Hanı Bəhram?

Hanı Bəhram?
YAZARLAR 26 Oktyabr 2016 / 17:19 11242
-  A +

Tiranı başa düşdük, anormaldı.

Bəs, AFFA-nın ağlı hara uçub ki, azarkeşi vurana cəmi 5 oyunluq cəza kəsir?

Ümumiyyətlə, görəsən, bu qurumun İntizam Komitəsində oturanların beynəlxalq təcrübədən xəbərləri var?

Söhbət bir əcnəbinin Azərbaycanda çıxardığı hoqqadan getmir. Söhbət bir azarkeşin vurulmasından gedir! Və azarkeşin vurulmasının cəzası hər nədisə, 5 oyun deyil, ey hörmətli AFFA və PFL!

Söyənə də 5 oyun cəza verirsiz, döyənə də?

Baxın can atmaq istədiyiniz Avropanın futboluna, Avropanı qoyaq bir kənara, İrana baxın. Azarkeşə zərbə vurana ən yumşaq halda 3-4 ay cəza verirlər. Hələ bütün mövsümboyu kənarlaşdırılan da olur!

Sizin bu dırnaqarası humanistliyinizin məqsədi nədi? “Neftçi”yə tərəf tutmaq, ya onun sahiblərinə yarınmaq?

“Neftçi”dən söz düşmüşkən. Klubun rəhbərləri harda gizləniblər? Niyə futbolçusunun tərbiyəsizliyinə münasibət bildirmirlər? Bizim media yazıq Elxan Abdullayevi divara dirəyib. Lazımi qiyməti verdi də o.

Bəs, hardadı xalq yazıçısı?

Hardadı KVN-şik?

Bəhram Bağırzadə, çıx danış, birbaşa sənin səlahiyyətinə aid məsələdi. Sənin futbolçun sənin azarkeşini vurub.

Jurnalist vurmayıb, təkrar edirəm, sənin harınlamış futbolçun vurub...

O futbol meydanı “Neftçi”də çalışan hər bir insanın öz ev kimidisə, meydana bilməyərəkdən, ya da ağılsızlıq edib girən də o evin qonağıdı.

Evin bir adamı öz qonağına qarşı tərbiyəsizlik edib...

Amma ən pisi ev yiyəsinin susmağıdı.

Heç olmasa, belə vaxtda susmayın!

“Bakcell Arena”dakı dünənki rəzilliyi çoxumuz gördük. Amma qaranlıq bir məqam qaldı. Hakim Katalin Tiraya qırmızı verib meydandan qovanda “Qarabağ”ın bəzi oyunçuları nəyə və niyə etiraz edirdi?

Aydın BAĞIROV

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər