Bu gün “Səbail”lə “Qarabağ” arasında keçirilən Premyer Liqanın 15-ci turunun oyunu (0:1) başlamamış diqqətimi bir maraqlı məqam çəkdi.
Əsas heyət üzvləri paltardəyişmə otağında olduğu vaxtda Ağdam klubunun ehtiyatda olan qapıçısı Vaqner de Silva meydanda “Səbail”in bir neçə gənc futbolçusu ilə topla məşq edirdi. Baxmayaraq ki, onlar bir-birinə rəqib idi, hiss olunurdu ki, hər biri kiçik məşqdən məmnun qalıb. Elə ona görə də komandalar meydana daxil olduğu vaxtda bu beş futbolçudan ibarət "mini komanda"nın üzvləri bir-biri ilə mehribanlıqla görüşərək meydanı tərk etdilər. Bu zaman görüşmək estafeti Qurban Qurbanovla futbolumuzun soyuqqanlı davranışına görə ikinci Qurban Qurbanovu sayılacaq Aftandil Hacıyevə çatdı.
Sonra əlbəttə, hər biri texniki zonada öz yerinə getdi və təsəvvür edin, bütün 90 dəqiqə hər ikisi sakitcə, səslərini ucaltmadan, qışqırmadan, hirslənmədən təmkinlə oyunu (komandalarını) seyr etməyə başladılar. Sanki futbola yox, düşündürücü bir filmə baxırdılar və onda mənə bir anlıq elə gəldi ki, Bayıl stadionuna gələn 1000-a yaxın insan arasında matç boyu ən az danışan da məhz o ikisi olub - Qurban Qurbanovla Aftandil Hacıyev...
Əsəblər necə bu qədər sakit ola bilər, heyrət etməyə bilmirsən.
***
PFL-in prezidenti Ramin Musayev isə həmişə kimi şən ab-havada görünürdü. Danışıb-gülür və yəqin şifahi xalq yaradıcılığımızdakı unikal sözlərlə zəngin olan bir iki lətifə də danışırdı. Ramin müəllimin lətifə bazası çox zəngindir, yaxşı maraqlı əhvalatları da az deyil. Düzdür, bəzilərini şişirdir, bəzilərini isə bəzəyib danışır, amma istənilən halda yaxşı danışır. Nə isə... Bunları sözgəlişi dedim.
Bizim futbol idarəçiləri oturduqları “Skybox”da nə danışırlarsa danışsınlar. İstəyirlər, futboldan danışsınlar, lap elə dayanmadan lətifə danışsınlar. Əsas odur ki, bugünkü kimi yerli futbola, stadionlara gəlsinlər. Əks halda futbolumuz özü, ruslar demiş, anektod mövzusuna çevrilir.
Anektod demişkən...
30-cu dəqiqədəki bir kiçik məqam isə artıq həqiqətdə baş verdi, amma Maykl Essyenin vurduğu zərbəyə çoxları güldü. Gülməyə də bilməzdi. Çünki 20-25 metrlik məsafədən endirilən zərbədən sonra top hardasa elə bir o qədər hündürlüyü olan tribunanı da aşaraq, güman ki, stadionun arxasındakı evlərdən birinin həyətindəki toyuq hininin kəlləsinə düşdü. Böyük bir adın, futbolçunun karyerasının sonunun gülüş hədəfinə çevrilməsi, doğrudan da, məyusedici olmaya bilməz. Ona görə də Essyeni bura gətirlənlər bu kədərli həqiqəti artıq onun özünə də deməlidirlər.
Yeri gəlmişkən, irad tutulası futbolçu bir tək Essyen deyil. “Qarabağ”da Maqaye Qeyenin yenidən kökəlməsi diqqət çəkməyə bilməzdi. Yenidən ona görə ki, ötən yay Ağdam klubuna gələndə də onun çəkisi, gərək ki, 90 kilonu adlamışdı və həm buna, həm də az qol vurduğuna görə az tənqid olunmamışdı. Bundan sonra çəkisi azalmışdı və gözləmək olardı ki, bu narazılıqlardan sonra Qeye qış fasiləsində çəkisini bir qədər də aşağı salacaq, lazımi formaya düşəcək.
Amma görünür, Antalyadakı təlim-məşq toplanışı zamanı 29 yaşlı bu seneqallı gizli də olsa dadlı türk tatlılarından o qədər çox yeyib ki, çəkisi az qala yenidən 90-a çatıb. Yəqin həm də bunun nəticəsidir ki, “Səbail”lə oyunda 4-5 metrdən topu boş qapıya göndərə bilmədi. Ümid edək ki, bu intizamsızlığına və məsuliyyətsizliyinə görə onun barəsində Qurban Qurbanov artıq lazimı tədbiri görərək daxili cəza tətbiq edib.
***
Amma Qeye, əlbəttə, “Qarabağ”dakı ümumi havaya təsir edə bilməz. Komanda barədə onu söyləmək olar ki, qış fasiləsindən sonra yavaş-yavaş yaxşı formaya düşür, futbolçuların ümumi durumu qənaətbəxş sayıla bilər. Rəşad Sadıqov, Maksim, Qara, İsmayıl, Xayme, Zubir və s. yaxşı təsir bağışladılar. Hərçənd unutmayaq ki, rəqib də xeyli zəifləmiş autsayder “Səbail” idi. İstənilən halda bugünkü qələbəsi “Qarabağ”la ən yaxın rəqibləri olan “Neftçi” və “Keşlə” arasında xal fərqini yenidən 8-ə qaldırdı. Amma bu o demək deyil ki, hələ çempionatda intriqa ölüb.
Növbəti tur “Qarabağ” əzəli rəqibi “Neftçi”ni qəbul edir. Və böyük ölçüdə məhz fevralın 8-si intriqanın öləcəyi, yaxud yenidən diriləcəyinə aydınlıq gələcək.
Aydın BAĞIROV
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas