Antalyada yağış, daha doğrusu, leysan dünən səhər o başdan yağmağa başladı. Bir az keçdi dayandı, sonra yenə başladı. Sonra yenə dayandı və yenə başladı. Yenə dayandı, yenə başladı... Yerli vaxtla axşamtərəfi saat 5-də “Qarabağ”ın Avroliqadan köhnə tanışı olan “Piast”la yoxlama matçının start fiti səslənəndən ta gecəyədək isə yağış elə güclü yağdı ki (bu dəfə dayanmadan), məşhur kinoda deyildiyi kimi, tut ucundan göyə çıx...
Sizdə bir balaca təsəvvür yaransın deyə mənzərəni qısa da olsa təsvir edim. “Piast”la görüş “Qarabağ”ın məskunlaşdığı “Gloria Sport Arena”nın əsas meydançasında başladı. Fasiləyə kimi isə orada topun da, elə futbolçunun da hərəkət edə bilməyəcəyi dərəcədə o qədər gölməçə yarandı ki, komandalar ikinci hissəni ehtiyat meydançada keçirmək məcburiyyətində qaldı. Amma drenaj sistemi yüksək səviyyədədi ki, ehtiyat meydança bu havada belə oyunu qəbul etmək vəziyyətində idi. Mənsə o vaxt, oyun gedə-gedə göydən tökülən yağışın görüntüsünü telefonumun yaddaşına köçürürdüm. Sırf ona görə ki, ilk dəfə idi belə leysan altında matç izləyirdim... 1-2 dəqiqə vaxt ayırıb, siz də izləyin. Və həm də suyun şaqqıltısına diqqət edin...
Qətiyyən ümidli deyiləm ki, nə vaxtsa bizim futbol çinovniklərinin qarınları pul yeməkdən doya, futbol savadları arta və öz stadionlarında bu cür normal sistem tətbiq edə. Mövzu bu deyil əslində. Amma belə keyfiyyətli meydançaları və bazaları görəndə bizim futbol və idman idarəetməsindəki adamların, elə qardaş türklərin təbirincə desək, işə münasibətdə nə qədər gerizəkalı olduğuna əmin olursan.
Zaman olsa, deyilənə görə, tək Türkiyənin deyil, bütün bölgənin birnömrəli olimpiya idman kompleksi hesab olunan “Gloria Sport Arena” barədə ayrıca yazım olacaq. Həqiqətən bir yarışa yaxşı və sakit hazırlaşmaq baxımından ideal məkandı. Qurban Qurbanovun baza seçimi əla olub. Bunu onun futbolçuları da, köməkçiləri də təsdiqləyir.
Köməkçi demişkən. Bir az əvvələ qayıtmaq istəyirəm. “Qarabağ”ın məşqçisi Zaur Tağızadə ilə söhbətimizə. Mediamız hansı ləqəbi verib ona? Qızıl oğlan... Amma eyni zamanda idman jurnalistlərimiz giley-güzar edirlər ki, müsahibə vermir. Elə fürsət düşmüşkən Zaurdan soruşuram:
- Niyə müsahibə vermirsən?
Cavab verir ki, danışmaq istəmir. Mənsə öz fərziyyəmi deyim. Zaur sakit biridi, sanki öz dünyası var və futbolumuzdakı bu qədər xoş olmayan mühitdən bacardıqca uzaq durmağa, onun barəsində fikir bildirməməyə çalışır. Ona söyləyirəm ki, heç olmasa, millimizin Portuqaliya ilə tarixi matçı haqda yazılar, verilişlər hazırlananda Vitor Bayanın ayaqları arasından keçirdiyi o məşhur qol barədə danışmalıdı. Deyir ki, mənə heç kim bununla bağlı müraciət etməyib. Sonra gülərək əlavə edir:
- Bu haqda o qədər danışmışam ki...
- 19 il əvvəl danışmısan.
- Nə olsun?! Arxivdən istifadə edin də...
Zaurla ayaqüstü söhbətimiz “Piast”la matçdan öncə idi. Oyundan sonra isə bir hadisə baş verdi ki, bu, diqqətimi də çəkdi, yaxşı mənada təəccübümə də səbəb oldu. Diqqətimi çəkən bu idi ki, “Piast”ın bütün üzvləri, matçı izləyən hər iki klubun nümayəndəri, Azərbaycan və Polşadan olan məhdud sayda jurnalistlər yağışın altında daha çox islanmamaq üçün stadionu tərk etdiyi halda Qurban Qurbanov, onun köməkçiləri və bir qrup futbolçu meydanda qaldı. Təəccüblü gələnsə o idi ki, göydən yağışın sel kimi gəlməsinə baxmayaraq, Q.Qurbanov məşq planında dəyişiklik etmədi. Necə deyərlər, istənilən hava şəraitində işə ciddi və prinsipial yanaşma. Onun əvvəlcədən nəzərdə tutduğu məşq planına əsasən, “Piast”la görüşdə oynamayan, yaxud çox az oynayan 10 futbolçu öz aralarında “dır-dır” adlandırdıqları oyunu oynadılar (bu oyundan da qısa videonu təqdim edirəm. Necə deyərlər, görmədiyiniz “Qarabağ”).
Bu, yükləmə məşqi də hesab olunur. 10 nəfər hər birində 5 nəfər olmaqla iki komandaya bölündü və meydançanın hardasa 20-25 metrlik ərazisində futbol oynadı. Bu mini matçda qələbə qazanan “qırmızı” formalılar oldu. Hansı ki, heyətində Vaqner de Silva, Maksim Medvedyev, Bədavi Hüseynov, Filip Ozobiç, Mahir Mədətov yer almışdı. Uduzansa isə “yaşıllar” (Şahruddin Məhəmmədəliyev, Rəşad Sadıqov, Donald Gerye, Dani Kintana, Hacıağa Hacılı). Ən çox qolu gərək ki, Mahir Mədətov vurdu.
Bu oyun hər biri 4 dəqiqə olmaqla 5 hissə, yəni 20 dəqiqə davam etdi. Və bu 20 dəqiqədə elə bir oyun getdi ki... Söhbəti şişirmə kimi görünməsin, kaş məşqdəki bu istək, mübarizə əzmi hər zaman və elə “Qarabağ”ın özü daxil bütün komandalarımızda olsun. Və tək məşqdə deyil, ən çox rəsmi oyunlarda.
Şübhəsiz, “Qarabağ”ın rəhbərliyinin də, Qurban Qurbanovun da istədiyi budu ki, komanda daxili yarışda da, xarici yarışda da uğurları davam etdirsin. Amma bunun üçün təkcə futbol yanğısı, leysan altındakı oyun, məşqdəki fədakarlıq yetərli deyil. Uğurları, qələbələri həm də yaxşı, keyfiyyətli oyunçularla qazanırlar. “Qarabağ”ın indiki bir çox yaxşı, keyfiyyətli futbolçusunun gələcək komanda yoldaşı olacaq oyunçu, yaxud oyunçularla.
Yeni transferlə, yeni hücumçu ilə...
Aydın BAĞIROV,
Antalya
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə