Hər şeyə qulp qoymaq şakərimiz...

Hər şeyə qulp qoymaq şakərimiz...
YAZARLAR 1 Aprel 2026 / 13:45 1111
-  A +

"Türkiyə yaxşı oynamadı, amma ağıllı oynadı". Son illər həm də bir futbol eksperti kimi sevilməyə başlayan Nihat Kahveçinin milli komandalarının səfərdə Kosovonu məğlub edib mundiala yüksəlməsinə "Kontraspor" verilişində ilk rəyi belə oldu. 

Məntiqli yanaşmadır. 

Türkiyə 2023-cü ildən bəri italyan Vinçenzo Montellanın rəhbərliyi altında bəzən azarkeşin ləzzət aldığı oyun göstərir. Bəzən də darıxdırıcı. Amma baxaq görək, FİFA-nın üzvü olan neçə milli komanda var? 211. O 211 milli komanda içində hətta reytinq zirvəsində olan millilər belə həmişə yaxşı oyunla uğur qazanmır. Hətta yaradıcı oyunu ürəyə yağ kimi yayılan İspaniya belə.   

Necə deyərlər, "ən yaxşı oyun tablodakı nəticədir". 

Bəs nəticə Türkiyə üçün nə deyir?

Onu deyir ki, "ay-ulduzlular" 24 il sonra dünya çempionatının final mərhələsinə yüksəlib. 2 il əvvəl isə elə bu komanda Avro-2024-də 1/4 final oynamışdı. Böyük zəhmətin, neçə-neçə oyunda qazanılan qələbələrin sayəsində. Nəticə həm də onu deyir ki, Türkiyə milli komandası geriyə yox, irəliyə gedir. Zamanla, səbrlə. Futbolçuları Avropada o TOP liqa qalmayıb ki, ora səpələnməsin. Birinin xoş sorağı "İnter"dən gəlir, o birinin qürurlu sədası "Real"dan, daha birininki "Yuventus"dan. 

... Və Kosovo millisi.

Biz azərbaycanlıların bu komanda ilə bağlı kədərli bir xatirəsi də var. 2018-ci ildə dünən Türkiyənin qələbə çaldığı Priştina stadionunda komandamıza Millətlər Liqasında qalib gəlib (4:0) qrup birincisi olmuşdular. 

Üzərindən çox keçməmiş həmin məğlubiyyətə, daha doğrusu, bircə məğlubiyyətə görə AFFA-nın o vaxtkı uzaqgörən rəhbərliyi millinin baş məşqçisi Qurban Qurbanovu istefaya göndərmişdi. İndi görün, o oyundan sonrakı 8 ildə Kosovo necə və nə cür inkişaf etdisə, mundialın bir addımlığına kimi irəliləyə bildi. 

... Və biz.

Kosovo dünya çempionatı üçün oynayanda isə Azərbaycan millisi FİFA-nın uğursuz eksperimentlərindən sayılan FİFA Seriyası adlı populyar olmayan, bəlkə heç vaxt da olmayacaq bir balaca turnirin qalibi adını qazandı. Vur-tut 3 komanda arasında. Və bu 3 komandadan biri belə FİFA-nın reytinqində heç 118-ci yerdən də yuxarıda deyil.  

Amma olanımız da budur, axı. Reallıqlar var. Hər nə qədər zəif rəqiblər üzərində qələbələr tam ürəyimizcə olmasa da, illərdir futbolumuzun problemlər içində can verməsini görməzdən gəlməməliyik. Elə bil tutub boğublar ki, nəfəs alma. Bu gün deyil, 2 il deyil, 20 ildən çoxdur. Köhnələr təzələrə müsbət sayılacaq bir miras belə buraxmayıb.

Futbol bacarıqla idarə olunmayıb, saya-hesaba gəlməyən o qədər nöqsana yol verilib ki, gəlib düşmüşük Millətlər Liqasında ən zəif 6 komandanın yarışdığı D liqasına. Yəni daha bundan o tərəfə yarış qalmayıb ki, sonuncu olsaq, gedib orada da oynaya bilək.

1 günə, yaxud 2 ilə futbolçu yetişmir, amma 20 ilə yetişir, yetişə bilir. Özü də lap əlasından. Amma problemin dərinliyi kaş D liqasına düşməyimizlə bitə idi.

Aşağı yaş qrupları üzrə bütün milli komandaların nəticələri, səviyyəsi, qələbəyə həsrət qalması bizim futbol üçün gələcəkdə daha böyük problemlərin siqnalı sayılmalıdır. Odur ki, AFFA ilə yanaşı həm də varlı klublarımızadır sual. "Qarabağ"adır, "Neftçi"yədir, "Sabah"adır. Hanı yetirməniz olan yaxşı azərbaycanlı futbolçular? Kimi yetişdirmisiniz, daha doğrusu, niyə yetişdirməmisiniz? Bir-iki qabiliyyətli yeniyetmə və gənci çıxmaqla. 

İndi bu acı gerçəklikləri bilə-bilə, görə-görə bəzi azarkeşlərimiz arasında Türkiyənin qələbəsinə qulp qoyanlara da rast gəlinir. "Kosovo nə komandadır?" kimi naşı suallar ünvanlanır. Əlbəttə, Kosovonun DÇ-2026-nın pley-off finalına yüksəlməsi elə ən yaxşı cavab olardı. Amma daha bir tutarlı cavab həm də Vedat Muriqidir.

Bəs, kimdir Vedat Muriqi? 

Vedat Muriqi Kosovo millisinin mərkəz hücumçusudur. Həm də İspaniya La Liqasında "Malyorka"nın üzvüdür. Və Muriqi bu mövsüm həmin yarışda düz 18 qol vurub! O, milyonyarımlıq bu balaca ölkənin adı futbol dəftərində olmayan "Liria" adlı klubun yetirməsidir. 

Bəs, bizimkilər hardadır?

Aydın Bağırov

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.26
14.10.24
28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19

Son xəbərlər
topaz banner