Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da günahkardı, bir Naninin qarşısında aciz qalan komandanın tən yarısı da.
Bəs, Qurban Qurbanov?..
Səhvlərdən danışırıqsa, birinci ünvan, şübhəsiz ki, odu. Vaxtında lazımi səviyyəli futbolçular alınsaydı, bu il transfer siyasətində ciddi səhvlərə yol verilməsəydi, "Sportinq"ə 1:6 hesablı biabırçı məğlubiyyət olmazdı, ola bilməzdi. Legionerin nazı ilə oynamaq bahasına olsa belə, səviyyəli oyunçular saxlanılmalı idi komandada, saxlanılmadı. İlin əvvəlində yüksək formada olan hücumçu Dino Ndlovu onun könlü Çin klubundadı deyə satılmamalı idi. Emosional qərar verilərək satıldı. Özü də bilə-bilə ki, bizimkilərin bu gün belə bir hücumçu alması çətindi. Biz legionerdən nə gözləyirik? Yaxşı oyunmu, yoxsa Azərbaycana, Qarabağa özümüzdən biri kimi torpaq, vətən sevgisimi, sədaqətmi? Dino yaxşı oynayırdı, amma sadəqətli olmaya bilərdi. Əcnəbidən komandaya sədaqət gözləməzlər. Onlar "Qarabağ"a Ağdam, Şuşa sevgisinə görə yox, məhz pul qazanmağa gəlirlər. Bu gün 100 minə Azərbaycanda oynayırsa, sabah da Ermənistanda 150 minə oynayar və bu, təəccüblü də olmaz.
***
Dinodan danışırıqsa, Almeyda, Pedro və Şehiçdən də danışmalıyıq. Almeyda öz xoşuyla getdi, amma Pedro və Şehiçi məhz Qurban Qurbanov göndərdi. Pedronun oyunundan tam razı olmadığını Qurban müəllim özü şəxsi söhbətdə mənə söyləmişdi. Deməli, onun göndərilməsində pulla yanaşı bu amil də az rol oynamamışdı. Çoxlarına görə, Pedro və Şehiç "Qarabağ"da saxlanılmalı idi. Qalsaydılar, belə olmayacaqdı deyə düşünürük. Amma bu komandanın daxilinə, futbolçuya Qurban müəllimdən yaxşı bələd ikinci bir adam yoxdu. Sırf buna görə onun üzərinə çox gedilməsi də haqsızlıq olar. İstənilən halda bu futbolçuların gedişindən sonra komandaya gətirilən legionerlər gözlənilənlərin heç 20 faizini vermədi. Mövcud bazar şərtlərində çox ucuz qiymətə, gərək ki, 300-400 min avro civarında alınan hücumçu Emeqara isə "ucuz ətin şorbası olmaz" fikrini bir daha öz mənasız oyunçu keyfiyyəti ilə təsdiqlədi.
Hə, ən birinci səhv transfer siyasətində buraxıldı. Ya klub normal büdcə ayırmadı, əgər ayırdısa da, "Qarabağ"ın skautlarının budəfəki seçimləri uğursuz oldu. Və digər vacib problem - Qurban Qurbanovun eyni zamanda millidə çalışmasının da artıq "Qarabağ"ın əleyhinə işlədiyini uşaqdan böyüyə hamı görməyə başlayıb.
***
"Sportinq" məğlubiyyəti həqiqətən "Qarabağ"ın rəhbərliyi və məşqçi heyəti üçün ciddi bir siqnal olmalıdı. Komanda qara zolağa düşüb və yaxın vaxtda oradan çıxması üçün tədbirlər görülməlidi. Ən azı bu qış transfer pəncərəsində heç olmasa ortabab hücumçu alınmalıdı. Daha Emeqara kimi vaxtı bitmiş oyunçu deyil. Çünki Çempionlar Liqası və Avroliqada qrupda oynayan komandanın ikinci mərkəz hücumçusunun olmaması, sadəcə olaraq, "Qarabağ"ın qazandığı müsbət imici korlayır, onun uğur qazanmasına da mane olur və olacaq da.
Uğur olmayanda isə azarkeş narazı qalır, nəticə tələb edir. Heç nəyə soyuq başla yanaşmır. Fərqinə də varmır ki, əslində bu gün faciə baş verməyib. "Qarabağ" dünyada nəticə və oyun baxımdan böhran keçirən ilk və sonuncu klub deyil. Bu günün özündə belə hətta "Real Madrid", "Manşester Yunayted", "Bavariya" kimi klublar yaxşı dövrünü keçirmir. Heyətində nə qədər ulduz var. Hələ pullarını, azarkeşlərini demirik. Qurban Qurbanov və komandası uzun illər, davamlı olaraq ölkə futbolunun lideri və xaricdəki layiqli elçisi ünvanını daşıyırdı. Amma uzun illər təxminən eyni heyətlə oynayanda fiziki, mənəvi və psixoloji yorğunluğun yaranması qaçılmaz idi. Bu proses əvvəl-axır baş verəcəkdi və bu mövsüm baş verdi də. Amma təəssüf ki, nə klub, nə azarkeşlərimiz, nə mediamız, bir sözlə, futbol ictimaiyyətimiz əslində bu prosesə hazır deyildi. Hamıya yanlış olaraq elə gəlirdi ki, "Qarabağ" əzəmətini əbədi olaraq qoruyacaq. Amma belə şey olmur, ola da bilməz. Nağıl dünyasında yaşamayaq. Futbolda uğurla uğursuzluq həmişə qoşa addımlayıb. Qurban Qurbanov isə robot deyil, ətdən-sümükdən insandı. Bəli, işində səhv edib, bəlkə də bundan sonra da edəcək. Sənin kimi, mənim kimi, hamımız kimi. Amma bu ölkədə heç kimin Qurban Qurbanovu "Qarabağ"dan istefaya səsləməyə sadəcə olaraq mənəvi haqqı çatmır. Heç kimin... Çünki bizim bu iyrənc futbol mühitimizdə bu komandanı indiyədək yaşadan "Qarabağ"ın sponsor-rəhbərliyi olubsa, yaradan və qoruyan məhz Qurban Qurbanov olub. Bu gün "Qarabağ"a azarkeşlik edənlərin mütləq əksəriyyəti bu komandanı Qurban Qurbanova görə tanıyıb, rəğbət bəsləyib və sevib.
Bir gün o vaxt da gələcək ki, Qurban Qurbanov "Qarabağ"dan gedəcək. Amma necə gəlmişdisə, elə gedəcək. Şərəflə, ləyaqətlə...
Aydın BAĞIROV
[email protected]
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı