Bunun tərcüməsi qalsın axıra. Hələlik biz gedək İspaniyanın paytaxtına...
Rəşad Sadıqov Madrid parklarından birində səhər məşqindədir. Axşam komandası “Atletiko” ilə oyuna çıxacaq. Qaçarkən də özünü videoya çəkərək deyir: “Bu gün biz tarixi uğur qazanıb “Qarabağ” adını yenə bütün Avropaya yayacağıq...”
Adətən, media qarşısında o, heç vaxt belə əminliklə danışmır, bütün rəqibləri barədə hörmətlə və ehtiyatlı fikir səsləndirir. Və o rəqib “Atletiko” da ola bilər, bizim çempionatın debütantı “Səbail” də.
Əslində bu, Rəşadın özü üçün çəkdiyi şəxsi videodu. Bizə, “Qarabağ”la birgə Madridə gedən jurnalistlərə göstərir. Artıq “Vanda Metropolitan”dakı oyun başa çatıb. Onun komandası isə “Atletiko”dan səfərdəki oyunda da xal alıb. Təklif edirəm ki, videonu yayımlayaq. Təvazökarlıq edir. Razılaşmır. Amma mən o videoda Rəşadın dediklərini bilərəkdən ictimailəşdirirəm. Çünki elə həqiqətlər var, onlar təkcə bir futbolçuya, bir komandaya deyil, bütün xalqa, millətə məxsusdu və gizli qalmamalıdı.
Sənli-mənli bəlkə də heç kim Azərbaycan futbolunun hazırkı rəzil mənzərəsi fonunda “Qarabağ”ın dünən növbəti fantastik nəticəyə imza atacağını ağlına belə gətirməzdi. Amma “Qarabağ”ın özünə, komandasına, nəhayət, məşqçisinə bu qədər yüksək səviyyədə inanan əsl lideri, kapitanı var. Gördünüz Rəşad nələr elədi? Karyerasının, özünün söylədiyi kimi, bəlkə də ən ağır və ən uğurlu oyununu məhz dünən, 35 yaşında keçirdi.
Oğulsan Rəşad!
Sən isə əziz oxucu, daha şokdan ayıl. Bu, yuxu da deyil. Sənin olmayan futbolunun çempionu dünya futbolunun brendlərindən biriylə, son 3 ildə iki dəfə Çempionlar Liqası finalında oynayan bir komandayla hər iki oyunda xal alıb. Uduzmayıb. Yox, uduzmayıb deyil, “Atletiko”nun belini qırıb “Qarabağ”...
***
Mən Qurban Qurbanovun ilk dəfə dünən bütün 95 dəqiqə (əlavə olunmuş 5 dəqiqə də daxil) texniki zonada bir saniyə belə oturmadığını gördüm. Böyük bir həyəcan hiss olunurdu. O təmkinli, soyuqqanlı Qurban müəllim tamam başqalaşmışdı. Sözlə, jestlərlə göstərişlər verir, ara-sıra köməkçisi Elçin Rəhmanovla məsləhətləşir (yeri gəlmişkən, oyun bitən kimi, Elçin müəllimin etdiyi ilk hərəkət kimisə qucaqlayıb təbrik etməsi deyil, yerə çöküb səcdəyə getməsi oldu), oyuna lazımi müdaxilələr edirdi. Və bu, onda alındı da. Mükəmməl futbol zəkası yenə köməyinə çatdı.
Mətbuat konfransı 15 dəqiqədən bir az artıq çəkdi. Bir gün əvvəl jurnalistlərlə görüşündən fərqli olaraq, bu dəfə kefinin yaxşı olması anlaşılan idi. Komandası “Atletiko”ya məğlub olmadı (ya da qələbəyə bərabər daha bir heç-heçə!). Özü isə... Hə, bax bir vacib məqam da məhz elə budu. Özü də müasir futbolun TOP-5 məşqçiləri sırasında olan Dieqo Simeoneyə uduzmadı.
Yadıma nəyə görəsə 2014-cü il düşdü. Simeone FİFA-nın sorğusunda Yoahim Lövdən sonra dünyanın ən güclü iki məşqçisindən biri olmuşdu. Qurban Qurbanov isə elə həmin il karyerasında ilk dəfə Azərbaycan çempionu adını qazanırdı.
3 il əvvəl kimsə Qurban Qurbanovun Simeoneyə, “Qarabağ”ın “Atletiko”ya uduzmayacağını söyləsəydi... Onun haqqında nələr deyərdilər, bir Allah bilir.
***
Yaxşısı budu, bir az da Simeonedən danışaq. Adam sanki oyuna çıxanda özünə batareya qoşur. Çünki ümumiləşdirsək normal insan enerjisinin bütün matç boyu bu qədər əl-qol hərəkəti etməyə, texniki zonada gəzməyə, yeri gəldi-gəlmədi, hakimlə mübahisə etməyə, azarkeşləri qışqırmağa səsləməyə yetməz. Dünən də öz ampluasında idi.
Dəliqanlı, çılğın biridi. Amma bir o qədər də peşəkardı. Hər iki oyun öncəsi “Qarabağ” haqda yüksək hörmətlə danışdı. Azərbaycan çempionu barədə yuxarıdan-aşağı bir kəlmə belə nəsə demədi. Baxmayaraq ki, zahirən arada nə qədər böyük səviyyə fərqi var. Hərçənd dünən oyun bitəndə həmkarı Qurban Qurbanovla görüşüb onun əlini sıxmadı. Dərhal meydanı tərk etdi. Etik baxımından isə rəqib məşqçini təbrik etməli idi. Nəticə hər nə olursa-olsun. Bu, futbolun, idmanın etik normalarından biridi. Amma görünür, bu argentinalı məşqçi “Qarabağ”la hər iki oyundakı nəticəni həzm edə bilmədi.
Hər halda qrupda hələ ki, ən çox xal itirdiyi komanda nəhəng “Çelsi”, yaxud “Roma” deyil, çoxlarının elə ilk gündən bir komanda olaraq hörmətsizcə yanaşdığı “Qarabağ” idi. 6 xal hədəfləmişdi, 4 xal itirdi.
***
“Qarabağ” isə bu “ölüm qrupu”nda 2 xal qazanıb. Özündən onqat üstün - büdcəsinə, ulduz futbolçularına görə - komandaların yer aldığı bir qrupda. Bəli, futbolun möcüzələrindən biridi.
Amma... Bu gün səhər “Qarabağ” komandasını hava limanında qarşılamağa cəmi 3 ya da 4 azarkeş gəlmişdi. Komandanın bəzi üzvləri çox pərt görünürdü. Madriddən qayıdanda isə onlar matçdan sonra Bakı küçələrində bayram edən insanlara nə qədər sevinc bəxş etdiyinə görə qürur duyurdular.
Nə isə. Biz bunları unudaq və bu komandaya elə ispanca deyək: “Gracias, “Qarabağ”! - Sağ ol, “Qarabağ”!
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada