“Atletiko”nun formasında Ermənistan yazılsaydı...

“Atletiko”nun formasında Ermənistan yazılsaydı...
YAZARLAR 13 Yanvar 2014 / 15:53 7367
-  A +

Ötən həftə “Visente Kalderon” stadionunda “Atletiko” ilə “Barselona” arasındakı oyunda bir məqam diqqətimi xüsusi çəkdi. Səhv etmirəmsə, ilk dəfə idi ki, Madrid komandasının ev matçından əvvəl üzərində “Lanf of fire Azerbaijan” yazılmış banner meydançanın mərkəzi hissəsində dalğalandırılırdı.
 
Şübhəsiz, “Bakı” klubu ilə imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, buna qədər bütün oyunlarda Azərbaycanı təbliğ edən “Atletiko”nun son addımı da təqdir olunası faktdır. Hər halda, yüz milyonlarla insanın izlədiyi İspaniya çempionatının liderlərinin qarşılaşmasında da ölkəmizin adına istər Madrid komandasının formasında, istər reklam lövlərində rast gəlinməsi Azərbaycanın təbliğatı baxımından əhəmiyyətli hadisədir.

Hərçənd bu yazıda həmin məqama toxunmaq fikrində deyiləm. Çünki bu haqda çox yazılıb və danışılıb. Mənə qəribə gələn həmin oyundan sonra da sosial şəbəkələrdə Azərbaycanın “Atletiko”ya himayədarlıq etməsinə ağız büzənlərin yenidən ortaya çıxıb “bizə “Atletiko” lazım deyil”, “Atletiko”ya xərclədiyimizə yüzlərlə yazıçının kitabını buraxmaq olar”, “bu pulları Azərbaycanın uşaq futboluna xərcləyək” və s. bu kimi köhnəlmiş, az qala ürəkbulandırıcı fikirlər səsləndirməsi oldu.

Əslində “Atletiko”, eyni zamanda bu klubun himayəçisi olan Hafiz Məmmədovun sahibi olduğu Fransanın “Lans” klubuna bizə belə komandalar lazım deyil yox, bizə belə komandalar nə üçün lazımdır məntiqiylə yanaşmaq daha doğru olardı. Axı, hər iki klub bu gün Azərbaycanın reklamından daha çox bizim üçün vacib olan başqa bir mühüm işi də görür. Son aylar ölkəmizin neçə-neçə yeniyetmə futbolçusu Avropanın “Atletiko” kimi nəhəng, “Lans” kimi köklü komandasının düşərgəsində məşqlərə başlayıb, bir növ həmin komandanın üzvünə çevrilib. Təbii ki, bugünədək ora yola düşən 10-dək futbolçumuzun hamısının gələcəkdə bu komandaların əsas heyətinin üzvünə çevriləcəyini düşünmək sadəlövhlük olardı. Amma 2-3 ildən sonra, çox yox, heç olmasa, bir-iki futbolçumuzun İspaniya və Fransa kimi ölkələrin əsas komandalarında (şərt deyil ki, “Atletiko” və ya “Lans”da) sabit çıxış etmək imkanı var.

Qısası, “Atletiko” və “Lans” Azərbaycana futbolçu yetişdirmək üçün keyfiyyətli fabrik rolunu oynaya bilər və bizə bu, mütləq lazımdır. Unutmayaq ki, Azərbaycan klublarının özlərinin yetişdirdiyi futbolçular ən yaxşı halda bizə qonşu olan Türkiyə və Rusiya liqalarında çıxış edib, amma orada möhkəmlənə bilməyib. Səbəb çox sadədir: bizdə  uşaqlar lazımi futbol savadı almayıb, futbol məktəbləri bərbad halda olub. Uşaq futbol məşqçlərinin əksəriyyətinin səviyyəsi haqda isə, ümumiyyətlə, çox danışmağa dəyməz.

Çünki acı mənzərə onsuz da göz qabağındadır: məhz onların yetişdirdiyi Azərbaycan futbolçusunun hansı qabiliyyət və bacarığın sahibi olduğu FİFA və UEFA yarışlarındakı nəticələrdə öz əksini tapıb. Və dərinə gedəndə müasir Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən Rəşad Sadıqovun, Ruslan Abışovun xaricdə möhkəmlənə bilməməsinin də başlıca səbəbi uşaqkən futbol məktəblərində aldığı mənəvi zədələrin təsiridir.

Ona görə bu gün əgər bir erməni (Henrix Mxitaryan) “Borussiya” kimi komandanın aparıcı üzvünə çevrilirsə, bir azərbaycanlı (Ruslan Abışov) Rusiya “Rubin”ində əsas heyətə düşə bilmirsə, buna görə ən böyük məsuliyyəti, ilk növbədə onlara futbol dərsi vermiş müəllimlər daşıyır.
İndi isə gəlirəm, yazıya nə üçün məhz bu başlığı seçməyimə.
 
Bəli, “Atletiko”nun formasında Ermənistan yazılsaydı, “Lans”ın isə 41 minlik stadionunda Azərbaycanın yox, bizə düşmən olan dövlətin bayrağı dalğalandırılsaydı, o zaman nələr olardı,  təsəvvür edin. Sosial şəbəkələrdə həmin o “Atletiko” və “Lans” bizə lazım deyil” deyənlər, ağla qaranı seçə bilməyən qaraguruhçu daltoniklər və qazimizin sözü olmasın, Azərbaycandakı “Amerikanın uşaqları” bir hikkə qoparardılar, gəl, görəsən.

“Atletiko”nun formasında və stadionunun ən baxımlı yerlərində Ermənistanın adı var, bəs hara baxır, Azərbaycan hakimiyyəti, hardadı bizim vətəndən dəm vuran biznesmənlər?”

“Lans”ın stadionunda Ermənistanın bayrağı dalğalanır, bizim dövlətin, iş adamlarının isə Avropada bir klubda belə iş görməyə fərasəti çatmayıb”. Əmin olun ki, əgər Azərbaycanın yerinə bu işləri Ermənistan görsəydi, bu gün hədəfə çevrilən bizim hakimiyyət və iş adamları daha sərt ittihamlarla üzləşəcəkdilər, düşmən dövlət bizimkilərə nümunə kimi göstəriləcəkdi.

Görmürsünüz, yeri gəldi, gəlmədi təkcə bir Henrix Mxitaryanı nə qədər gözümüzə soxurlar... Səbəb də sadədir: indiyədək bir azərbaycanlı legioner öz klubunda normal oynamayıb.
Bütün bunlardan sonra başa düşürsüz, “Atletiko” və “Lans” bizə nə üçün lazımdır?


Aydın BAĞIROV
 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər