“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov

“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
PREMYER LİQA 20 Sentyabr 2026 / 22:08 435
-  A +

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz" "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb.

QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:

"Maraqlı oyun oldu. Düşünürəm ki, azarkeşlər oyundan zövq ala bildilər. Qələbə qazanmağa çalışırdıq. Amma bizim üçün 1 xal da önəmlidir. Oyuna rəng qatan azarkeşlərə təşəkkür edirəm. Vurduğumuz qol sayılmayandan sonra futbolçularda bir qədər psixoloji eniş yarandı. Hesabda geriyə düşdükdən sonra geri dönüş edə bildik. Son dəqiqədə qələbə qolunu da vura bilərdik. Komandadan razıyam. Amma işləmək lazımdır. Milli fasilədə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".

- Sayılmayan qolunuzla bağlı fikriniz necədir?

- Hələ ki baxa bilməmişəm. Yəqin ki, düzgün qərar veriblər. Epizoda baxdıqdan sonra dəqiq fikir bildirə bilərəm.

- Evdə keçirilən 4 oyunda 7 xal qazanmısınız. Bu nəticə sizi qane edir?

- Hər oyuna qələbə üçün çıxırıq. Həmişəki kimi yenidən qurulan komandayıq. Yenidənqurma stabillik yaratmaq baxımdan çətindir. Çalışırıq ki, stabillik yaradaq. Düşünürəm ki, 7 xal bizim üçün yaxşı nəticədir.

- Qələbə qazanmaq üçün nə çatmadı?

- Komanda bu gün xarakter göstərdi. Son nöqtəni qoymaqda çətinliyimiz var. “Sabah”la matçdan başqa bütün oyunlarda qol vurmuşuq. Futbolçularda bir qədər təcrübə çatışmır. Daha çox qol vura bilərdik.

- Gözləntilərin əksinə olaraq 7 xal toplamısınız. Sanki bəziləri bunu həzm etmir. Məğlubiyyətlərdən sonra sizə qarşı kampaniya aparılır. Hətta "Kəpəz"i yeni yarananan "Gəncəbasar"la da müqayisə  edirlər. Bu fikirlərə münasibətiniz necədir?

- “Gəncəbasar”ın yaranmasına ən çox sevinənlərdən biri mənəm. Çünki şəhərimizdə komanda sayı çox olmalıdır. “Kəpəz” burada həmişə “bir nömrə” olub. Sosial şəbəkələrə gəlincə, elə adamlar var, bunu məqsədli şəkildə edirlər. Futbolçuların dəstəyə ehtiyacı var. Onlar buna layiqdirlər.

- Milli fasilədən sonra nələri dəyişməyi planlaşdırırsız?

- Oyundan əvvəl futbolçulara dedim ki, burada olan 15 min azarkeş futboldan həzz almalıdır. Gəncədən olan azarkeşlər Azərbaycan futboluna rəng qatır. İlk matçlarda bəzi futbolçularda həyəcan olurdu. Elə oyunçular var ki, belə atmosferdə oynamayıblar. Artıq oyundan-oyuna buna öyrəşirik. Milli fasilədə daha yaxşı hazırlaşıb burada yaxşı oyunlar keçirmək istəyirik.

- Rəqib baş məşqçi bildirdi ki, tribunada kimsə hakim fitinə bənzər fitdən istifadə edirdi. Bu haqda fikriniz necədir? 

- Fiti mən də eşidirdim. Amma bu, hər iki komandaya təsir edirdi. Mən də belə şeyin olmasını istəməzdim. 15 min azarkeşin içində balaca fiti tapmaq çətindir. Bizim futbolçulara da təsir edirdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner