Millimizin “Avro-2020”ni sonuncu yerdə başa vuracağı dəqiqləşdi. Bu, komandamızın dünən səfərdə Macarıstana 0:1 hesablı məğlubiyyətindən və Uelsin rəqib meydanında Xorvatiya ilə heç-heçə etməsindən sonra bilindi.
6 turdan sonra milimiz 5 komandalı qrupda 1 xalla axırıncı yeri tutur və 5-ci pillədən yuxarı qalxa bilməyəcəyik. Çünki 4-cü pilləni tutan Uelsin hazırda 8 xalı var ki, millimiz sonrakı 2 matçda 6 xal toplasa belə, bir pillə yüksəlməsi mümkün olmayacaq. Beləliklə, millimizin bu seçmə mərhələdəki çıxışını da tamamilə uğursuz, futbola təkcə son iki ildə dövlətin verdiyi on milyonlarla manat maddi dəstəyin müqabilində fiasko hesab etmək olar.
Gələn il Avropa çempionatının final mərhələsinin 4 oyunu (üç qrup və 1/4 final matçı) Azərbaycanda keçiriləcək. Bundan həvəslənən AFFA rəhbərliyi hələ ötən il bəyan etmişdi ki, millinin qarşısına qoyulan vəzifə “Avro-2020”nin final mərhələsinə vəsiqə qazanmaqdır. İnsafən, bunun üçün yaxşı imkan da yaranmışdı. Bu mənada, federasiya rəhbərliyinin tələbi də haqlı və əsaslı idi. Ona görə ki, “Avro-2020”nin seçmə mərhələsindən daha əvvəl ilk dəfə keçirilən Millətlər Liqası turniri vasitəsi ilə gələn ilki yarışda oynamaq üçün yaxşı bir imkan vardı. Bundan başqa milli “Qarabağ”la Çempionlar Liqasında uğurlu nəticə göstərən Qurban Qurbanova tapşırılmışdı ki, bu faktın özü də futbol ictimaiyyətinin ümidlərini daha da artırmışdı. Amma Qurbanovun millidə məşqçi kimi birinci və hələlik sonuncu işi uğursuz oldu. Olmamalıydı. Kosovo, Malta və Farer adalarının yer aldığı qrupu komandamız gözlənilənlərin əksinə olaraq, birinci deyil, ikinci yerdə başa vurdu. Bununla da “Avro-2020”yə Millətlər Liqası yolu ilə getmək ümidlərimiz puç oldu.
Səbəb hər nə olursa olsun, nəticə acınacaqlı idi və buna görə məsuliyyət birbaşa o vaxtkı baş məşqçi Q.Qurbanovun üzərinə düşür. Hər şeydən əvvəl ona görə ki, AFFA-nın indiki rəhbərliyi dövründə millinin baş məşqçisi olan 3 əcnəbidən fərqli olaraq, Q.Qurbanov bir təcrübəli yerli mütəxəssis kimi bizim futbol mentalitetini, futbolçuların dili və psixologiyasını daha yaxşı bilirdi. Üstəlik digər məşqçilərin zamanında olduğu kimi, onun dövründə də “Qarabağ”lı futbolçular millidə çoxluq təşkil edirdilər. Bu isə uğurlu nəticələr üçün əlavə imkanlar yaradırdı. Amma görünür, iki işdə (“Qarabağ” və milli) eyni vaxtda işləməsinin yaratdığı zehni və fiziki yükləmə millimizin Millətlər Liqasının final mərhələsinə çıxmasına əngəl oldu. Qurban Qurbanov bu faktı indiyədək yaxınına buraxmasa belə.
Əlbəttə, millinin ötən ilin sentyabrından – Millətlər Liqasından başlayaraq ta “Avro-2020”nin seçmə mərhələsindəki 6 oyunundakı bu nəticələrə görə AFFA-nın rəhbərliyi də yaxasını kənara çəkə bilməz. Əgər deyək ki, Millətlər Liqasındakı uğursuzluq hətta bir nəfər – Q.Qurbanovla bağlıdırsa, bəs, “Avro-2020” biabırçılığını kimin adına yazaq? Bu seçmə mərhələdə ki məşqçi Qurbanov deyil, AFFA-nın özünün gətirdiyi mütəxəssis olub. Final mərhələsinə çıxmağı bir kənara qoyaq, 6 oyundan cəmi 1 xal toplanılıb. Hətta AFFA-nın hazırkı rəhbərliyinin özlərinin dönəmində belə 6 matçda bu qədər az xal qazandığımız mərhələ olmamışdı. Hər il futbolun inkişafı üçün AFFA-ya ayrılan pul artır, xal isə artmaq əvəzinə azalır. Yəni, tam bir anormallıq.
Bəs, yaxşı nə baş verir?
Son vaxtlar AFFA-ya yaxınlığı ilə tanınan və yemlənən bir qrup marionet 1 xala görə məsuliyyəti ancaq baş məşqçi Nikola Yurçeviç və futbolçuların üzərinə atır. “Komandanın oyunu yoxdur”, “Məşqçi işi görünmür” deyə fikirlər formalaşdıraraq diqqəti əsas problemlərdən yayındırmağa mənasız cəhdlər göstərilir. Düzdür, məşqçi və futbolçunun səhvi yoxdur demək ən azı naşılıq olardı. Amma AFFA mələk deyil. Saysaq, işlərində tonlarla səhv, qeyri-şəffaflıq üzə çıxacaq.
O səhvlərdən birinə diqqət edin. Azərbaycan futbolundan bixəbər, hətta ölkəsi Xorvatiyada belə baş məşqçi kimi fəaliyyətinə ehtiyac duyulmayan (üç ay işlədikdən sonra qovulan) Nikola Yurçeviçi millimizə gətirdilər. Kim gətirdi? Əlbəttə, mütəşəkkil menecer çetesi. Hansı ki, federasiya ilə əlbir olub pul yumaqla məşğuldurlar. Bəs, AFFA prezidenti Rövnəq Abdullayev bunun səbəbini soruşubmu? Elxan Məmmədovun bu dəstəylə bağlılığı varmı, varsa nə qədərdir? Əlbəttə, baş məşqçi təcrübəsi olmayan birinə millimizi tapşırandan sonra belə uğursuzluğun olması təbii idi. Deyilmişdi də.
Amma məsələ təkcə bu da deyil. İstənilən halda futbolumuzda təpədən dırnağa qədər böyük problem var. Məlum faktdır ki, bütün yaş qruplarında nəticə pisdir. Daha pisi isə odur ki, ölkə futbolunda kadr - futbolçu böhranı günbəbəgün dərinləşir. Bölgələrdə klubların olmaması, bunun da vurduğu ağır zərbə belə görünür ki, futbol idarə edən AFFA-nı qətiyyən narahat etməyib, etmir və etməyəcək də. Uşaq futbol məktəbləri acınacaqlı vəziyyətdədir. Bu bir-iki cümləlik gerçəkliklər isə özünü əsas millinin acınacaqlı nəticələrində göstərir. Bir sözlə, futbolumuz ya ölüb, ya da can üstədir, öləcək.
Və onu diriltmək heç də Bəhlul Mustafazadənin sayılmayan haqlı qoluna görə tipik azərbaycansayağı isterika yaratmaqla olmur.
Aydın BAĞIROV
[email protected]
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas