Dərs – Rəşad Məcidin 50 illiyinə

Dərs – Rəşad Məcidin 50 illiyinə
YAZARLAR 21 Avqust 2014 / 11:07 8791
-  A +

Bu gün “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidin 50 yaşı tamam olur. Rəşad Məcid ölkəmizdə yüzlərlə jurnalistin yetişməsində müstəsna xidmətləri olan bir şəxsdir. R.Məcidin Qol.Az-ın saytının həyatında da xüsusi yeri var. Onun saytımızın yaranıb ərsəyə gəlməsində böyük mənəvi və maddi dəstəyi olub.
Qol.Az saytının kollektivi 50 yaşının tamam olması münasibəti ilə Rəşad Məcidi ürəkdən təbrik edir və onun barəsində saytımızın baş redaktoru Aydın Bağırovun dünən yazdığı, lent.az saytında dərc olunmuş “Dərs” adlı yazısını Qol.Az saytının  oxucularına təqdim edirik.
 

***

DƏRS

Əslində mən Rəşad Məcid haqda yazını indi, onun 50 illik yubileyinə bir gün qalmış (yazı avqustun 20-də dərc olunub - red.) yox, çox, lap çoxdan, təxminən 17 il bundan əvvəldən başlayaraq yazıram. Amma yazının da yazılması tərzi var: kimisi yazını kompüterə, kimisi kağıza, kimisi də beynində yazar. Məndə isə bunlardan heç biri olmayıb: 1997-ci ilin sentyabrın 1-dən başlayaraq, yəni hələ 17 yaşım tamam olmadığı gündən, iki-üç cümləni böyür-böyürə düz qoymağı bacarmadığım günlərimdən, ta indiyə kimi, artıq cümlələri böyür-böyürə qoymağı bacardığım günə qədər mən Rəşad Məcid haqda yazıların hamısı ürəyimə köçürmüşəm, ancaq ürəyimdə yazmışam.
 
Ürəyimə yazmışam deyəndə ki, bir az açıq danışsam - sünilikdən zəhləm gedib -  ürəyimdə həmişə məbəd kimi ayrıca bir yer olub və oranın da daim üç sakini olub: məni böyüdən, dəliqanlılığından, xeyirxahlığından, mərdliyi və kişiliyindən nümunə götürdüyüm mərhum atam, məni doğan uşaq qəlbli anam və... əgər çox qısa, bir-iki sözlə ifadə etsəm, məni adam edən Rəşad Məcid!
 
***
 


Rəşad Məcid mənə doğma dayı düşür də deyə bilərəm. Anamın dayısıoğludur. Anamı böyüdən Rəşad Məcidin atası, Qarabağda böyük hörmət və nüfuz sahibi olan Müseyib Məcidov olub. Ona görə də dünyanı dərk eləməyə başlayandan Müseyib Məcidova “baba”, Rəşad Məcidə “dayı” demişəm.

Gizlətmirəm, Rəşad Məcid məni öz qohumu olduğuna görə “525”də işə götürüb.
 


Gərək ki, bir dəfə, “525”in 20 illik yubileyi tədbirində bunu demişdim, o, Ağdamın işğalından sonra ailəmizin çox sıxıntılı günlər keçirdiyini bilirdi, elə buna görə də mənə rəhbəri olduğu qəzetdə iş vermişdi: işə başlamazdan əvvəl isə cibimə 5-10 manat pul da qoymuşdu. Bu xırdalığa varmağım səbəbsiz deyil. Həmin günü axşam evə dönərkən, atamın da işlərinin artıq düzəldiyini eşitmişdim. Halbuki onun işinin yoluna düşməsi xəbərini biz bəlkə də bir ildən artıq idi gözləyirdik.
 
Qəribə bir şey idi. Həmin gün nəsə məndə belə fikir yaranmışdı ki, Rəşad Məcid sanki Allahın elçisidir və ruzi-bərəkəti də elə onun vasitəsi ilə yenidən bizə göndərib.
 
Bəli, Rəşad Məcidin əlibərəkətli olub, verdiyi pul halal və təmiz olub...


Və... Rəşad Məcidin iş şəraitində mənə qohumluğu 5-10 manat verdiyi həmin gün də başa çatıb. O vaxtdan sonra heç vaxt qohumluğu hiss etdirməyib. “525”ə gəldiyim ilk günlərdə ona elə “dayı” dediyimə görə mənə ərkyanə irad da tutub:
 
- Mənə dayı demə!
 
Bunu məndən, deyəsən, 1997-ci ilin sentyabrında istəmişdi. İstəyini bu günə qədər də yerinə yetirirəm, “525”in hər bir işçisi kimi “müəllim” deyirəm, bundan sonra da belə olacaq.
 
Rəşad Məcidlə “525”dəki qohumları arasındakı münasibətlər həmişə rəsmiyyətə dayanıb, arada pərdə olub.
 
Yeri gələndə, ipə-sapa yatmadığım üçün “525”dəki işimin iki ili tamam olmamış iki dəfə işdən çıxarılmışam da. O da həmin vaxtlar fərqli bir mühitdən məndə qalan özündənrazılığa,  yekəxanalığa görə. 19 yaşım olmamışdı, uşaqlıq edirdim... Və indi keçmişə boylananda əmin oluram ki, Rəşad Məcid bununla mənə təkcə cəza vermirdi, əslində düşdüyüm o bataqlıqdan – həyatın dibindən çıxarırdı.
 
Qaranlıqdan aydınlığa çıxarırdı.
 
***
  
Bu ölkəyə təkcə yaxşı jurnalist, istedadlı şair-yazıçılar bəxş etməyib, Rəşad Məcid. Öz yolu ilə getməyəni  düz yola, yerində olmayanı öz yerinə gətirib. Görünür, elə buna görədir ki, bizim Yusif hələlik çoxlarının bilmədiyi o tarixi sözü deyib: Rəşad Məcid adamdüzəldəndir!
 
Hər adam, hər redaktor, hər idarəçi bu statusu daşıya bilməz. Rəşad Məcid insanın səhvini bir yox, bəlkə də əlli dəfə bağışlaya bilər. Bağışlamaqla insana həm də dərs verər, düz yola çəkər.
 
Rəşad Məcid bağışlayandır – çünki mərhəmətlidir.
 
Rəşad Məcid işdə doğma, yad bilmədən - hamıya eyni məsafədədir – çünki ədalətlidir.
 
Rəşad Məcid həm də sədaqətə dəyər verəndir - çünki özü də sədaqətlidir.
 
Rəşad Məcid çox ümidsiz insan üçün sonuncu instansiyadır - çünki xeyirxahdır, səxavətlidir.
 
Və nəhayət, Rəşad Məcid özü bir insan olaraq MƏKTƏBdir... O məktəbdə oxuyanda yüksək və kafi qiymət də alarsan, danlanarsan da, iradlar da olar, təriflər də. Bax beləcə, bunları görə-görə, dərs alarsan, məktəb keçərsən, sonda da olarsan, ən azı mən

Aydın BAĞIROV

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.10.24
28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19

Son xəbərlər