Premyer Liqada “Qarabağ”ın səfərdə “Neftçi” üzərindəki 4:1 hesablı qələbəsindən sonra narazılığın baş qaldıracağı təbii idi. Dalbadal üç dəfə Azərbaycan çempionu adını qazanan paytaxt təmsilçisi normal olaraq məğlubiyyətləri həzm edə bilmir, amma yeri gəldi-gəlmədi az qala hər uğursuzluğa görə hakimləri günahlandırır ki, bu məsələyə də dəfələrlə tənqidi tərəfdən çox yanaşmışıq.
Amma insafla danışsaq, böyükhesablı son məğlubiyyəti səbəbindən “Neftçi”nin oyunun baş hakimi Vüsal Əliyevi ittiham etməsinə haqq qazandırmamaq mümkün deyil. Söhbət heç də “Qarabağ”ın halal qələbəsinə kölgə salmaqdan getmir. Qurban Qurbanovun komandası hakimlərin yox, məhz özünün alın təriylə qalib gəldi. Və heç kimə də sirr deyil ki, Ağdam klubu bu mövsüm bəlkə də tarixinin ən yaxşı dönəmini keçirir. Xüsusən braziliyalı legionerlərinin sayəsində “Neftçi” də daxil istənilən komandaya qalib gəlib sonda Azərbaycan çempionu adını qazanması hazırkı durumda ən çox bu klubun haqqıdır. Komandanın oyununa, xırda istisnaları bir kənara qoysaq, nizam-intizamına bu gün Premyer Liqamızda hər bir klub həsəd apara bilər.
Bunlar öz yerində. İndi gələk, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev və klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin açıqlamalarına. Hər ikisi bildirir ki, oyunun 14-cü dəqiqəsində “Qarabağ”lı Almeydanın Nfora qarşı kobudluğu zamanı hakim ona qırmızı vərəqə göstərməliydi. Epizoda təkrar-təkrar baxandan sonra mat-məəttəl qalırsan: V.Əliyev kimi təcrübəli bir hakim bu epizodda nəinki qırmızı vərəqə vermir, heç sarı vərəqə də göstərmir. Tam absurd, məntiqsiz və gülünc bir qərar! Halbuki Almeyda rəqibin ayağına bilərəkdən, təkrar edirik, məhz bilərəkdən zərbə endirir ki, bunu da istəsən, lap göyün yeddinci qatından görmək olar. Amma Vüsal Əliyev özündən bir-iki metrlik məsafədəki bu epizodu görmür, ya da bəlkə görmək istəmir. AFFA-nın Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov Antalyada keçirdiyi seminarlar zamanı təkcə jurnalistlərə futbol qaydalarından dərs keçməməlidir, öz hakimlərinə də başa salmalıdır ki, rəqibə bilərəkdən zərbə endirməyin yalnız bir cəzası var: qırmızı vərəqə!
Bilmirəm, X.Məmmədov az qala futbolçusu qədər də idman saytı olan ölkəmizdə harasa açıqlama verib, ya yox, amma buraxdığı son səhvlərə görə Vüsal Əliyevə mütləq cəza tətbiq edilməlidir. Sənin hakimlərin uşaq səhvinə yol verirsə, “Qarabağ”ın halal qələbəsinə nə üçün kölgə düşməlidir?
V.Əliyevin səhvi bununla bitmir. Elə həmin Almeydaya birinci hissədə yenə sarı vərəqə göstərmək olardı. Əli ilə bu dəfə Erik Ramosu vurmağa cəhd etdiyinə görə. Amma hakim bu dəfə də “humanistlik” nümayiş etdirdi. Yeri gəlmişkən, Almeyda nə qədər səviyyəli və “Qarabağ”ın uğurlarında bir o qədər əməyi keçən futbolçu olsa da, bu adamın elə “Neftçi”dəki həmkarı Erik Ramos kimi əsəbləri qətiyyən yerində deyil. Qurban Qurbanov yəqin bundan sonra onun barəsində ölçü götürəcək. Yoxsa, daha kritik məqamda kobudluğuna görə komandasını ağır vəziyyətə sala bilər. Düzdür, Almeyda “Neftçi”ni məğlub etdikləri oyunun ən yaxşılarından idi. Amma o, bu matça elə bil təkcə futbol oynamağa yox, sanki davaya çıxmışdı. Bilmirəm, nədirsə, Almeydanın, deyəsən, “Neftçi”nin oyunçularına patoloji nifrəti var. Yoxsa niyə bu adam futbolu həm də yumruq-təpiklə oynayırdı?
Nə isə “Neftçi”nin narazı qaldığı Araz Abdullayevin meydandan qovulması epizoduna toxunaq. Araz, gərək ki, Almeydaya dirsəyi ilə bilərəkdən zərbə endirməmişdi, amma hakim ona qırmızı vərəqə göstərdi. Özü də hesab 2:0 “Qarabağ”ın xeyrinə olanda. İnanıram, Xaqani Məmmədov əgər deməyibsə, artıq xarab olmuş o şablon fikirləri yenə təkrarlayacaq: “Hakim də insandır, səhv edə bilər. Səhv olsa da, qərəz yox idi”.
Bəli, hakim səhv edə bilər, amma Xaqani Məmmədov, səhv bir olar, iki olar. Və ən başlıcası, səhvin də adı olur: var, qərəzli səhv, var, biabırçı səhv.
Vüsal Əliyev qərəzli səhv etməsə də, çox biabırçı səhvlər buraxdı. Xüsusilə, Araz Abdullayevə qırmızı vərəqə göstərməklə V.Əliyev bu dəfə həm PFL-i, həm də yoldaş Xaqani Məmmədovun özünü zərbə altına qoydu. Görürsünüz, Böyükağa Hacıyev nə deyir: “Artıq “Neftçi” PFL-in arzuladığı kimidir”.
Böyükağa Hacıyevin PFL-lə bağlı fikirləri yeni deyil. Amma hər halda, Hacıyevin komandası son beş turda bir dəfə də olsun qalib gələ bilməyibsə, “qara zolağa” düşübsə, arxayınçılıqdan hətta autsayder “Sumqayıt”a da uduzubsa, daha hər şeyi hakimlərin, PFL-in üstünə atmaq ən azı ədalətli deyil (hər halda, Hacıyev hakimlərdə səhv axtardığı kimi, özünün son aylardakı işini də ciddi təhlil etməlidir). Yox, əgər doğrudan da, “Neftçi” son uğursuzluqlarının hamısını hakimlərdə görürsə, o zaman öz oyunlarına xaricdən hakim gətirilməsi məsələsini qaldıra bilər. Bəlkə o zaman bu qədər hay-küyə son qoyuldu.
Aydın BAĞIROV
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video