Bizim “Çelsi”...

Bizim “Çelsi”...
YAZARLAR 27 May 2019 / 14:00 3974
-  A +

“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa və dövrə vurmağa cəhd edir. İngilis stüardlar və bizim Rəşad Sadıqov vaxtında müdaxilə edib onu meydandan çıxarmasaydı, istəyinə nail olacaqdı. Kaş ki, həmin vaxt heç olmasa, ehtiyat oyunçularımızdan biri o “bayrağı” erməninin əlindən alaraq butsunu silib bir kənara tullaya idi. Amma indi mövzu bu deyil.

“Qarabağ” buna qədər də iki dəfə İngiltərədə oynamışdı. Bir dəfə “Tottenhem”lə Avroliqada, bir dəfə də “Çelsi” ilə Çempionlar Liqasında. Diqqət edin, heç birində də buna bənzər hadisə baş verməmişdi. Özüm 2015-ci ildə “Tottenhem”lə oyun üçün “Qarabağ”la birgə Londona səfər etdiyimdən komandanın necə hörmətlə qarşılandığına da şahid olmuşdum. Eləcə də matçın gedişatında yerli azarkeşlər Azərbaycana və “Qarabağ”a münasibətdə hər hansı bir sayğısızlığa, artıq sözlərə yol verməmiş, heç bir siyasi pankart açmamışdı.
 
Amma təxribat “Arsenal”la oyunda oldu. Niyə? Ona görə ki, orda erməni Henrix Mxitaryan oynayır və sırf buna görə təkcə Böyük Britaniyada yox, dünyadakı bütün erməni lobbisi “Arsenal”a dəstək verir. Finalda “Çelsi” ilə yanaşı “Arsenal”ın da oynayacağı dəqiqləşəndən sonra  İngiltərə mediasının başladığı hay-küyü bir daha xatırlayın. İndiyədək “Çelsi” cəbhəsindən Azərbaycana bir dəfə də olsun hücum olmayıb, Bakının Londona uzaqlığı, təhlükəsizlik və digər əsassız məsələlər xüsusi qabardılmayıb. “Arsenal” da Londonun klubudur, amma özlərini kübar ingilislər kimi yox, qaraçısayağı tərzdə aparırlar. Əvvəl yolun uzaqlığından şikayətlənirlər, sonra bilet məsələsi qaldırılır, sonra Mxitaryanın təhlükəsizliyi həm özləri, həm də media tərəfindən xüsusi qabardılır.

Azərbaycan dövləti nə qədər təminat verdi, amma Mxitaryan gəlmədi. Təhlükəsizliklə və digər məsələlərlə bağlı problem yoxdur, olmayacaq da. Amma artıq heç bir şübhə qalmır ki, bəzən təhlükəsizlik, bəzən bilet, daha çox isə Mxitaryan məsələsini mediada süni şəkildə gündəmdə saxlayan, bununla “Arsenal” klubuna ya birbaşa, ya da dolayısı ilə psixoloji təzyiq edən erməni diasporudur. Bakıya gələcək azarkeşlərə üzərində Mxitaryanın forması olan formalar paylayıb oyun zamanı aksiya keçirmək istəmələrinə dair İngiltərə mətbuatında xəbərlər yayılmışdı. Əgər bu məlumat ciddidirsə, şübhə yoxdur ki, Azərbaycan tərəfi UEFA ilə birgə Bakıda növbəti təxribatın qarşısını almaq üçün qaydalar çərçivəsində sivil tədbirlər görəcək. Amma məsələ tək azarkeşlərlə də bitmir. Mxitaryan özü hər nə qədər də bu məsələlərlə bağlı ehtiyatlı fikirlər səsləndirsə də (siyasi açıqlamaya görə, UEFA-dan gələcək mümkün cəzalar səbəbindən), erməni hiyləgərliyindən əl çəkmir. Britaniyanın nüfuzlu “Daily Mail” nəşri belə bir məlumat yayıb ki, “Arsenal”ın oyunçuları Bakıda ona dəstək vermək istəyib. Onlar dünən “Bakcell Arena”da keçirilən məşqdə üzərində Mxitaryanın adı yazılan formaları geyinmək istəyiblər. Amma UEFA dərhal müdaxilə edərək bu təxribatın qarşısını alıb. Əmin olun ki, bu çirkin niyyətin arxasında da erməninin - Mxitaryanın əli var.

Bəli, gedişat göstərir ki, erməni lobbisi Mxitaryan və “Arsenal”ın vasitəsi ilə Azərbaycana təzyiq göstərmək istəyir. Ümid edirəm ki, bu klubun ölkəmizdəki çoxsaylı azarkeşi bu həssas məqamı nəzərə alacaq.

Hələliksə bütün bu gedişatdan udan tərəf “Çelsi”di. Çünki “Arsenal” Bakıya nə qədər haqsız, yersiz və qeyri-obyektiv yanaşma sərgiləyirsə, "Çelsi" bir o qədər təmkinli mövqeyi ilə fərqlənir. Yəni adına xas olan əsl zadəganlıq göstərir. Deməli, təkcə elə bu faktlar kifayət edir ki, azərbaycanlı azarkeşlər Bakı finalında doğru seçim etsinlər.

Yəni, necə deyərlər, ermənilər “Arsenal”ı dəstəkləsin, bizimkilər də “Çelsi”ni...

Aydın BAĞIROV
[email protected]

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.10.19
14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər
17.10.19  17:08

Xayme qayıdır

17.10.19  11:03

Neymarsız 318 gün