Lanzenkirçen kəndinin sakinləri

Lanzenkirçen kəndinin sakinləri
YAZARLAR 3 İyun 2016 / 12:45 14875
-  A +

AVSTRİYA GÜNDƏLİYİ: İKİNCİ GÜN

(Futboldan kənar)

Lanzenkirçen kəndinin cəmi 4 min əhalisi var. Bizim milli komandanın məskunlaşdığı Bad Erlah qəsəbəsindən maşınla uzağı 10 dəqiqəlik yol ayırır buranı. Deməli, bu balaca kənddə o 4 min əhali kiçik bir cənnət yaradıb. Bizim bəzi milyonçular ki var e, dəbdəbəli villa tikdirir, o villalara da uzunluğu 7-10 metrlik hündürdə hasar çəkdirir, bax, onların topasını Lanzerkirçenə (əminəm ki, Avstriyanın digər kəndlərinə də!) göndərmək lazımdır ki, gedib, əsl gözəllik necə yaradılır gözləri ilə görsünlər, bir az avstriyalılardan nümunə götürsünlər. Burda hər şey gözəl olmaqla yanaşı, sadədi, təbiidi, sünilikdən kənardı. Və bütün bunlar milyonlar bahasına yox, çox ucuz qiymətə (10 minəmi, 20 minəmi? Növbəti səfərdə bunu hökmən bir avstriyalı ilə dəqiqləşdirəcəm) ərsəyə gəlib.
                                           

Lanzenkirçen 90 faiz bu şəkildəki evlərdən ibarətdir. Kiçik villadır. Siz bir həyətinə fikir verin: başdan ayağa yaşıllıqdır. Və bu şəklə baxan istənilən azərbaycanlıya, hə, əzizi oxucu, sənə də, mənə də təəccüblü görünür ki, nə əcəb bu kiçik villanın... hasarı yoxdu? Məgər, bir evin də həyəti görünər?

Amma Avstriya insanı bizim kimi düşünmür, axı. Bu ölkədə, elə bu kənddə də kimsə hansısa alt niyyətlə kiminsə həyətinə, evinin içinə boylanmır, başqasının işinə burnunu soxmur, nə yeyir, nə içir, necə istirahət edir, necə oturur, necə durur, buna fikir vermir. Hamı öz işindədir.

Bu villadan bir az aralanıb səhər gəzintisini davam etdiririk. Bütün evlər, bütün həyətlər elə bil bir-birinin təkrarıdır. Qarşımıza orta yaşlı bir qadın çıxır: uzun illərdir bizi tanıyırmış kimi, “Good morning” deyib günümüzü salamlayır. 50 metr sonra daha biri ilə rastlaşırıq, o da ingiliscə, kübarca “Sabahınız xeyir” deyib keçib gedir. Sonra daha biri, yenə biri... O səhər və bundan sonra o kənddə qaldığımız digər bütün səhərlər qarşımıza kim çıxırdısa, hamısı bizimlə salamlaşırdı. Bax, çoxumuzun bəyənmədiyi Avropada qəbul olunmuş gözəl qaydalardan, mədəniyyətlərdən də biri budu: hamı günə xoş ab-havada başlamalı, adi bir sözlə, bir “Good morning”lə bir-birinə müsbət enerji ötürməlidi. Amma bizdə elə adamlar var, 30-40 ildi qonşudular, qabaq-qabağa gələndə hələ də salam verməyə canları çıxır.

Görürsüz, Azərbaycandan bir misal gətirən kimi, adamın az qala əhvalı pozulur. Yaxşısı budu, qalaq elə o kənddə. Və o kəndin gözəlliyinə tamaşa edək. Buyurun, bu da ikinci şəkil:


                                        

Səliqəyə, sadəliyə fikir verin. Bir daha qeyd edirəm, bura Avstriyanın meqapolisi, hansısa başqa bir gözəl şəhəri deyil: sıradan bir kənddir. Amma bu kəndin bütün yollarına asfalt döşənib, özü də Ziya müəllimlə Hacıbala müəllimin bir vaxtlar az qala ildə 5-6 dəfə dəyişdiyi asfaltdan daha keyfiyyətli, daha hamar. Bu kəndin yolları palçıqlı deyil, boşalmış “Fanta”, “Kola” butulkası, əzilmiş siqaret qutusu və kötüyü ilə zibillənməyib, yollarını mal-qara bulamayıb... Və bütün bu səliqə səhmanı bizim kimi, ətdən, sümükdən olan insanlar yaradıb. Amma aramızda bir fərq var: zehniyyət fərqi!

Baxın, bütün evlər təxminən eyni üslubla, eyni zövqlə tikilib. Uzun illərdir ki, belə də qalıb. Və orda kimsədə “onun evi bir mərtəbədisə, məndə iki mərtəbə olmalıdır, o “Opel” sürürsə, mən “Mersedes” sürməliyəm” kimi görməmiş təfəkkürü formalaşmayıb.

Bəli, bura Avstriyadı, Avtsriyanın kiçik bir kəndidi. Orda “Opel” də sürürlər, “Mersedes” də, orda kasıb da var, varlı da. Orda kiçik sıradan evlər də var, gözəl və sadə tikilmiş villalar da.


                                         
Yadımdan çıxmışdı, demə, əslində o kənddə böyük hasarlar da var. Və o hasarın o biri tərəfində yaşayanlar Lanzerkirçen kəndinin ən zəngin insanlarıdır. Amma o hasarlar bizdəki kimi daşla, palçıqla deyil, yamşayıl ağaclarla hörülüb.

Milyonçularımız da çox fərqlidi...

(Ardı olacaq)

Aydın BAĞIROV

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı