Zamanında istənilən yaxşı bir hücumçu alınsaydı və komanda irəlidə bir tək İnnosent Emeqaranın ümidinə qalmasaydı, “Qarabağ” bəlkə də bu gün Çempionlar Liqasının pley-off mərhələsindəydi. Amma alınmadı. Ya transfer siyasətində səhvlər buraxıldı, ya gecikmə oldu, ya da Qurban Qurbanovun istədiyi həmin o oyunçu Azərbaycana gəlmək istəmədi.
BATE keçilməliydimi? Keçilməliydi! Bəs, keçilməyibsə, kimdi günahkar? Təbii ki, başda Qurban Qurbanov, sonra da oyunçular. Rəşad Sadıqov? O da günahkardı, əlbəttə. Hər iki oyunda iki kobud səhvindən qollar buraxılıb. Elə qollar ki, komandanın daha da irəli getməsinin üstündən xətt çəkib. Amma bu, heç kimə onun üzərinə bu qədər mərhəmətsizcəsinə, ədalətsizcəsinə getməyə əsas vermir. Rəşad bu gün, ən azı mövsümün sonuna kimi futboldan getməməlidir. Özü istəyirsə belə, getməməlidi. Çünki bu zəiflik, qorxaqlıq kimi görünər. Futboldan getmək yox, futboldan qaçmaq olar!
“Qarabağ”a yönələn tənqidlərin çoxunda tutarlı əsaslar var, təbii ki. Hərlənib yenə gəlirik transferlərin üzərinə. Təkcə ötən mövsüm Çempionlar Liqasının qrupunda iştiraka görə UEFA-dan 16 milyon avro gəlir əldə olunub. Klubun ötənilki büdcəsindən düz iki dəfə çox. Bəs bu 16 milyondan transferlər üçün nə qədər pul ayrılıb? Ayrılan pula istənilən futbolçular alınıbmı? Alınmayıbsa niyə? Gecikmə olubsa, niyə? Ümid edək, Qurban müəllim yaxınlarda bu suallara cavab verəcək.
Amma bu yerdə onunla həm də son görüşümü xatırlamalı oluram. Demişdi ki, istədiyim bəzi üst səviyyəli legionerlər “Qarabağ”da, daha da dəqiqi Azərbaycan çempionatında oynamaq istəmirlər. Bu gün aldıqlarından hər nə qədər artıq pul təklif olunsa belə. Niyə gəlmək istəməmələrinin səbəbi də aydındı. Bir cümləylə kobud ifadə etsək, bu ölkənin çempionatı sadəcə, çempionat deyil. Böyük ehtimalla şişirilən, istənilən halda isə yenə də rəsmi protokollarda əksini tapan rəqəmlər belə Premyer Liqa adlı bu yarışın nə qədər bərbad vəziyyətdə olduğunu növbəti dəfə təsdiqləyir.
Bu da acınacaqlı fakt. Ötən həftə liqanın birinci turundakı üç oyununu stadionlarda cəmi 1700 azarkeş izləyib! 1700 azarkeş “Qarabağ”ın ev oyunlarını keçirdiyi “Azərsun Arena”nın stadionunun kiçik bir tribunasına sığa, ya sığmaya. Amma 1700 azarkeşi son olaraq Azərbaycan çempionatında “Qarabağ”ın hansı ev oyununda görmüsünüz? Hələ söhbət ölkənin son 4-5 ilinin TOP komandasından gedir. Görün, indi o birilər nə gündədi. Amma BATE-yə uduzanda, söhbət futbolda öyüd-nəsihət vermək mərhələsinə gələndə “Qarabağ”ın təkcə Feysbukdakı azarkeşlərinin sayı azı on dəfə artır. Bunu da elə-belə, sözgəlişi dedim.
Qayıdaq daha ciddi problemə. Tribunalar niyə boşdu? Bölgələrdə futbol deyə bir idman növü qalmayıb, ona görə. Bir tək “Xəzər Lənkəran”ın yaxşı vaxtlarını yada salın. Və maraq üçün elə bu klubla “Qarabağ” arasındakı (hələ böyük oyun adlanan “Xəzər Lənkəran”la “Neftçi”nin matçlarına toxunmuram) oyunlara gələn azarkeş sayına fikir verin. Onda Azərbaycan futbolunun cənublu azarkeşlərə hələ çox ehtiyacı olacağı fikri ilə bir daha barışacağıq. Və cənub da, digər bölgələr də futbolsuz qaldığı müddətdə stadionlar bom-boş olacaq.
“Qarabağ”dan legionerlər – Almeyda, Şehiç niyə getdi? Təkcə pula görəmi? Futbol azarkeş üçün oynanılır. Futbolçu azarkeşin alqışından, ona dəstək verməsindən ruh, stimul alır, həvəslənir, daha yaxşı oynamağa çalışır. Onu meydanda təkcə pul yox, həm də azarkeş oynadır. Amma Azərbaycanda futbolçular, məşqçilər azarkeş nəfəsini hiss etmirlər. Deməli, azarkeşi stadiona gəlməyən ölkənin çempionatında rəqabət də olmayacaq. Bunun üstə bir çox klubun yarıtmaz idarəçiliyini də gələndə “Qarabağ” ölkədə faktiki olaraq, rəqibsiz duruma düşür. Yalnız ildə bir dəfə, yaydan-payıza olan bir neçə ayda avrokuboklarda bu komanda rəqabət hiss edir, rəqib görür (ona görə də "Qarabağ"ın ÇL-lə üçüncü mərhələdə vidalaşmasında qeyri-adi, faciəvi nəsə axtarmaq yersizdi).
Bəs, stadionlarımızın boş qalması, bölgədə futbolsuzluq, çempionatdakı bu rəqabətsizlik futbolumuzun yiyələri olan AFFA ilə PFL-i ciddi şəkildə maraqlandırırmı? Həqiqətən maraqlandırırsa, problemin həlli üçün iş görülübmü? Görülübsə, nə vaxt, harada və nəticə nə olub?
Əlbəttə, bu ritorik sualların cavabları da, əsl həqiqətlər də hamıya bəllidi.
... Və bəlli bir həqiqət daha var. “Qarabağ” Çempionlar Liqasında məhz həmin çempionatı, rəqabəti, azarkeşi olmayan ölkənin təmsilçisi idi. Uduzan “Qarabağ”dı. Günah da “Qarabağ”dadı. Amma uduzan, zərbə alan həm də Azərbaycan futboludu. Üç oyununa cəmi 1700 azarkeş gələn Azərbaycan futbolu...
Bunun da günahkarı “Qarabağ”dı?
Aydın BAĞIROV
[email protected]
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir