Futbol statistikasıyla az-çox maraqlanan adamlar milli komandamızın 1992-ci ildən üzü bəri keçirdiyi və bundan sonra keçirəcəyi rəqiblərin səviyyəsini araşdırsalar, əminəm ki, onlar da mənim qədər təəccüblənəcəklər. Çünki AFFA-da millimizə rəqib axtarmaqla məşğul olanlar bizə başqa seçim imkanı qoymurlar. Konkret olaraq mətləbə gələk. Deməli, bildiyiniz kimi, futbol federasiyası millimizə yoxlama oyunları üçün üç rəqib tapıb: Sinqapur, Hindistan və Fələstin. Bu komandalar millizin fəaliyyət göstərdiyi 20 il ərzində qarşılaşacağımız ən zəif rəqiblər olacaq. Onları hətta buna qədər millimizin oynadığı 57 yığma komanda arasında ən zəifləri hesab olunan Andorra və Türkmənistan yığmaları belə bu gün dünya reytinqində qabaqlayır.
Yeri gəlmişkən, rəqiblərimizin FİFA reytinqində hansı mövqedə qərarlaşdığı yəqin oxucu üçün maraqlı olar:
Sinqapur – 147-ci yer
Hindistan – 158-ci yer
Fələstin – 162-ci yer
Əslində, bu komandaların səviyyəsinə gülməkdənsə, millimizə ağlamaq daha yaxşı olardı. Hər halda, futbola yatırılan bu qədər milyonların qarşılığında FİFA reytinqində indi heç olmasa, 44-cü olmalıydıq. Mən həmişə futbolumuzun Ermənistanla müqayisəsinin əleyhinə olmuşam. Amma nə qədər acı da olsa, bu bir həqiqətdir ki, bu gün ac Ermənistan futbolu tox Azərbaycan futbolundan qat-qat yaxşı nəticə göstərir. Odur ki, qardaş Türkiyənin millisini udan günü sevindiyindən tipik sovet uşağı təfəkkürüylə “Urraaa” sözü yazılmış təbrik sms-i göndərən rusdilli futbol funksionerimiz bilməlidir ki, futbolda əsl qəhrəmanlıq Türkiyəni məğlub etmək deyil, Türkiyə və digər rəqibləri məğlub etməklə gəlib dünya reytinqində ən azı Ermənistandan önə keçməkdir. Bilirsiniz, nəyə görə ən azı 44-cü olmalıyıq yazdım? İki ölkənin futbolda reytinqindəkı aşağıdakı bu yerlərinə görə:
Ermənistan – 45
Azərbaycan – 111
Mənə elə gəlir ki, həmin o “Urraaa”nı bu sıralamada yerlər dəyişəndən sonra demək (yazmaq) olar.
Mövzudan uzaqlaşmayaq. Axı, gərək ki, biz millimizin rəqiblərindən danışırdıq. Yadınıza gəlirsə, ötən ilin sonları AFFA Kipr millisiylə yoxlama oyunu keçirmək üçün danışıqlar aparmış və millimizin baş məşqçisi Berti Foqtsun mətbuata verdiyi məlumata görə, hətta oyunun vaxtı da təyin edilmişdi: noyabrın 15-i. AFFA-nın baş katibi Elxan Məmmədov isə apasport.az saytına aşağıdakı açıqlamanı vermişdi. Buyurun, Azərbaycan dövlətinin imicinə ciddi şəkildə zərər vura biləcək bu açıqlamayla tanış olun: “Yoxlama oyunu üçün bir neçə federasiya ilə danışıqlar aparılır. Demək olar ki, Kipr Futbol Assosiasiyası ilə danışıqlarımız yekunlaşıb. Onlarla yoldaşlıq oyunu haqda ilkin razılıq əldə etmişik. Məsələnin tam rəsmiləşməsi isə yaxın günlərdə gerçəkləşəcək”.
İlk baxışda təəccüblü bir şey görünməyə bilər. Amma mən tam əminəm ki, gənc baş katib o vaxta qədər bilməyib ki, yunan Kipri qardaş Türkiyə dövləti ilə bu günə qədər düşmən münasibətdədir və rəsmi Ankara yunan Kiprinin müstəqilliyini hələ də tanımayıb. Və belə bir ölkəylə Azərbaycan futbol federasiyası yoxlama oyunu keçirmək üçün danışıq aparır. Bu, bilirsiniz nəyə bənzəyir? Bir anlığa düşünün ki, qardaş Türkiyənin milli komandası Dağlıq Qarabağa qanunsuz səfər edərək separatçıların komandasıyla yoxlama oyunu keçirir. Onda nə baş verəcəyini özünüz yəqin edin. İndi bildiniz əslində AFFA Kiprlə millimizin oyununu niyə ləğv edib? Mediada təbii ki, səbəb kimi, siyasi məsələ göstərilmədi, guya son anda Kipr razılaşmayıb. Hətta əgər belədirsə belə, Kiprlə yoxlama oyununa görə danışıqlara başlamağın özü belə ciddi siyasi səhv idi. Yeri gəlmişkən, hələ 1998-ci ildə, AFFA-nın o vaxtı rəhbərliyi dövründə milli komandamızın Kiprlə yoxlama oyunu keçirilməsi barədə razılıq əldə edilmişdi. Lakin Türkiyə dövlətinin rəsmi və sərt müdaxiləsindən sonra həmin oyun keçirilməmişdi.
Qayıdaq yenidən, növbəti üç rəqibimizlə bağlı mövzuya. Doğrudan da, mənə hələ də maraqlı gəlir: Sinqapuru, Fələstini və Ciminin həmyerlilərini millizə rəqib seçmək nəyə hesablanıb? Adətən, yoxlama oyunlarındakı rəqiblər rəsmi oyunlardakı rəqiblərinin səviyyəsinə uyğun olaraq seçilir. İndi siz axtarın görün, Sinqapurla dünya çempionatında sentyabrda oynayacağımız İsrail, Fələstin və Hindistanla digər rəqibimiz Portuqaliya arasında hansısa cüzi bir oxşarlıq, yaxınlıq tapa bilirsiniz?
Futbol menecerlərinin söylədiyinə görə, AFFA-ya ciddi rəqiblər təklif olunsa da, qəbul edilməyib. Konkret olaraq, Cənubi Amerikadan dünya reytinqində hazırda 51-ci yerdə olan Honduras millimizi qəbul etmək istəyib və rəqibin bütün xərclərini də öz üzərinə götürüb. Amma AFFA nədənsə, bu göydəndüşmə dəvətdən boyun qaçırıb.
Azərbaycan kimi komandalara hər fürsətdə belə təklif gəlmir. Ona görə ki, bizi ciddi rəqib yerinə qoyanların sayı barmaqla sayılacaq qədərdir. Əslində, futbola aidiyyatı olmayan Hindistan, Fələstin kimi komandalarla yoxlama oyunları keçirməyimizin bir səbəbi də elə budur. Amma istənilən halda, bu cür rəqib seçimi həm də AFFA-nın ucuz şousudur. Guya belə rəqibləri udub özlərinə xal qazanacaqlar. Rəsmi oyunlarda planları puç olan AFFA Hindistan kimi komandaları udmaqla FİFA reytinqində irəli getmək istəyir.
Bu isə irəliləyiş yox, geriyə dönüşdür və özünü aldatmaqdır.
Dünya reytinqinin dibindən çıxa bilməyən Hindistanın, Fələstinin, Sinqapurun səviyyəsinə düşmək, eniş deyil, bəs nədir?
Aydın BAĞIROV
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas