“Qarabağ” və “Neftçi”nin oyununda – Antalya təəssüratı

“Qarabağ” və “Neftçi”nin oyununda – Antalya təəssüratı
YAZARLAR 23 Yanvar 2020 / 16:25 6838
-  A +

Topun auta çıxdığı vaxtda əlindəki plastik su şüşəsini “Qarabağ”ın işçisinə atan braziliyalı Ailton bizim gənclərə xas tərzdə və azərbaycanca deyir:

- Sağ ol, qaqaş.

“Qarabağ”ın və digər klublarımızdakı legionerlərin dilimizdəki bəzi sözləri öyrənməsi və bəzən qırıq-qırıq da olsa bizim dildə danışmasını xoş məqam kimi qeyd edə bilərəm. Məşq bitir. Başqa bir braziliyalı Vaqner Silva yerli oyunçularımızın ardından mənə yaxınlaşaraq bağrına basır və o da Azərbaycan dilində sürətlə danışaraq, mehribanlıqla hal-əhval tutur:

- Necəsən... Necəsən? Yakşısan?

***

“Qarabağ” qış təlim-məşq toplanışı üçün yenidən yüksək meydançaları olan Antalyanın ən üst səviyyəli otellərindən birini tutub. Komandanın bu dəfəki hazırlığına əvəzedici heyətdən yaşı 21-dək olan Rauf Hüseynli (müdafiəçi, 19 yaş), Nihad Tamazov (müdafiəçi, 21 yaş) Cavid Bayramov (yarımmüdafiəçi, 21 yaş) da gətirilib. Onlarla bərabər əsas komandanın ehtiyat futbolçuları Musa Qurbanlı (hücumçu, 18 yaş), Toral Bayramov (yarımmüdafiəçi, 18 yaş), eləcə də “Sumqayıt”dan icarədən qayıdan Nicat Mehbalıyev (qapıçı, 20 yaş) də var. Cavid Bayramov Rumıniyanın “Akademiya Klinçeni" komandası ilə görüşdə 90-cı dəqiqədə vurduğu qolla “Qarabağ”ı məğlubiyyətdən xilas da edə bilir (2:2). Rəsmi olmasa belə, onun əsas komandada ilk qoludur.

Hər biri istedadlı və potensiallı oyunçulardır. Amma bu, əlbəttə ki, yetərli deyil. Davamlı çalışmaq lazımdır. Daha da önəmlisi qarşıda güclü və təcrübəli futbolçularla rəqabətdə uduzmamaq kimi ciddi bir imtahan durur. Zəruri bir qeydim isə odur ki, Qurban Qurbanovun gələcəyinə inanıb dəstək verdiyi, “Qarabağ” kimi komandaya cəlb etdiyi həmin gənclərdən bəzilərinə daha çox şans verməsinin zamanı çatıb. Xüsusən məşqçilərin və futbol adamlarının haqqında müsbət fikirlər səsləndirdiyi, gələcəyin yaxşı bir hücumçusu kimi gördüyü U-21 millimizin də üzvü 18 yaşlı Musa Qurbanlının potensialını tam açmaq mərhələsinin yetişdiyini söyləmək olar. Mənə elə gəlir ki, bu məsələdə Qurban Qurbanov öz təvazökar xarakterindən irəli gələrək futbolçu Musaya münasibətdə məşqçi deyil, daha çox ata kimi yanaşır. Ona oyunlarda artıq şans verməsinin cəmiyyətdə tərəfkeşlik kimi başa düşüləcəyini zənn edir. Amma Musadakı istedad, xarakter və potensial Q.Qurbanova qan bağlılığı olmayan başqa gənc bir hücumçuda olsaydı, inanıram ki, həmin oyunçu bu mövsüm bir yox, bir neçə matçda iştirak etmişdi.

***

“Qarabağ”ın “Akademiya Klinçeni" komandası ilə görüşü Ağdam klubunun qaldığı otelə məxsus olan meydançada keçirilir. Bura məşq meydançası olduğundan oyunu yalnız ya yan xəttin yaxınlığından, ya da qapının arxasından izləmək məcburiyyətində qalırsan. Bir jurnalist üçün ən arzuolunmaz, dilxorçu situasiya. Çünki matçın gedişatını istədiyin kimi görmək, hiss etmək olmur. Oyunu izləməyə Antalyada olan bizim məşqçilər də gəlib. AFFA tərəfindən U-19 millisinə görə Türkiyəyə ezam olunan Yunis Hüseynov və Arif Əsədov, Antalyada hazırlıq keçən başqa bir komandamız “Zirə”nin baş məşqçisi Zaur Həşimov...

Matçın fasiləsi zamanı qarşıma başqa bir azərbaycanlı da çıxır. Şöhrəti bütün Türkiyəyə yayılan Servet Çetin. O, qonşu meydançada keçirilən yoxlama matçını izləmək üçün gəlib. Bir zamanlar Türkiyə millisində, “Qalatasaray” və “Fənərbaxça”da oynamış Çetinlə ayaqüstü söhbətimiz olur. Bizim futbolla yaxından maraqlanmadığını söhbət zamanı hiss edirəm. Elə “Qarabağ” barədə də demək olar ki, məlumatsızdır. Yalnız Rəşad Sadıqovla tanışlığının olduğunu söyləyir. Hazırda “Sivasspor”da baş məşqçinin köməkçisi olan Çetinə sual verirəm ki, azərbaycanlı futbolçular superliqa klublarına təklif olunurmu? Cavab verir ki, xeyr. Əgər kimsə barədə də belə xəbərlər yayılırsa, bilin ki, menecerlərin uğursuz fəndidir...

***

Antalyada, qərib yerdə istənilən klubumuzun oyunlarında azərbaycanlı futbol adamlarını görmək xoş mənzərədir. Azərbaycan və Türkiyə futbolunun əfsanələri – “Neftçi” ilə “Dinamo” Kiyev arasında başqa bir arenada keçirilən matç da müsbət tərəfi ilə fərqlənirdi. Arif Əsədovla Yunis Hüseynov bu oyuna da gəlmişdilər, həmçinin Ağasəlim Mircavadov. Az sonra hamımızın “Neftçi” rəhbərliyi ilə oyuna birgə seyr etdiyimiz “Skybox”a “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da daxil olur. Komandasının məşqi olduğu üçün o, görüşün yalnız birinci hissəsini izləyə bilir. Və elə həmin vaxt “Neftçi”nin prezidenti Kamran Quliyev ondan “Qarabağ”ın növbəti matçının nə vaxt olacağını soruşur. “Ayın 22-də oynayacağıq” – deyə Q.Qurbanov cavab verir və Quliyevə incə bir dəvət mesajı da göndərir:

- Vaxtınız olsa, gəlin...

***

“Neftçi” – “Dinamo” oyunu Roberto Bordinin istefaya göndərilməsindən 2 gün sonra keçirilir. Gecikmiş olsa da, nəhayət, azarkeşlərin ürəyincə olan bu qərar çıxarıldı. Onun getməsinə “Ok”un sponsor SOCAR tərəfindən verildiyinə şübhə yoxdur. Əslində “Neftçi”nin problemi bir tək baş məşqçi ilə bağlı deyil. Klubun idarəetməsinə həm SOCAR, həm də AFFA tərəfindən müdaxilələr olur ki, bu da mənfi nəticələrə gətirib çıxaran haldır. Bir dəfə bu haqda qeyd etmişəm. Barəsində Qol.az saytında hər nə qədər çoxlu tənqidi yazı getsə də, “Neftçi”nin prezidenti Kamran Quliyev ümumən yaxşı idarəçi, savadlı, alicənab, iş görmək qabiliyyəti yüksək olan bir insandır. Onun gəlişindən sonra böhran içində olan “Neftçi”də yüksəliş mərhələsi başladı. Amma məncə, kənar müdaxilələr K.Quliyev və komandasının lazımi işi görməsinə, yekunda isə “Neftçi”nin çempionluğuna mane olan faktorlardandır.

Füzuli Məmmədovun Bordinin yerinə müvəqqəti təyinatını isə indiki mərhələdə uğurlu addım hesab etmək olar. Məlum, komandanın içində olan biri kimi futbolçuları yaxşı tanıyır, gənc və çox istəklidir. Komanda “Dinamo”ya uduzsa da (1:2), ümumən yaxşı təsir bağışladı. Məmmədovun texniki zonadakı emosionallığı isə bir başqa mövzu ola bilər. Ümumiyyətlə, təxminim bu yöndədir ki, “Neftçi”nin baş məşqçisi olduğu müddətdə o, çılğın davranışları ilə sönük, quru çempionatımıza rəng qatacaq. Amma daha da yaxşısı bu olardı ki, Füzuli Məmmədov bir məşqçi kimi taktikası, uğurları ilə azarkeşlərin sevimlisinə çevrilsin. Bu isə artıq onun özündən asılıdır və qarşıdakı 4 ay Məmmədovun böyük məşqçilik yolundakı birinci ən ciddi imtahanı olacaq.

“Dinamo” Kiyevlə oyun bu mənada müsbət nələrinsə olacağını təxmin etməyə imkan verir. “Neftçi”nin rəhbərliyinin də oyundan narazı qalmadığı sezilirdi. İndi qalır komandanı toparlamaq, düzəltmək və hər zaman çempionluğa kökləmək.

... Və bir də yaxşı olardı ki, klubun bütün azərbaycanlı rəhbərliyi öz aralarında rusca deyil, elə öz ana dilimizdə danışardı.

Aydın BAĞIROV
Bakı, 23 yanvar

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər