Allah şəfa versin!

Allah şəfa versin!
XƏBƏR 6 Oktyabr 2011 / 16:58 7470
-  A +

Öncə mövzuya keçmədən idman jurnalistlərimizə müjdə vermək istəyirəm. «Dalğa Arena»da axır ki, media nümayəndələri üçün xüsusi yer düzəldilib və bu, son üç-dörd gün ərzində baş verib.

Düzü, nəyə görəsə AFFA-nın bu təşəbbüsü Azərbaycanın məşhur kəndlərindən birində baş vermiş məzəli bir hadisəni xatırlatdı. Deməli, kənddə stadion tikilir, hər yer hasarlanır, darvaza da qoyulur. Amma stadionu elə plansız tikirlər ki, qazıntı işi aparan traktor oradan çıxa bilmir. Nəticədə bir neçə gün sonra darvazanı sökməli olurlar.

Həmin o kənddəki stadiondan daha gözəlini və müasirini AFFA Bakıda, Mərdəkan qəsəbəsində tikib. «Dalğa Arena»ya gerçəkdən söz ola bilməz. AFFA-ya bu uğurlu proyektə görə həqiqətən də təbrik düşür. Amma mən başa düşə bilmirəm, bu stadionunun layihəsini hazırlayanlar hansı ağılla orada jurnalistlər üçün ayrıca yer düzəltməyiblər. Bu adamlar doğrudan anlamırlar ki, müasir dövrdəki bütün stadionlarda, xüsusilə beynəlxalq oyunları qəbul edən arenalarda jurnalistlər üçün ayrıca loja olmalıdır? Yoxsa, AFFA öz stadionlarında lojaları ancaq tuz adamlar üçün tikir?

O kənddə stadionu tikənləri başa düşdük, naşı ola, hətta traktoru da unuda bilərlər. Bəs, paytaxt Bakının ən gözəl yerlərindən birində stadion tikənlər niyə yalnız medianın xatırlatmasından sonra ayılırlar ki, demə, işini axıra qədər görməyib və jurnalistlər üçün də yer düzəltmək lazımdır? Yoxsa «Dalğa-Arena»ya Avstriyadan, Avropadan da jurnalistin gələcəyindən indi duyuq düşüblər?

Nə isə, mövzumuz bu deyil.

Gələk mətləbin üzərinə.

Deməli, bu gün Berti Foqts uzun fasilədən sonra Azərbaycan jurnalistlərinin hüzuruna çıxıb və onlara deyib ki, bəs, arada naxoşlayıbmış, ona görə mətbuat konfranslarına gələ bilməyib. Daha yeri deyil imiş, yoxsa, həmkarlarımız soruşmaq istəyib ki, bəs, necə olur, açıq havada 2 saat məşq keçirsən, 90 dəqiqə meydanda olursan, futbolçuların üstünə qışqırırsan, arada hətta fit də çalırsan, amma mətbuat konfransına gəlib sakitcə danışa bilmirsən. Hərçənd, sonradan fikirlərini dəyişiblər. Başa düşüblər ki, yox, Foqts doğrudan xəstədir, qripə yoluxub və AFFA da jurnalistlərə bu virusun keçməməsi üçün onları Foqtsla daha yaxın təmasda olmağa imkan verməyib. Görünür, AFFA jurnalistləri artıq çox istəməyə, onların qayğısını çəkməyə başlayıb.

Yoxsa, ağlı başında olan adam milli komandanın baş məşqçisinə mətbuat konfransında, yəni jurnalistlərlə görüşdə mühafizəçi ayırar? Ağıllı adam çörəyi qələmdən çıxan jurnalisti potensial cinayətkar kimi görər?

Əlbəttə, ağıllı adam bunu görməz!

Ona görə də, şübhəniz olmasın, Foqts həqiqətən, qripə yoluxub və AFFA bu virusun jurnalistlərə keçməsini istəməyib.

Xəstəlik dedim, yadıma Foqtsun başqa bir özəlliyi düşdü. Bu adam elə bil Peşəkar Futbol Liqasına sataşmağın, onun rəhbəri Ramin Musayevlə yerli-yersiz mübahisəyə girişməyin xəstəsidir. Foqts ənənəsini bu gün də pozmayıb və deyib ki, milli daha çox məşq etmək istəyib, PFL isə hazırlığın tez başlamasına imkan verməyib.

Bilmirəm, Foqtsun xəstəliyi onun yaddaş problemi ilə bağlıdır, ya yox, amma gərək ki, PFL alman məşqçinin yerli-yersiz təlim-məşq toplanışlarına görə çempionatın təqvimində bir neçə dəfə dəyişiklik edib. Ən son dəyişiklik isə millinin budəfəki hazırlıq prosesi zamanı olub. Yəni çempionatın sonuncu, 8-ci turunun oyunları oktyabrın 1-2-də keçirilməliydi, amma Ramin Musayev sırf milli komandaya görə təqvimi 1-2 gün qabağa çəkərək bütün oyunları sentyabrın 30-na təyin etdi.

Bəs, millinin maraqları üçün edilmiş bu addıma görə mediada ən çox zərbə kimə dəydi? Yenə həmin Ramin Musayevə, Berti Foqtsa yox. Və bunu Berti Foqtsa başa salmaq artıq Ramin Musayevin yox, Elxan Məmmədovun işidir.

Əgər marağı varsa, eləməlidir.


Yeri gəlmişkən, Berti Foqts bu gün axır ki, Elxan Məmmədova da sataşıb. Bunu xəstə olduğuna görəmi edib, ya vəzifəsini itirmək təhlükəsiylə qarşılaşıb, bilmirik, amma bugünkü mətbuat konfrasında belə bir cümlə işlədib: «Mənə burada (yəni Azərbaycanda - A.B.) lazımi şəraiti yaratmadılar».

Vaxtınızı çox almayaraq, qısaca olaraq, bunları xatırlada bilərik.

Foqts Azərbaycanın dövlətinin sərvətləri hesabına bir ayda 100 min avroya yaxın pul qazanır.

Azərbaycanın milli komandasına AFFA tərəfindən ən yüksək şərait yaradılıb.

Foqts istədiyi ölkədə təlim-məşq toplanışı keçə bilir, milliylə birgə dünyanın ən lüks otellərində qalır.

Dünyanın heç bir ölkəsinin milli komandası il ərzində bizimki qədər təlim-məşq toplanışı keçmir.

İndi siz deyin, bundan artıq şərait daha necə olur?

Bəli, səhhəti qaydasında olan adam heç vaxt belə danışmaz. Ona görə də daha şübhə yeri qalmır, Berti Foqts həqiqətən də xəstələnib.   

Bunun əlamətləri qətiyyən maraqlı deyil, amma adətən, xəstəliyi olan adam barədə yalnız bir diləkdə olurlar: Allah şəfa versin!

Aydın BAĞIROV

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər