Biz və gürcülər

Biz və gürcülər
YAZARLAR 15 Sentyabr 2017 / 13:51 8394
-  A +

“Qaradağ-Lökbatan” neçə illərdi birinci divizionda oynayır. O komandanın Azərbaycan futboluna hansı xidməti olub, kimləri verib, bunu bilən yoxdu. Amma bir şey dəqiqdi ki, AFFA bu klubu hər dəfə çempionatda saxlayır. Çünki “Qaradağ Lökbatan” “Neftçi” İSM-ə məxsusdur (Sadıq Sadıqova),“Neftçi” İSM də SOCAR-a (Rövnəq Abdullayevə).

Məlum, AFFA-ya da pulu SOCAR buraxır. Deməli, Azərbaycan gerçəkliyində necə olmalıdı? Hə, “Qaradağ Lökbatan”a pul ayrılmalı və o oynamalıdı, amma Şəmkir, Mingəçevir, Qusar, Qazax futbolsuz qalmalıdı. Necə ki, qaldılar və Premyer Liqadan sonra birinci divizionumuzu da döndərdilər Bakı çempionatına.

***

Bizim AFFA-nın şefinin futbol idarəçiliyində ədalət tərəzisi beləymiş demək. Özününkülər həmişə çəkidə ağır gəlməlidi. Bölgə komandaları isə onun üçün yad, ögey övlad kimidi. Ona görə də hələ bu gedişlə uzun illər “Turan”ların haqqı yeyiləcək, doğmaların - “Səbail”lərin teli sığallanacaq, “Qaradağ Lökbatan”lara pul tapılacaq, “Şəmkir”lərə, “Energetik”lərə, “Şahdağ”lara, “Göyəzən”lərə isə yox...

***

Bizim çempionatları keçirmək Peşəkar Futbol Liqasına (PFL) tapşırılıb. PFL-in prezidenti Ramin müəllimin vəzifəsi təkcə yarışları təşkil etmək, vertolyotla meydançaya kubok endirib özü barədə  2-3 nazir qarşısında işgüzar adam imici formalaşdırmaq olmamalıdır. Onun vəzifəsi həm də klubları qorumaqdır. Çünki onu o vəzifəyə klublar seçir (normalda). PFL-in fəaliyyət göstərdiyi bu 9 ildə Azərbaycanda neçə-neçə klub məhv olub gedib. Şimal, Cənub, Qərb...  Demək olar heç birində futbol klubu qalmayıb. Bəs, Ramin Musayev qoruyubmu onları, qorumaq bir kənara, buna cəhd edibmi? Çətin... Çünki görünür ya etmir, ya da etmək istəyirsə belə yuxarılarda sözünün keçməyəcəyini əvvəlcədən bilir.

Bir də hər Musayev də Fuad ola bilməz. Diktator idi, filan, bunlar öz yerində. Amma onun dövründə, AFFA-nın ən kasıb vaxtında Azərbaycanın bölgələrində pis-yaxşı futbol vardı. Bir yumruq kimi futbolu öz əlində cəmləşdirmişdi Fuad Musayev. İndi onun kimisinin güclü zərbəsi lazımdı. Vura bunların uğursuz, çürümüş futbol sisteminə ki, parça-parça olub getsin.
 
***

Amma hardadı o? Hardadı yeri gələndə futbolu qoruyan, ona xidmət edən sərt idarəçilik? Allah Fuad müəllimə rəhmət eləsin. Rəhbər bir olar. Bizdə futbolun neçə rəhbəri var? Rövnəq Abdullayevdən başqa AFFA-da hamısı prezidentdi. Futbolun da başına o oyun qalmayıb ki, açmasınlar. “Neftçi” elə bu eybəcər sistemin, idarəetmənin qurbanı deyilmi? AFFA-nın rəhbərliyində o adam qalmayıb ki, burnunu bu klubun işinə soxmasın.

San Marino kimi mənasız komandanı udurlar, dollar paçkalarını açıb millinin varlı oyunçularının başına səpələyirlər. Sonra da bölgə komandalarını çempionata buraxmırlar ki, pulları yoxdu. Nəticədə məşqçilər, futbolçular qalır işsiz. Peşəkar futbolçu da gedir fəhləlik etməyə, ya da “Topaz”da şot atmağa...

“Topaz” demişdən. İldə bu qurumdan Azərbaycan futbolunun inkişafı adı altında AFFA-PFL-ə 1-2 milyon civarında pul ayrılır. AFFA-ya SOCAR-dan ayrılan 20-22 milyonluq büdcəni bir kənara qoyaq, elə təkcə “Topaz”ın pulları ilə bölgələrdə 3-4 komanda saxlamaq olar. Amma o pullar hara gedir? Ay sağ olun, təxmin etdiyiniz yerlərə. Belə məsələdə heç vaxt eniş olmayıb (əksinə inkişaf ola bilər), ola da bilməz.

Olan futbolumuza olur və olub. Sonra da gileylənirlər ki, niyə stadionlar bom-boşdu. Belə futboldansa elə oturub evlərində “İdman”dakı öküz yarışına baxarlar də.

***

AFFA-nın dünənki qərarından sonra Azərbaycanda Premyer Liqa və birinci divizionda yarışacaq komandaların ümumi sayı 18-ə düşdü. Bakıda oynayan “Qarabağ”ı çıxmaqla bu 18 komandadan cəmi 6-sı bölgələri təmsil edir. Qonşu Gürcüstanda isə hər iki çempionatdakı 20 klubdan 6-sı paytaxt Tiflisin, digər 14-ü bölgələrindi.

Yeri gəlmişkən, AFFA və PFL rəhbərliyinin Gürcüstana yolu tez-tez düşür. Hərdən  onların futbolu ilə maraqlansalar pis olmazdı. Bəlkə onda insafa gəlib öz ölkələrində futbolun nə kökdə olmasının fərqinə varalar.

Aydın BAĞIROV
aydınbağı[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər