Korifeylər və intelligentlər

Korifeylər və intelligentlər
ÖLKƏ FUTBOLU 7 İyun 2011 / 13:19 6065
-  A +

Az əvvəl Rövşən Binnətliyə, Azərbaycanın idman jurnalistikasının ağsaqqallarından sayılan, dünən 100 yaşını qeyd edən futbolumuzun təbliğində müstəsna xidmətləri olan Rövşən Binnətliyə zəng edib soruşuram:

- Tədbiriniz necə keçdi?

Sualıma sualla cavab verir:

- Hansı tədbir?

Mən tədbir deyəndə, əlbəttə ki, AFFA-nın «Buta palace»də təşkil etdiyi möhtəşəm yubiley mərasimini nəzərdə tuturdum.
Binnətlidən aldığım cavab məni təəccübləndirir:

- Ora dəvət olunmamışdım.
Ardınca dedikləri isə məni artıq təəccübləndirmir, sarsıdır:

- Heç Şakir Yaqubov da çağırılmamışdı.

Tanıyan tanıyır, tanımayanlar üçünsə çox sadə, hamının, o cümlədən AFFA-da oturan yoldaşların (daha burada hörmətli sözünü əlavə etmək qətiyyən yerinə düşmür. Hörmət etməyi bacarmayan və ya istəməyən adama nə hörmət?) anlayacağı dildə deyirəm:
Azərbaycan futbolu üçün Banişevski kimdirsə, Azərbaycan idman jurnalistikası üçün də Şakir Yaqubov odur.

Azərbaycan futbolu üçün İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov kimdirsə, Rövşən Binnətli də Azərbaycan idman jurnalistikası üçün odur.
Fərq ondadır ki, birincilər Azərbaycan futbol tarixini ayağı ilə, ikincilər isə əli ilə yazır.
Banişevski tarixə ayağı (yeri gəlmişkən, nadir futbolçulardandır ki, həm də başı) ilə, daha doğrusu, ayağının və başının qüdrəti ilə düşüb.
Şakir Yaqubov isə tarixə əlləri ilə, daha doğrusu, qələmi, qələminin gücü ilə.

Şakir Yaqubov, Rövşən Binnətli… bu adamlar Azərbaycan futbolunun tarixini yazıblar.
Və bu adamlar, eləcə də yubiley tədbirində iştirak etməyə haqqı olan, amma ora çağırılmayan digər jurnalistlər Azərbaycan futbolunun tarixini yazanda, dünən 100 illik yubileyi təşkil edən yoldaş Elxan Məmmədov futbolumuzun canlı əfsanəsi İsgəndər Cavadovun kim olduğunu hələ bilmirdi.

Bu adamlar futbolumuzun tarixini yazanda Elxan Məmmədov və onun kimi digər intelligentlər Şakir Yaqubovun, Rövşən Binnətlinin, mən Aydın Bağırovun «Neftçi», «Qarabağ» komandasıyla bağlı yazılarını görəndə bəlkə də gülürdülər. Belələrin çox görmüşdük, onların «Neftçi» hara, futbol hara» kimi düşüncədə olmalarında təəccüblü bir şey yox idi. Adamlar Avropada oxuyurdular, buralardan bixəbər idilər. Ona görə də bir zamanlar İsgəndər Cavadovu tanımayan adamın Şakir Yaqubovu, Rövşən Binnətlini tanımamasında qeyri-adi nəsə axtarmaq bəlkə də doğru çıxmaz. Amma axı, Mikayıl Nərimanoğlu, siz ki, Şakir Yaqubov kimi bir söz əjdahasını tanıyırsınız, Rövşən Binnətlini tanıyırsınız…

Axı, əgər yanılmıramsa, biz bir yerdə AFFA-nın Hüsü Hacıyev, 42-də yerləşən o köhnə binasına gedib oradan tez-tez yazılar hazırlayardıq. Yadınıza gəlir, necə çətin vaxtlar idi. İnternet yox idi, ictimai-siyasi qəzetlər idmana və futbola candərdi yer ayırırdı. Amma həmin o çətin dövrlərdə Şakir Yaqubov öz nüfuzu sayəsində ictimai-siyasi qəzetlərdə Azərbaycan futbolunu təbliğ edirdi.

Rövşən Binnətli qışın ən sərt vaxtında belə Azərbaycan çempionatındakı bir matçın protokolunu əldə etmək üçün «Azərbaycan» Nəşriyyatından «Termist» stadionuna, Elxan Məmmədov tanısın deyə yazıram, indiki «Şəfa» stadionuna uzun bir yol qət edirdi. Yadınıza gəlir, o zaman indiki kimi rahat şərait yox idi: statistikanı əldə etmək üçün nə PFL var idi, nə də onun rəsmi saytı.

Biz AFFA-nın o vaxtkı rəhbərliyini kommunist sayırdıq, bəzilərimiz daha uzağa gedib, onları hətta diktator adlandırırdıq. Amma inanın, AFFA-nın o vaxtkı «kommunist» və «diktator» rəhbərliyi mətbuata münasibətdə indiki «demokratik düşüncəli», guya işində Avropa standartlarını tətbiq edən federasiyanın hazırkı rəhbərliyindən daha tolerant idi.

Nə isə, bunlar hamısı uzaq keçmişdə qalıb.
Qayıdaq, ən yaxına, dünənki mərasimə.
Mən ora dəvət alan bütün həmkarlarımın həmin tədbirdə iştirak etməyə haqqı çatdığını düşünürəm. Onların Azərbaycan futbolu qarşısında bu gün də olan əziyyətini qeyd etməyi özümə borc bilirəm. Amma gəlin hamımız razılaşaq ki, orada jurnalistlər arasında iştiraka -  Mikayıl Nərimanoğlunun özündən daha çox haqqı olan adam Şakir Yaqubov idi.
Səbəbini sadə dildə izah etdim.

Əgər kimlərəsə, daha doğrusu, o yaraşıqlı binada oturanlardan kimlərəsə, hələ də çatmırsa, daha sadə dildə anlada bilərəm: Şakir Yaqubovun, Rövşən Binnətlinin və dünənki tədbirdə iştirak etməyə haqqı olan, amma ora çağırılmayan digər dəyərli həmkarlarımızın Azərbaycan futboluyla bağlı yazılarının, araşdırmalarının çəkisi yüz Elxan Məmmədovun çəkisindən çox gələr!

Bundan da sadə və ən əsası yumşaq necə deyim?

Aydın BAĞIROV

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.10.24
28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19

Son xəbərlər