Bizim “Lans” və bizim silahımız

Bizim “Lans” və bizim silahımız
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2013 / 11:13 9535
-  A +

Üç il əvvəlin söhbətidir. Bir dövlət qurumunun səlahiyyətli nümayəndəsindən soruşdum ki, nəyə görə hələ də bu yekəlikdə idman arenasının girəcəyindən sovetin gerbi yığışdırılmayıb, axı, Azərbaycan artıq 19 ildir, müstəqilliyini bərpa edib, nə çətin şeydir, orada öz atributumuzu yerləşdirmək. Cavabı məni az qala şoka saldı:

- Nə olsun. Durub da... Elmlər Akademiyasının binasının üstündə də həmin gerbdən qalıb, məsləhət olsa, yığışdıracağıq.

- Axı, arena sizin tabeçiliyinizdədir. Nəyi necə etməyi də məhz sizin qurum məsləhət görməlidir.

Susdu, cavab vermədi. Daha bilmirəm, sonradan rəsmi bir şəxs kimi nə dərəcədə məsuliyyətsiz və yöndəmsiz bir açıqlama verdiyinin fərqinə vardı, ya yox...

Yaxşı ki, zamanı gələndə Azərbaycan prezidenti həmin arenanın yenidən qurulması haqda müvafiq sərancam verdi, stadion başdan ayağa yeniləndi və həmin gerb də avtomatik olaraq oradan yığışdırıldı. Lakin əminəm ki, bu sərəncam olmasaydı, o cür düşüncədə olan adamların biganəliyinə görə sovet gerbi günü bu gün də stadionun ən hündür yerində qalacaqdı.

İfrat vətənpərvərlik anlayışından tamamilə uzağam. Və sadaladığım həmin mənfi hallar kiminsə öz dövlətinə, dövlət rəmzinə sevgisinin olmaması demək deyil. Sadəcə, öz işinə bir az məsuliyyət və hörmət gərəkdir. Onda kiminsə nəsə yazmasına, irad tutmasına da ehtiyac qalmayacaq.

Öz işini layiqincə görəndə, öz dövlətinə, xalqına sədaqətlə, ürəyinin hökmü ilə, nəhayət, təmənnasız xidmət edəndə isə... gözünü açıb görürsən ki, məsələn, sənin dövlətinin başqa bir rəmzi, qürur duydugun bayrağın Fransa boyda nəhəng dövlətin bir ərazisinin ən hündür yerində dalğalanır.

Görürsünüz, bu şəkli? Hər iki tərəfdə Fransanın, düz ortada isə bizim bayrağımızdır.

Könül istərdi ki, Azərbaycanın da bütün stadionlarının ən üst qatında bayrağımız olsun. Amma yoxdu. Təəssüf ki, mən bilən, özü də heç bir stadionda yoxdu.

Bayraq vətəninə sevgisi olan hər bir insan üçün müqəddəs dəyərdir. Onun dalğalanması ilə necə qürur duyursansa, təhqir olunmasını, alçaldılmasını bir o dərəcədə, bəlkə də ondan daha artıq hiddətlə, qəzəblə qarşılayırsan.
Nə yazıq ki, bizim bayrağımız zaman-zaman çox təhqir olunub. Əsasən də Qarabağda, ermənilər tərəfindən... O mənzərələr yadınızda qalar yəqin: bayrağımız dövlət binalarının üzərindən çıxarılır, yerə atılır, tapdalanır və sair... Bax, bizim bayrağı bir zamanlar bu formada aşağılayanlar da yəqin ki, bu şəkil çəkiləndən az sonra hələlik boş qalan həmin tribunaları dolduracaq, özü də dövlət atributumuzu görə-gərə, daxilən alçaldıqlarını bilə-bilə.

Kimisi bayrağımızın ora sancılmasına ağıllı siyasət deyər, kimisi uğurlu diplomatiya. Amma bunun bir adı daha var: ilahi ədalət!

Bəli, Fransada, bir zamanların məşhur “Lans” komandasının ev oyunlarını keçirdiyi Feliks Bolların adını daşıyan, 41 mindən çox azarkeş tutumu olan arenanın ən hündür hissəsində yerləşən bu bayrağı hər gün minlərlə fransalı görür...
“Lans”ın hər ev oyunları zamanı isə ən azı 30 min insan istəsə də, istəməsə də o bayrağın ən yüksək yerdə dalğalanmasını, başqa sözlə, özünün başı üzərində olmasını qəbul etmək məcburiyyətində qalır: fransalısı da, lap elə Fransanın hər yerinə səpələnmiş ermənisi də.

Əlbəttə, bu bayraq o boyda yerə təsadüfən, hansısa bir fransalının bizə sevgisinə görə gedib çıxmayıb. Bu, ürəyində öz dövlətinə, xalqına sonsuz sevgi hissləri olan bir insanın inadkarlığı, prinsipiallığı və nəhayət, o bayrağa olan sədaqəti sayəsində baş tutub.

Hafiz Məmmədov - artıq bütün dünyada brendə çevrilmiş “Lanf of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan ) layihəsinin müəllifi bir iş adamı kimi, Azərbaycan dövlətinin Ermənistanla apardığı informasiya müharibəsinə dəstək olaraq başqa üsullar da seçə bilərdi. Məsələn, Azərbaycanın əlamətdar günlərində xaricdə ya da ölkəmizin özündə hansısa tədbirlər keçirər, müxtəlif aksiyalar təşkil edərdi. Amma bu, mövsümü mahiyyət daşıyardı, 3-5 gün sonra unudulub gedərdi. “Lanf of fire Azerbaijan” isə 3-5 günlük yox, uzun illərə hesablanmış uğurlu bir proyektdir. Bilməyənlər üçün qeyd edim ki, “Feliks Bollar”da dalğalanan həmin o bayraq da məhz bu layihə çərçivəsində arenanın ən yüksək yerində dalğalanır.

Və bu, bilirsiniz, erməniləri necə qıcıqlandırır, onların arasında necə etiraz doğurur? Necə ki, bu sətirlərin müəllifi bir zamanlar o məmurdan etirazla “nə üçün burda sovetin gerbi qalıb” deyə soruşmuşdu, bu gün də ermənilər və onlara dəstək verənlər daha radikal və ifrat formada təkcə klub yox, hətta Fransanın siyasi rəhbərliyindən, deputatlarından belə Azərbaycan bayrağının orada nə üçün dalğalanmasının hesabatını istəyir və sonra tələb edir: Azərbaycan bayrağı stadiondan yığışdırılsın!

Bu hadisənin üzərindən 2-3 ay vaxt keçib, amma onun əks-sadəsı hələ də qalmaqdadır. Ermənilər Fransa mətbuatı vasitəsi ilə bu məsələni ictimailəşdirməyi, gündəmdə saxlamağı bacarıblar və etiraf etmək lazımdır ki, fransız jurnalistlərin bir çoxunu da öz tərəfinə çəkiblər. Əlbəttə, Fransada erməni lobbisinin güclü olduğunu nəzərə alsaq, bunlar normal görünür.

Bəs, biz? Biz azərbaycanlılar? Biz Azərbaycan mediası nə edirik? Hələ ermənilərə cavab vermək bir kənara, o stadionda Azərbaycanın bayrağının dalğalanmasından yazmağa, “Lans”ın qələbəsindən oxucuya iki-üç cümləlik xəbər verməyə niyə bu qədər xəsislik edirik? Yoxsa bu həssas məsələyə də kommersiya şərtləri ilə yanaşmalıyıq?

“Lans”a bu qədər pul xərcləndi”, “Land of fire Azerbaijan” nəyə lazımdır” kimi kinlə və hikkə ilə dolu fikirləri səsləndirməzdən əvvəl bir az fikirləşək: bir illik büdcəsi Fransanın bu klubundan çox olan Azərbaycan komandaları onlara sərf edilən pulun qarşılığında bu ölkənin futboluna layiqli uğur qazandırıblarmı, 5-10 normal futbolçu veriblərmi? Ümumiyyətlə, Azərbaycanı normal səviyyədə tanıda biliblərmi?
Bilməyiblər, axı...

Və bir də, ən əsası: gəlin görək, “Lans” bizim üçün nədir? Yuxarıda verdiyim o bayraqların əks olunduğu şəkilə bir də baxaq, sonra isə bu aşağıdakına...


Bəli, gördüyünüz kimi, bu, artıq “Lans”dır. “Atletiko”dan sonra bu formanın da üzərində Azərbaycanın adı həkk olunub. O bayrağa baxın, bir də bu formaya. Rəmzi mənanı görürsünüz?

Dalğalanan bayrağımızın altındakı meydançada uğur qazanan, sevinən o komanda bizə yad deyil, özümüzünküdür. Çoxları hiss etmir, amma o, günbəgün, dəqiqəbədəqiqə bizə doğmalaşır, bizlərdən biri olur, bizim bir parçamıza çevrilir.
Deməli, “Lans” təkcə Fransanın yox, həm də bizim komandadır. “Neftçi” kimi, “Qarabağ” kimi, “Bakı” kimi...




Bu şəxsi isə tanıyırsınız. Hafiz Məmmədovdur. “Lans”ın sahibi və... ölmüş komandanı dirildən və dirçəldən adam. Ötən mövsümü 12-ci yerdə başa vuran “Lans” indi turnir cədvəlində ikinci yerdədir və hazırda yüksək liqada oynamağa imkan verən üç vəsiqəyə əsas namizədlərdəndir. Mən “Lans”ın idmandakı uğurlarını bir kənara qoyuram və keçirəm yenə də bizim üçün mənəvi əhəmiyyəti böyük olan iki məsələyə: bayrağımızın stadionda dalğalanmasına və “Land of fire Azerbaijan” brendinə.

Müasir dünya bu gün müharibələri, zorakılıqları, radikallığı, vandalizmi, kütləvi etirazları qəbul etmir. Bu mənada, Azərbaycan həqiqətlərini biz dünyaya heç vaxt zorla qəbul etdirə bilmərik. Qalır, sivil və mədəni yol...
Bir yazıçının yaxşı fikri var: torpaq işğalı təhlükəli deyil, torpağı gec-tez geri almaq olar, ən təhlükəlisi insanın beyninin işğalıdır. İnsanın beyni işğal olunarsa, nə özünü geri qaytara bilər, nə də toprağını.
Bəlkə mənə “nə olsun, gerbdi də, durub...” deyəndə o məmurun da beyni işğal altında idi: sovet ideologiyasının işğalı altında.

... “Land of fire Azerbaijan” informasiya müharibəsində Azərbaycanın ən güclü silahlarındandır. Biz avropalı insanın şüuruna ən yaxın tarixdə Azərbaycanın hansı bəlalarla üzləşdiyini və indi neçə çiçəkləndiyini həm də bu silah vasitəsilə yeridə bilərik.
Və artıq yeridirik də... “Land of fire Azerbaijan”la... Bu silahı şərəflə daşıyan əsgərin bayrağımızı “Feliks Bollar”da dalğalandırmasıyla...

Aydın BAĞIROV

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər