Fatih Terimlə qanqaraldıcı görüş

Fatih Terimlə qanqaraldıcı görüş
YAZARLAR 22 Yanvar 2018 / 17:06 6658
-  A +

Futbol xatirəsi



Telefon zəngimə həmişə olduğu kimi, doğma Türkiyə türkcəsində yüksək mədəniyyətlə cavab verir:

- Aradığınıza çox sevindim.

- Bugünlərdə Türkiyəyə gəlirəm, vaxtınız olarsa, görüşmək istəyirəm.

- Əlbəttə, məmnuniyyətlə.

- O zaman oyundan sonra sizə yaxınlaşacam.

- Gözləyəcəm.

Bu kübar danışıqdan sonra iş tamam deyib, ertəsi özlüyümdə planlar qurmağa başlayıram. O gözəl şəhərdə doyunca gəzəcəm, dünyaya qan udduran Osmanlı sultanlarının sarayı olmuş Topkapını ziyarətə gedəcəm, sonra Boğazda oturub canlı musiqi dinləyə-dinləyə, dəniz dalğalarının sahildəki kiçik qaya parçaları ilə toqquşmasının səsini eşidə-eşidə dadlı levrek balığı yeyib, bir az da rakı içəcəm... Lap Cüneyt Arkın və Türkan Şorayın birgə çəkildiyi filmlərdəki kimi. Özlüyümdə gülüb keçirəm. Bunlar hələ sonra olmalıdı. Həmin görüşdən sonra. İndi, bu xəyalları quranda isə sevimli şəhərim İstanbulda məni hansı “sürpriz”in gözlədiyini, qanımın it qanına dönəcəyini isə əlbəttə, onda heç ağlıma da gətirmirəm.

***

Ətrafdan gələn davamlı “kestane, kestane...” səsinə ayaq saxlayıram. Kestane, yəni bizim türkcəmizdə şabalıd. Onu elə küçənin ortasındaca, sobanın üstündə qovurub satırlar. Adamı iştaha gətirən qoxusu var. Və o kestane, onu bişirən kiçik ocağın ətrafı bürüyən tüstüsü məni Taksim meydanından aralanmağa qoymur. Alıb ilk dəfə elə oradaca dadına baxıram. Sonralar həm Türkiyə, həm də bizim Bakımızda da qarşıma tez-tez çıxdı o kestane qovurmasından. Amma mənə görə, dünyanın ən dadlı qovrulmuş kestanesini məhz elə Taksimdə, uzunburun papağı başına avara və lovğa gənclər kimi əyri qoyan o cavan oğlan bişirirdi...

Türklər demiş, bu gün daha çox kalabalıkdı bu meydan. Taksiyə insanların üç-üç, dörd-dörd, bəzən də beş-beş minib bir zülmlə bir-birinin üstündə oturması, az qala uzanması diqqətimi çəkir. Tanışlar, yadlar bir maşında gedir. Lap Bakı-Sumqayıt taksilərində olduğu kimi. Əl edib, bir taksi də mən saxlayıram.

- Burda taksi üstündə həmişə belə basabas olur?

Sürücü sanki bu sualımı gözləyirdi.

- Yox, bu gün metro işləmir. Ona görə də boş taksi tapmaq belə durumlarda çətinləşir. O adamlar da, elə sizin kimi, futbola tələsirlər.

Taksimdən “Türk Telekom Arena”ya gərək ki, 25-30 dəqiqəlik yoldu. İstanbulun yeni arenasının yaxınlığında sürücüyə 35 türk lirəsi verib düşürəm.

2012-ci ilin yanvarıdı.

Az sonra superliqanın “Qalatasaray”- “Karabükspor” oyununa canlı baxmaq, sonra da Bakıda vədələşdiyim görüşə görə stadiona daxil olmalıyam. Amma qəfil bir narahatlıq yaranır məndə. Bəs, birdən içəri buraxmadılar? Nə olsun ki, bir oyunluq akkreditasiyanın problemsiz həlli üçün Bakıdan Türkiyənin, müqayisəli desək, Mətbuat Şurasının sədrinə, yaxud da oranın Əflatun Amaşovuna zəng vurulub. Alınmasa necə olacaq? Azmı görmüşük Bakıda polisin halal bileti (yəni halal pulla alınmış bileti) olanları, klubdan akkreditasiya alanları kefinə düşəndə “yer yoxdu” deyib stadiona buraxmadığını?

Türk polisinə yaxınlaşıram:

- Mən Azərbaycandan gəlmiş gazeteciyəm, basın kartını (bir oyunluq jurnalist vəsiqəsi deyək – A.B.) hardan götürə bilərəm?

Ratsiya ilə kiminləsə danışdıqdan sonra “Buyurun, əfəndim, 26-cı qapıya yaxınlaşın, oradan kartınızı ala bilirsiniz...” - deyir.

Hər şey bu qədər rahat, bu qədər nəzakətlə. Vəsiqəni alıb içəri keçirəm. Ani fikrə gedirəm. Yəqin Türkiyədə hər zaman işlər bu cür sadə şəkildə yoluna qoyulur, ya da nə bilim, Bakıdan edilən xahişin bir xeyri dəyib.

Media tribunasındayam. Farih Terimin rəhbərlik etdiyi “Qalatasaray” Bülənt Qorxmazın “Karabükspor”unu qəbul edir. Bülənt bəy texniki zonada futbolçulara tapşırığını verəndə mən xəyalən Azərbaycana qayıdıram. Axı, çox yox, cəmi il yarım əvvəl o, Azərbaycanda, “Bakı” klubunda işləyirdi, həmin tapşırıqlardan Respublika stadionunda “Qarabağ”la, “Neftçi”ylə oyunlarda da verirdi. Sonra klubun rəhbərliyindəki bəzi adamlar bütün peşəkarlıq, nəzakət qaydalarını pozaraq futbolçularla komandanın “texniki və taktiki məsələlərinə həsr olunan” gizli görüş keçirmiş, ertəsi günü bundan xəbər tutan Bülənt bəy isə özünə qarşı hörmətsizlik edildiyini,  şəxsiyyətini hər şeydən üstün tutduğunu əsas gətirərək istefa vermişdi. Gizli görüşdən xəbərsiz olan “Bakı”nın o vaxtkı oliqarx prezidenti Hafiz Məmmədovun təkidli xahişləri də bir nəticə verməmiş və Bülənt Qorxmaz yaxşı maaş almasına baxmayaraq, bizim ölkəni tərk etmişdi.

Amma bu hörmətsizlik onun Azərbaycana və azərbaycanlılara olan isti və səmimi münasibətini qətiyyən dəyişməmişdi. “Türk Telekom Arena”ya getməyimin bir səbəbi sevimli “Qalatasaray”ın oyununu izləməkdisə, digər və ən əsas səbəbi də Bülənt Qorxmazla görüşmək idi. O görüşlə bağlı da, artıq yazının əvvəlində qeyd etdiyim kimi, razılıq alınmışdı. Amma bir halda ki, “Qalatasaray”ın oyunundayam və mətbuat konfransında da iştirak edəcəyəm, bəlkə elə sevimlimiz Fatih Terimə də Azərbaycana aid 1-2 sual verim? Özü də kefi kök olar yəqin, 5:1 udublar.

Sevimli Fatih Terimə... Eh...

Türklərin dilində desək, hoca hələ içəri girməyib, bu fürsətdən istifadə edərək “Qalatasaray”ın gərək ki, mətbuat xidmətinin rəhbərinə, ya da əməkdaşına müraciət edirəm. Sual vermək üçün ilk öncə ondan icazə lazım olduğunu söyləyirlər. Görünür, özlərinin mətbuat konfranslarında yad bir adamı ilk dəfə gördüyü üçün kimliyimi dəqiqləşdirir.

- Azərbaycandan jurnalistəm. Şərait yaratsaydınız...

Sözümü mədəniyyətsizcəsinə yarımçıq kəsərək özünün fizionomiyasına xas kobudluqla deyir:

- Sen bekle!

Və heç nə olmamış kimi arxasını çevirib gedir.

Hə, mətbuat konfransında Terimə sual vermək istəyim mətbuat xidmətinin nümayəndəsinin bu qanacaqsızlığı ucbatından elə ilk cəhddən uğursuzluğa düçar olur. Konfrans zamanı sual üçün əlimi qaldırıb söz istəsəm də, istəyimə nail ola bilmirəm. Amma konfrans qurtarandan sonra zalı tərk etmək istəyən Fatih Terimə yaxınlaşaraq onu saxlayıb, sual verməyə cəhd göstərirəm.

- Fatih hoca, mən Azərbaycandan gəlmiş jurnalistəm.

Azərbaycandan jurnalist. Türkiyənin qonağı. Qardaş ölkələr. “Bir millət, iki dövlət...” Terimin ən azı elə bu faktlara həssaslıqla yanaşıb ayaqüstü çox yox, cəmi bircə dəqiqəsini bizə ayıracağını düşünürəm. Və birdən gözləmədiyim halda soyuq, daha doğrusu, indiyədək də qulağımda ilişib qalan az qala iki metr uzunluqda cavab gəlir:

- Eeeeeeeeee...

- Sizə bir-iki sualım vardı.

- Mətbuat konfrasında verəydin.

- İstədim, amma şərait yaratmadılar.

- Tamam, tamam. Tez sualını ver, tələsirəm...

Bir sual verirəm, candərdi cavab verib ildırım sürətiylə də çıxıb gedir. İkinci sual havada qalır (indi, 2018-ci ildə düşünürəm, mənim yerimdə bir türkiyəli jurnalist, Terimin yerində isə hansısa "Karabükspor"la yox, nəhəng "Çelsi" ilə oyundan çıxan Qurban Qurbanov olsaydı qarşısındakı jurnalistə belə nəzakətsizlik edərdi?)...

Elə o anda kimsə əlini çiynimə qoyur. 3-4 türk jurnalistinin əhatəsinə düşürəm. Hiss edirəm ki, Terimin sayğısız münasibətinə görə özlərini pərt olmuş kimi sayırlar. Amma əlbəttə, başa düşürəm ki, Türkiyə Terim kimi Azərbaycana saxta münasibət bəsləyənlərdən ibarət deyil. Bəs, bir azərbaycanlıya, bir qonağa hörmətlə yanaşan o polis, bəs Terimin etdiklərinə görə gərək olmadığı halda utanc hissi keçirən o jurnalistlər? Bəs, Bülənt Qorxmaz?

Hə, yeri gəlmişkən, elə qanqaraldıcı olaya görə Bülənt Qorxmazla görüşməyib arenanı tərk edirəm. 2-3 gün sonra ona zəng vurub olanları demədən üzrxahlığımı bildirirəm. Hər halda, Terim onun məşqçisi, böyüyü olub.

Boğazda balıq yeməyi isə təxirə salıb İstanbuldan Antalyaya, “Qarabağ”ın düşərgəsinə gedirəm. Axşamı Feysbuku açıb müzakirələrə baxıram. Bizim fanatik “Qalatasaray”lılar Terimi kim daha çox sevir deyə bir-biri ilə qırğına çıxıblar...

Aydın BAĞIROV
[email protected]

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər