AFFA, "Qarabağ" və "Neftçi"nin biganəliyi

AFFA, "Qarabağ" və "Neftçi"nin biganəliyi
YAZARLAR 31 Oktyabr 2019 / 13:38 7798
-  A +

Təcrübəli futbol adamları ilə fərdi söhbətlərimiz tez-tez olur. Hər birinin futbolumuzun bu günü və sabahı ilə bağlı ciddi narahatlıqları var. Bu gedişlə vəziyyətin daha da pisləşəcəyinin anonsunu onlar da verirlər. Fikirləri həqiqətən əsaslı və diqqətçəkəndir. Amma təklif edəndə ki, bunu sayt vasitəsi ilə azarkeşlər, oxucularla da bölüşün ki, onlar da real durumu mütəxəssisin dilindən eşitsin, əksəriyyəti yazıq kimi deyir: “Sən Allah, məni bu işlərə qatma”.

***

Səbəbləri təxmin etmək çətin deyil. Əslində mövzu heç bu da deyil. Deməli, futbol adamları ilə söhbətlərdən ortaya çıxan ümumi mənzərə budur ki, hələ bu günə şükür etmək lazımdır, sabah daha da pis olacaq. Ona görə pis olacaq ki, futbola məsuliyyət daşıyan AFFA və klublar hələ də uşaq futboluna vecsiz münasibəti davam etdirirlər, problemin mənbəyinin məhz orada olduğunu bildikləri halda bunu həll etmək üçün ciddi addım atmırlar.

Faktlara diqqət edin.

Azərbaycanın “futbolçu fabriki” olmuş Gəncə boyda şəhərdə indi uşaq komandaları cəmi bircə meydançada, daşın-torpağın üstə məşq edirlər. Şəraitsizlik, diqqətsizlik baş alıb gedir. Deyilənə görə, futbol federasiyası uşaqlara forma göndərir, amma gedib onlara çatmır. Yəni vicdansızcasına uşağın payını, haqqını yeyirlər. Gəncə futbolunun kuratoru, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovadır sualım, niyə və bundan məlumatınız varmı?

***

Bu yaxınlarda Nazim Süleymanovun Qol.az saytına müsahibəsi olmuşdu. Bu fikri diqqətimi çəkmişdi: “Olduğumuz bölgələrin birində şənbə günü 10, 11, 12 yaşlı uşaqlar, bazar günü isə 13-14 yaşlı uşaqlar futbol oynayır. Təsəvvür edin, bu beş komandanın isə cəmi bir oyun forması var. 10 yaşlı uşaq formayla oynayır, daha sonra çıxarıb, 11 yaşlı uşağa, həmin uşaq da digərinə verir”. Mən əminəm ki, Azərbaycanın bütün bölgələrində bu acınacaqlı vəziyyət bir-birini təkrarlayır. Və uşaq futbolundakı bu ağır durumu düzəltmək AFFA-nın da, klubların da, Təhsil Nazirliyinin də, nəhayət, ölkə idmanına cavabdeh dövlət qurumu olan Gənclər və İdman Nazirliyinin də vəzifə borcudur.

Növbəti sual isə bu qurumlaradır ki, uşaq futbolunu, futbolumuzu qaranlıqdan çıxarmaq sizin marağınızdadırmı?

Amma başda “Qarabağ” və “Neftçi” olmaqla heç bir klubumuz da yaxasını kənara çəkməməlidir. Onlarla bağlı fikrimiz isə yazının sonunda olacaq.

***

3-4 ay əvvəl bu fikri efirdə səsləndirmişdim, bir daha qeyd etməkdə ziyanlı nəsə yoxdur. Məlum, AFFA-da uşaq futboluna cavabdeh olan canlı bir maket var. 10 ildir Azərbaycanda çalışır. Qeyri-rəsmi xəbərə görə, aylıq 20-30 min arası da maaş alır. İllik 300 minə yaxın. 10 illik qazancı isə üç milyona çatır. Üç milyonun qarşılığında Bernhard Lippert adlı bu yararsız futbol idarəçisinin on il müddətində  Azərbaycanda uşaq futboluna bəxş etdiyi futbolçu sayını, fəaliyyətinə qiyməti isə cəmi bircə sözlə ifadə edək: sıfır!

Və Lippertin 10 illik deyil, illik maaşı ilə Azərbaycanda normal şəraiti, forması, topları olan uşaq futbol məktəbi saxlamaq olardı ki, bölgələrdə bizim istedadlı uşaqlar itib-batmasın.

***

10 il sonra nə olacaq? Bu sualın cavabı tək AFFA deyil, bizim hazırkı lider klublar “Qarabağ”la “Neftçi”nin uşaq futboluna biganə münasibətində də gizlənir. Azərbaycan futbolu üçün yetərincə yaxşı büdcələri olsa da, klub rəhbərliyi və baş məşqçilər  səviyyəsində onların hər ikisi “Qəbələ” və bir zamanların “Bakı” klubu kimi uşaq akademiyalarına diqqət ayırmırlar. Sanki akademiyadakı uşaqlar ikinci sortdurlar. Və heç kimə sirr də deyil ki, əsas heyətdə çıxış edən 20-21 yaşlı gənclər isə onlara inamdan daha çox AFFA-nın tətbiq etdiyi və Azərbaycan futboluna həqiqətən fayda verən limit qərarına görə oynadılırlar.

Bəli, “Qarabağ” və “Neftçi” bu gün təcrübəli və legionerlərə üstünlük verməklə həm daxildə, həm də xaricdə nəticəyə oynamalıdır. Amma ən çox elə bu iki klub qəbul etməlidir ki, bizim futbolun sabahına görə bir tək AFFA məsuliyyət daşımır. Deməli, bütün futbol sistemi, nəhayət, uşaq futboluna bu laqeydliyə son qoyub axır ki, akademiyaları ilə də lazımınca maraqlanmalıdırlar. Əks halda 10 il sonra da vəziyyətin ən yaxşı halda belə qalacağını təxmin etmək çətin deyil.

Aydın BAĞIROV
[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı