"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas

"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
PREMYER LİQA 8 Noyabr 2026 / 20:28 377
-  A +

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 11-ci turunda "Şamaxı" ilə heç-heçə etdikləri matçı (2:2) şərh edib.

QOL.az xəbər verir ki, litvalı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Hər oyuna qələbə üçün hazırlaşırıq. Bu gün enişli-yoxuşlu matç keçdi. İlk 20 dəqiqədə oyuna nəzarət edirdik, sonradan vəziyyət dəyişdi. Tam üstünlük qura bilmədik və rəqibə əks-hücumlar üçün imkanlar verdik. 2:2 hesabı azarkeşlər üçün maraqlı görünə bilər. Qələbə qazana bilərdik, amma rəqib də qol vura bilərdi. Hazırda turnir cədvəlinin ilk beşliyindəyiksə, bu nəticə bizim üçün qəbuledilməzdir".

- İkinci qoldan sonra hakimə etiraz etdiniz. Onunla nə barədə danışırdınız?

- Üç gün əvvəl Çempionlar Liqasında oynamışdıq. Orada müəyyən qaydalar var və onlara əməl olunur. İstərdik ki, daxili oyunlarda da eyni yanaşma tətbiq edilsin. Xüsusi bir məsələ yox idi, hər şeyi hakimlə öz aramızda həll etdik. Hakimlikdən şikayətim yoxdur.

- Sıx oyun qrafikindən sonra milli fasilə komandanıza kömək edə bilər?

- Üç-dörd günlük istirahət bizim üçün faydalı ola bilər. Çempionlar Liqasında oynamaq istəyirdik və bunun asan olmayacağını bilirdik. Noyabr-dekabr aylarının daha çətin keçəcəyini də anlayırdıq. Bu səviyyəyə uyğunlaşmaq üçün özümüz inkişaf etməli və möhkəmlənməliyik.

- Hava şəraiti oyunun nəticəsinə təsir etdi?

- Bunun heç bir əhəmiyyəti yoxdur. Külək ilk hissədə bir komandaya, ikinci hissədə isə digərinə qarşı idi. Futbolçular belə şərtlərə uyğunlaşmalıdırlar. Bir müddət əvvəl süni örtüklü meydançada, bu gün isə təbii örtükdə oynadıq. Peşəkar olmaq lazımdır. Hava şəraiti nəticəyə təsir etmədi.

- Adətən “Qarabağ” Çempionlar Liqası oyunlarından sonra daxili liqadakı növbəti matçında istər atmosfer, istər adaptasiya baxımından çətinlik çəkirdi, xallar itirirdi. Boş tribunalar, aşağı temp, süni örtük. Avropa oyunlarından daxili oyunlara keçidlə bağlı məsələdə hansısa problem yaşayırsınız və ya təhlükə hiss edirsiniz?

- “Qarabağ” 12 ildir avrokuboklarda çıxış edirdi. Ötən mövsüm ÇL-də oynadılar. Onların təcrübəsi daha çox idi, bilirdilər ki, bu işlərin öhdəsindən gəlmək lazımdır. Biz isə yeniyik. Önəmlisi odur ki, fərqli iki heyətlə çıxış edirik. Bir heyətlə çıxış etsək, futbolçular bir-birini yaxşı başa düşər. Demirəm digərləri aşağıdır. Çox rotasiya edəndə anlaşma kifayət qədər yaxşı olmur, ən yaxşı performansı göstərmək asan deyil. Oyunçular bir-birilərini bəzən başa düşmürlər. Ötən mövsüm bizə 3-4 ay lazım gəldi ki, yüksəlişə keçək. 15-20 oyun oynadıqdan sonra futbolçular bir-birini daha yaxşı başa düşürdülər. “Vikinq”lə matçdan sonra burada eyni ritmi yaxalamaq asan deyil. Xüsusi resepti də yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səyahətə gedirik və ya bərpa ilə məşğul oluruq. İki həftəlik fasiləmiz olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner