Uzun müddətdir “Futbol +” qəzetində diqqətimi çəkən, çox vaxt maraqlı izlədiyim bir rubrika var. Bəri başdan əziyyət çəkib bu layihəni aparan həmkarıma təşəkkürümü bildirirəm.
Oxumayanlar üçün qeyd edim ki, rubrikanın məzmunu bundan ibarətdir: jurnalist futbolçuya istənilən mövzuda (tarix, ədəbiyyat, coğrafiya, futbol və s.) adi suallar (futbolçunun biləcəyi səviyyədə) verib onun bilik səviyyəsini yoxlayır. Düzü, kiçik istisnaları kənara qoymaqla cavablar heyrət doğurur. Çox bəsit, ibtidai sinif şagirdlərinin də cavabını bildikləri sualların qarşısında bizim az qala saçı-saqqalı ağaran, dünyanın çox ölkəsini gəzib dolaşan futbolçularımız aciz qalırlar, heç də çətin olmayan bir sualı cavablandırmaq üçün yəqin ki, jurnalistdən 1-2 saat vaxt istəyənlər də olur.
Dərinə gedəndə, təəccüblü deyil. Böyük Üzeyir bəyin adı çəkiləndə bir cəmiyyətin ali məktəb bitirən müəyyən gənc təbəqəsinin də ağlına Aygünün duet ortağı gəlirsə, öz nəhəng əsərləri ilə bu milləti qaranlıqdan aydınlığa çıxarmağa çalışan dahi Axundovun, Mirzə Cəlilin, Əbdürrəhim bəyin yazılarındansa, bizi yenə o qaranlığa aparan “elmi və tarixi araşdırmalara” meyl salırsa, əlbəttə ki, kitab və ciddi yazı oxumayan futbolçu klassiklərimizin kim olmasıyla bağlı sualın qabağında donub qalacaq.
Nə isə, gəlirəm, əsas mətləb üzərinə. Həmin bu rubrikada məni yaxşı mənada təəccübləndirən Ruslan Abışov olub. Pis-yaxşı, bir futbolçunun və idmançının biləcəyi səviyyədə sualların əksəriyyətinə doğru cavab verib yarışın qalibi adını qazanıb. Qəzetin bugünkü sayında isə bu münasibətlə Ruslandan götürülən müsahibədə jurnalist Tahir Mirzə soruşur ki, “oynadığın “Rubin”də kitab və qəzet çox oxuyurlar, yoxsa burda – Azərbaycanda?” Ruslan isə deyib ki, “Rubin”də futbolçuların əksəriyyəti səfər zamanı kitab oxuyur”. Və təbii ki, dərhal da əks-sual gəlir: “Burda belə deyil, hə?”
Ruslan Abışov:
- Yox, içi mən qarışıq, mütaliə ilə məşğul olmuruq.
Əla cavablardır: iki cümləylə rus və digər millətlərdən olan futbolçuyla bizimkilər arasında düşüncə fərqini ortaya qoyur. Ruslan, özünün dediyinə görə, orta məktəbdə 9-cu sinifə qədər yaxşı oxuyub, indi də danışığı, hərəkəti, davranışı və mədəniyyəti ilə ən azı bir çox həmkarına nümunə sayıla bilər.
Mənim əslində Ruslanı və bizim digər futbolçuları, heç olmasa, xarici gedəndə, uzun yolçuluq zamanı bir normal tarixi kitabı və ya bədii ədəbiyyatı oxumamasına görə təqsirləndirmək fikrim yoxdur. Bu, onların başlıca vəzifəsi deyil. Onların birinci növbədə vəzifəsi əlbəttə ki, yaxşı futbol oynamaqdırsa, digər işi də futbolda gedən proseslərlə maraqlanmaları olmalıdır. Amma baxaq görək maraqlanırlarmı?
Adı yadımda deyil, bir futbolçumuzdan soruşmuşdular ki, son dəfə futbolla bağlı hansı kitabı oxumusan? Cavab vermişdi ki, mən ancaq dini kitabları oxuyuram. Təbii ki, dini kitab oxumaq, ibadət etmək, Tanrıya xoş gələn istənilən addımı atmaq gözəl bir şeydir, Allahı sevən və onun varlığını qəbul edən hər bir insanın borcudur.
Amma “mənə futbolla bağlı kitab oxumaq, futbolla bağlı təhlil verilişlərinə baxmaq maraqsızdır, vaxtımı aparır” söyləmək artıq öz peşənə açıq-aşkar hörmətsizlik, zehniyyətinin nə qədər dayaz və çürük olması deməkdir.
Və təəssüf ki, bu cür fikirlərə bizim bir çox futbolçumuzun timsalında rast gəlmişəm.
Bəli, şou-biznes məzmunlu bir iki xəbəri çıxmaqla dünya futbolunda gedən ciddi prosesləri izləmirlər, ən azı qardaş Türkiyənin futbolçularının öz ölkələrində necə sevilmələrinin, bir şəxsiyyət kimi necə formalaşmalarının səbəbini araşdırmırlar. Bahalı maşın, var-dövlət, yaxşı istirahət barədə düşünmək qəbahət deyil, əksinə, təqdir olunası haldır. Amma bütün bunlar sənin şəxsiyyətindən zirvədə olmamalıdır.
Dünyada gəzmədikləri ölkə qalmayıb, amma bu, onların 60-70 faizinin dünya görüşünə 5 qram da təsir etməyib. Deməli, problem ondadır ki, bu gün bizim təkcə oyunu yox, həm də mənəviyyatı şikəst olan neçə-neçə futbolçumuz var.
Yoxsa, niyə hər yerindən duran yazıq azarkeşi təhqir edir, barmaq göstərir? Pulun çoxdur lap yaxşı, maşının var, daha gözəl, amma əgər insanlığın, mədəniyyətin yoxdursa, onda heç olmasa, bayaq adını çəkdiyim Türkiyəyə bax, gör, məsələn, Əmrə Bəlözoğlu bütün 90 dəqiqə onun anasını söyən azarkeşlərə nə cavab verir:
- Ana müqəddəs varlıqdır. Cənnət anaların ayağı altındadır. Mənim anamı söyənlər günaha batdılar. Amma kimin kimə söyməsindən asılı olmayaraq, ana anadır. Onlar mənim anama söydülər, mən isə o azarkeşlərin analarının...əlindən, gözündən öpürəm!
Zehniyyət fərqi budur. Bir az kitab oxuyanda, mütaliə edəndə, futbolla bağlı proseslərlə maraqlananda, bir az da özünə hörmət qoyanda Əmrə kimi gənc yaşında olursan müdrik bir futbolçu, sevilirsən, seçilirsən...
Zamanında bunları etməyəndə isə qocalanda olursan Azərbaycanın aşağıda bəhs edəcəyim əhvalatın dırnaqarası qəhrəmanı olan bu veteran futbolçusu.
Arda Turan “Atletiko” ilə birgə Bakıya gələndə “Bakı”nın prezidenti Hafiz Məmmədov qonaqların şərəfinə ziyafət təşkil etmişdi. Həmin tədbirdə bizim o futbolçumuz “səninlə fəxr edirəm, qürurumuzsan” deyə-deyə güya özünün yazdığı kitabı az qala Ardanın gözünə soxurdu. Axırda, Arda nəzakətlə ağsaqqaldan kitabı qəbul etdi. Bizimki də cavab verdi ki, bəs, kitabımı imzamla sənə hədiyyə etmək istəyirəm. Arda təşəkkürünü bildirib razılaşdı. Bizim bu veteran sonda qayıdıb adı Avropada dillər əzbəri olan türk ulduzdan soruşdu:
- Sənin adın nədir?
Özünüzə yaxşı baxın!
Aydın BAĞIROV
"Baş məşqçi olmaq istəməzdim"
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirdi
Almaniyalı hücumçu MLS klubunda
Sabiq klubu Qurban Qurbanovu təbrik etdi
Matçda dava düşdü, iki klub da cəzalandırıldı
Haaland, Rays, Fernandeş...
Avrokubokla vidalaşan klub baş məşqçisini göndərir?
"Qarabağ"a qol vuran futbolçu ÇL-də rəmzi komandaya düşdü
"Kayrat" aparıcı oyunçusu ilə sağollaşdı
A Seriyası futbolçusu "Beşiktaş"a keçir
Reşford Messini geridə qoydu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Şahruddindən maraqlı paylaşım - Şəkil
Baş məqçi 5 oyunluq cəzalandırıldı
"Kristal Palas"dan hücumçuya 52 milyonluq təklif var
ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
FCSB - "Fənərbaxça" oyunu bu kanallarda
"Qarabağ"ın oyununa görə İngiltərəyə getdi
Van Deykdən "Qarabağ"la oyunda tarixi uğur
"Aston Villa"dan "Beşiktaş"a keçdi
Mourinyo Arbeloadan üzr istədi
Xviça Kvaratsxeliya ağır zədə alıb
Sabiq "Bakı"lı Hindistan klubunda
"Qəbələ"nin sabiq futbolçusu "Mingəçevir"də
AFFA bu klubları cərimələdi
Misli Premyer Liqasında 18-ci turun hakimləri açıqlandı
“Qarabağ”la oynamaq daha yaxşıdır” - Luis Enrike
Gecənin qəhrəmanı danışdı - “Etdiyim dəlilik idi”
Kevin Medina ÇL-də “üçlüyə” düşdü
Levandovski Messinin tarixi rekordunu təkrarladı
Boks üzrə Azərbaycan çempionatına yekun vuruldu
Azərbaycanın reytinq xalının 80,6 faizini “Qarabağ” qazanıb!
Azərbaycan UEFA reytinqində yüksəldi
"Dördüncü qol biabırçılıqdır" - Mbappe
"Mançester Siti" - "Qalatasaray" matçından - Video
"Liverpul" - "Qarabağ" oyunundan - Video
"PSJ-yə qarşı oynamaq istərdim" - Zubir
"Liverpul" - "Qarabağ" oyununun ən yaxşısı seçildi