Bakıdan və onun qızmar havasından ayrılıb İslandiyanın paytaxtı Reykavikə yola düşəndə “Qarabağ” klubunun nümayəndələrinin qayğıkeş sualları ilə üzləşirəm: “Qalın paltar götürmüsənmi?”
Bizdə Azərbaycanda yaydakı ənənəvi istilərdən fərqli olaraq gəldiyimiz bu Şimal ölkəsində havanın temperaturunun ən yaxşı halda +12 dərəcə olduğunu internetdən öyrənə bilmişdim. Yəni dünən temperatur belə göstərirdi, elə bu gün və sabah da 12-dən yuxarı qalxacağı gözlənilmir.
Odur ki, özüm də daxil hamı burada qalın gödəkcədə gəzir…

***
“Reykyavikdə olmusan, deyəsən” - təyyarədən enəndə Şahruddin Məhəmmədəliyevdən soruşuram. Gülümsəyərək “Hə, amma yaxşı xatirəm yoxdur” deyib əlavə edir: “İslandiya bizə 5 qol vurmuşdu”.
2025-ci ilin sentyabrın 5-də keçirilmiş millimizin yerli komandaya 0:5 hesabı ilə uduzduğu oyunu yada salır. Daha demirəm ki, milliyə gələndə çox xatirəmizin mayası elə məyusluqla yoğrulub. Bir tək İslandiya olsaydı, nə dərdimiz vardı.
Demirəm. Həm də bu sərt soyuqda o boyat nəticənin üzərində durmaq da mənasız olar. Çünki komandanı elə bir güclü külək və yağış qarşılayır ki, hamı təyyarənin trapından enən kimi qaça-qaça avtobusa tələsir.
***
Bakıdan İslandiyanın əsas beynəlxalq hava limanı Keflavikə 7 saat 40 dəqiqəlik uzun bir yoldur. Ordan qaldığımız Reykyavikə isə 40 dəqiqəlik məsafə. Elə ona görə hamı elə yorulub əldən düşüb ki, otelə girərkən yeməyini yeyib sakitcə öz otağına çəkilir. Otel də doludur. Bizim qaldığımız da, başqaları da. Çünki İslandiya, paytaxt Reykyavik daim turistlərlə qaynayıb-daşan bir yer olub.
İnternet mənbələrinə görə, 2025-ci ildə ölkəyə gələn xarici turistlərin sayı 2,3 milyon nəfər təşkil edib. Daha çox ABŞ-dan, Almaniyadan, Böyük Britaniyadan. Bu, 400-450 minlik balaca ölkənin əhalisinin sayından təxminən 6 dəfə çoxdur! Turistlər buranın şəlalələrinə, isti bulaqlarına və SPA-larına, Şimal işıqlarına, vulkanlarına və buzlaqlarına, Şimali Atlantik okeanındakı balina müşahidəsinə görə gəlir…
Britaniyalılara görə isə şəhərdə ingilis, irland PUB-ları da çoxdur. PUB demişkən, ən ucuz bir pivənin qiyməti bizim pulla hardasa 20 manatdır. 2-3 km-lik məsafəyə taksi ilə gediş isə 40-45 manat arası. Bəli, İslandiya Avropanın ən bahalı ölkələrindən biridir.
Mən bu son yazdıqlarımı dünən gecə müşahidə edərkən yerli vaxtla gecə saat 12-1 arası idi. Və onda da, bu günlər də (əsasən iyun-iyul ayları) İslandiyada hamı bir təbiət möcüzəsinə canlı şahidlik edir: bəyaz gecələrə.
Nə gecə saat 11-də qaranlıq olur, nə 12-də, nə 1-də… Hər yer işıqlıq, hər yer aydınlıq. Təsadüfi deyil ki, bu səbəbdən şəhərin gecə həyatı yerində saymır.

Amma əlbəttə, səfərim futbolla bağlıdır ki, məlum, “Qarabağ” bura yerli “Vestri” ilə Avropa Liqasının 1-ci mərhələsinin təkrar matçına görə gəlib. 3-4 minlik İsafyordur şəhərinin bu təmsilçisinin stadionu UEFA tələblərinə cavab vermədiyinə görə oyunu Reykyavildə keçirməli olacaq.
İlk matçda 3:0 hesablı qələbəmiz var, ikinci oyunda (sabah) da aşkar favorit bizimkilərdir, bu öz yerində. Hələlik burada olduğum 13-14 saatlıq bu qısa müddətdə gördüyüm odur ki, İslandiyada futbola möhkəm bağlılıq var, bir çox yaşayış binasının qarşısında futbol meydançaları salınıb. Hətta gecə 11-12 arası belə futbol oynayan uşaqları görmək olar (bu barədə ayrıca yazım olmalıdır).

Hələlik isə “Qarabağ”ın Avropa yolçuluğu təkcə qələbə ilə yox, həm də sərt soyuqla başlayır. Bəlkə bu, Qurban Qurbanovun yenilənmiş komandasının bu mövsüm Avropada yaradacağı bir fırtınanın nişanəsidir?
İslandiyadan qeydlərimiz davam edəcək.
Aydın Bağırov,
Reykyavik
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada