Tarix 2012-ci ilin sentyabrın 10-u idi.
Portuqaliyanın Portu şəhərindəki bir oteldə Berti Foqts mətbuat konfransı keçirirdi. Tədbirdən bir gün sonra millimiz qeyri-adi memarlığı olan Braqa şəhər stadionunda Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliya komandası ilə görüşəcəkdi (DÇ-2014-ün seçmə mərhələsində). 83 milyon avroya başa gələn bu stadionun qeyri-adiliyi ondadır ki, arena az qala qayanın içində tikilib. Təsəvvür edin, qayadan cəmi 5-6 metr o tərəfdə meydançanın qapısı yerləşir. Və həmin qapıda bizim Kamran Ağayev də dayanmışdı. Və orada qapılardan 3 qol buraxmasına baxmayaraq, Kamran karyerasının ən uğurlu oyunlarından birini keçirmişdi. Şəxsi dueldə isə təsəvvür edin ki, Kriştiano Ağayevə qol vura bilməmişdi. Ronaldo vurduğu zərbələr qapıya girmədikcə hər dəfəsində başını tutur, hirsindən gülürdü.
Yuxarıda qeyd etdiyim mətbuat konfransında təəccübümə səbəb olab bir an yaşandı. Həmkarım millimizin o vaxtkı baş məşqçisi olan Foqtsa sual ünvanladı ki, sabahkı oyunda komandamızın məqsədi nədir? O da sualdan şalvarını batırıbmış kimi cavab verdi ki, “biz bura xal almağa gəlməmişik”.
Əlbəttə, reallıqda Azərbaycan tarixində heç vaxt futbolda Portuqaliyadan üstün olmayıb. Amma bu, heç bir məşqçiyə oyundan əvvəl təslimçi fikirlər söyləməyə, ağ bayraq qaldırmağa da əsas vermirdi. Çünki belə fikirlər futbolçu üçün psixoloji olaraq uğursuzluğun əsasını qoyur. Yəni komanda artıq meydana çıxmadan uduzur. Necə ki, bizimkilər artıq həmin görüşə çıxmadan da uduzmuşdular, çıxanda da uduzdular - 0:3. Və bu yenilgi nə Berti Foqtsun, nə də onun Almaniyadan gətirib milliləşdirdiyi əli gökdəmirlərin vecinə olmuşdu. Hırıldaya-hırıldaya və pullarını da alıb öz ölkələrinə yollanmışdılar.
Və onda yadıma Əhməd Ələsgərov düşmüşdü. 1999-cu ildə heyətində Luiş Fiqu, Rui Koşta, Vitor Baya kimi dövrünün futbol əjdahalarının olduğu Portuqaliya millisi Bakıda millimizlə oyuna gəlmişdi. Oyunöncəsi ənənəvi mətbuat konfransında millimizin baş məşqçisi olan Ə.Ələsgərovdan soruşmuşdular ki, bəs, sizin futbolçular Fiqudan qorxmur? O da demişdi ki, “Kamalın, Ədaimin, Bəxtiyarın olduğu yerdə Fiqu kimdir ki?”
1999-cu ilin həmin günlərində Kamal Quliyev, Ədaim Niftəliyev, Bəxtiyar Musayev “Neftçi”də oynayırdı, Fiqu isə “Barselona”da. Dünya futbolunun superulduzlarından sayılırdı. Bu uşaqlar isə heç Azərbaycan futbolunun da ulduzları deyildilər. Amma siz məşqçinin cəsur komandana xas qətiyyətli sözlərinə, futbolçularına verdiyi motivasiyaya baxın: “Kamalın, Ədaimin, Bəxtiyarın olduğu yerdə Fiqu kimdir ki?” İndi gəl, bunda sonra oynama. Və həmin Kamal, Ədaim, Bəxtiyar, Zaur və bütün komanda meydanda futbol oynamadı, bütün ruhunu, mənliyini, canını ortaya qoydu, sensasiya yaradaraq Portuqaliyadan bir xal aldı. Tarixində ilk və hələlik sonuncu dəfə...
Niyə “hələlik” yazdım? Çünki indinin özündə də nə qədər möcüzəvi görünsə belə, şans həmişə olur. Bu ayın 24-də Azərbaycan Portuqaliya ilə yenidən, bu dəfə DÇ-2022-nin seçmə mərhələsində qarşılaşacaq. Millimizin indiki baş məşqçisi Canni De Byazinin bu oyunla bağlı açıqlaması, sadəcə, ləzzət edir: “Portuqaliyanın əsas problemləri odur ki, bizim onları məğlub edə biləcəyimizi düşünmürlər”.
Gərək ki, De Byazi Əhməd Ələsgərovdan sonra millimizdə çalışan ilk məşqçidir ki, cəsarətli açıqlamaları olur. Əlbəttə, reallıq hissimizi də itirməmişik. Azərbaycanın Portuqaliyadan xal alması mümkünsüz görünə bilər. Söhbət bunda deyil. Uduzsaq da, faciə sayılmaz. Lakin bir məşqçini məşqçi və lider kimi ucaldan həm də onun qətiyyəti, ürəkli olması, futbolçusunda ruh yüksəkliyi aşılamaq bacarığıdır. De Byazi gəldiyi gündən belə bir məşqçi təsəvvürü yaradır. Amma, əlbəttə, iş bir tək onun yaxşı motivator olması ilə yekunlaşmır. Gərək onun da qan qaynadan sözləri bu günün Kamalı, Ədaimi, Bəxtiyarı, Zauru olan Qaranın, Bəhlulun, Namiqin, Mahirin... canına, ruhuna hopa. Bu isə artıq De Byazinin deyil, Qaranın, Bəhlulun, Namiqin, Mahirin xarakterinə bağlı məsələdir.
Buyurun, meydan sizindir. İndiki şərait də, qazanc da 1999-cu ilin Azərbaycan millisindən azı 10 dəfə yaxşıdır. Bacarırsınızsa, Kamaldan, Ədaimdən, Bəxtiyardan, Zaurdan futbolçu kimi əskik olmadığızı sübut edin. Milli üçün, Vətən üçün hər zaman can qoya biləcəyinizi göstərin. Və tək Portuqaliya ilə deyil, bütün oyunlarda!
Aydın BAĞIROV
[email protected]
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi