpiklədiyinə görə bağışlanmalıdır? Cənab Hacıyev, sizin məntiqinizlə “Neftçi”nin futbolçularına hər şey olar: azarkeşi söymək, rəqibi döymək?..
Çox gülməli vəziyət yaranıb: hamı “Neftçi”dən narazıdır, “Neftçi” də hamıdan. Əsasən də FİFA referisi Əliyar Ağayev və “Qarabağ”dan. Tahir Süleymanov iki gündən bir deyir ki, ay haray, qoymayın, “Qarabağ”ı çempion edirlər. Çünki Əliyar “Qarabağ”ın oyunlarına ən çox təyinat alan hakimdir. PFL-in saytında çempionatın protokollarına baxdım. T.Süleymanov haqlıdır: Əliyar bu mövsüm altı dəfə “Qarabağ”ın oyununu idarə edib, yeddi dəfə isə “Qəbələ”nin.
Yeri gəlmişkən, “Neftçi”nin də bu mövsüm oyunlarına ən çox təyinat alan (5 oyun) hakimi müəyyənləşdirdik. Maraqlıdır, ad yenə bizə tanışdır: həmin Əliyar Ağayev. Və... “Neftçi” bu oyunlardan heç birində uduzmayıb – 3 qələbə, 2 heç-heçə.
Bəs, bu “təxribat”ı kimin ayağına yazaq, Tahir Süleymanov?
Aydın BAĞIROV
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı