Futbolçunu futbolçu edən kimdir? Bəs, komandanı komanda? Təkcə məşqçisimi, yoxsa böyük pullarmı? Bəlkə İsveçrə dağlarının ətəyindəki gözəl yaşıllıqlara oxşayan məşq meydanları, stadionlardır futbolçunu futbolçu, komandanı da komanda edən?
"Qarabağ"ın "Benfika"ya qarşı tarixi Çempionlar Liqası matçında Qurban Qurbanovun meydana buraxdığı ilk 11-likdəki oyunçulardan 6 nəfərinə xüsusi diqqət çəkmək istəyirəm. O səbəbdən ki, bu legionerlər Azərbaycana gələnə qədər məhz Portuqaliyada oynamış futbolçular idi. Həm də "Benfika"nın yarışdığı Premyer Liqada da yox, 2-ci liqada.
6 nəfər əsas heyətin yarıdan çoxu deməkdir!
Yəqin ki, həmin o 6 nəfərin hər biri üçün bir Portuqaliya klubunun heyətində "Benfika" kimi tarixi ənənəsi olan komandaya qarşı oynamaq böyük xəyal olub. Amma taleyin futbol təzadına bax ki, bu xəyalı gerçəkləşdirən Portuqaliya klubu və portuqaliyalı məşqçi yox, bir Azərbaycan klubu, azərbaycanlı məşqçi oldu. Kimdir həmin oyunçular?
Kevin Medinadır.
Leandro Andradedir.
Kadidir ("Qarabağ"a ilk transferi vaxtı).
Mateus Silvadır ("Qarabağ"a qədərki 1 illik Bolqarıstan karyerasını saymasaq).
Pedro Bikalyodur.
Kamilo Durandır.
Pedro Bikalyonun heç ağlına gələrdimi ki, indi "Benfika"ya qarşı matçın ən yaxşı oyunçusu məhz o özü olacaq?
Yaxud 23 yaşlı Kamilo Duran peşəkar futbolçu həyatında ilk dəfə məhz "Qarabağ"da Avropa kuboku oyununa çıxdı. 1 qol vurdu, 1 qolun da ötürməsini etdi. Həm də bu gün dünyadakı yüzminlərlə futbolçunun oynamaq arzusunda olduğu Çempionlar Liqası yarışında! Həm də "Benfika"ya.
Yatsa, yuxusuna girərdimi görəsən?
Görün Leandro Andradedə artıq necə bir inam yaranıb ki, "Benfika" ilə oyundan əvvəl elə Portuqaliyanın mətbuatına cəsarətlə deyir: "Oyunda qol vuracağımı hiss edirəm".
Kişi kimi çıxıb qolunu vurur. O qolun da səsi ta Atlantik okeanının qırağındakı Portuqaliyadan Xəzər dənizinin sahilindəki Azərbaycana qədər gəlib çıxır.
Kevin Medina bizim Bəhlulla birgə elə bil hərbi keçilməz istehkama çevrilib. Ötən mövsüm uğursuz oldu onun üçün. Sonra Qurban Qurbanov ona nə dedisə, necə qulaqburması verdisə, indi 32 yaşlı bu "tank" (ifadə "Qarabağ" azarkeşlərinə məxsusdur) sanki 10 yaş daha gəncləşib, yenidən dirilib: elə bil mərkəz müdafiəçisi deyil, çox vaxt gah yarımmüdafiəçi kimi qabağa şığıyır, gah da hücumçu kimi qol vurur.
Kadi necə ürək qoyur meydanda, necə kömək edir komandaya. Müdafiə, yarımmüdafiə ilə hücum xətti arasında möhkəm bir körpü olmağı bacarıb. Bir tərəfdən də özü qol vurmaq üçün xəsislik etmir.
Mateus Silvanın "Qarabağ"a gələndən göstərdiyi əzmkarlığı, sabit oyununu, müdafiə bir yana, dayanmadan ön xəttə köməyini necə minnətdarlıqla vurğulamayasan?
Və bu 6 oyunçunun bəzisi illərdir, bəzisi də indi futbol arzularını reallaşdırır.
Xəyalların gerçəkləşdiyi ünvandı "Qarabağ".
Və təkcə bu 6 oyunçu üçün də deyil. Yankoviç (maestro), Zubir, Koxalski, Kaşuk, Addai. Və bizim öz azərbaycanlılarımız. Elvin, Bəhlul, Toral, Nəriman, Musa....
Hə, futbolçunu futbolçu edən kimdir? Bəs, komandanı komanda? Təkcə məşqçimi, yoxsa böyük pullarmı? Bəlkə İsveçrə təbiəti gözəlliyindəki əla məşq meydanları, stadionlardır futbolçunu futbolçu, komandanı da komanda edən?
Ya bəlkə...
Yox! Bu dəfə bəlkəsiz, sualsız...
Futbolçu futbolçu edən Bakının Suraxanı qəsəbəsində oturub min kilometrlərlə uzaqdakı Portuqaliyanın Riu-Mayor adlı rayonunda oynayan Kadini, Portiman şəhərindəki Kamilo Duranı (və başqalarını) tapıb üzə çıxarmaq ustalığıdır.
Çiçəyi burnunda olan futbolçuların gələn kimi doğmalaşıb uyğunlaşdığı 17 illik bir futbol sistemidir.
Təmkinlə o sistemi yaratmaq bacarığıdır.
Tənələrə, tənqidlərə səbrlə dözməkdir.
Nəhəyət, Ağdamın "Qarabağ"ını bütün Azərbaycanın "Qarabağ"ına çevirmək və sevdirmək, dünyaya tanıtmaq məharətidir.
Sağ ol, Qurban Qurbanov!
Aydın Bağırov

“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu