"Roma"nın oyununda: əvvəl və sonra

"Roma"nın oyununda: əvvəl və sonra
YAZARLAR 11 Aprel 2018 / 13:46 5221
-  A +

“Qarabağ”a və “canavarlar”a həsr olunur

Sonrasında italyanların xarizmatik baş məşqçisi Eysebio di Françeskoya bizim "Qarabağ"la bağlı sual ünvanlamışdım. Mətbuat konfransının keçirildiyi zala girəndən uşaq kimi ancaq gülən (deyəsən, bu, onun ənənəvi halıdı) "Roma"nın çalışdırıcısının 1-2 saniyəlik də olsa mimikası dəyişib qorxulu ciddi bir hal almış, amma sual yekunlaşanda o təbəssüm yenidən onun üzünə qayıtmışdı.

Sual nə idi və o di Françeskonu niyə bir anlıq həyacanlandırmışdı? Bunu yazının sonlarına yaxın qeyd edəcəyəm. Hələlik biz gedək əvvələ...

Əvvəl nə olmuşdu?

Bu olmuşdu ki, şərti adı komisar Katani olan zabitin rəhbərliyi ilə 2 polis maşını bizi - bir qrup azərbaycanlı jurnalisti oteldən məşhur Olimpiya stadionuna aparmışdı. Hə, nəhəng "Barselona"nın dünən "Roma" qarşısında diz çökdüyü həmin stadiona... Necə aparmışdı? Bax, işin ən maraqlı, indi yadıma düşəndə qorxulu tərəfi də elə budu.

Əgər baxmısınızsa, bir anlıq italyanların məşhur "Sprut" filmini yadınıza salın. Orda komissar Katani neyniyirdi? Öz polis komandasını 2-3 maşına yığıb axtardığı mafioz cinayətkarları tutmağa gedirdi. Amma necə gedirdi? O dar küçələrdə, o qədər maşının əhatəsində heç “Formula 1”in Şumaxer, Luis Hamilton kimi əjdahaları maşını elə sürə bilməzdilər. Amma komissar Kataninin komandası sürürdü. Bax, elə "bizim" Katanimiz də elə edirdi... Sirenanın dayanmaq bilməyən səsinın sədası altında Romanın mərkəzi küçələrinin uzun tıxaclarını aça-aça deyil, yara-yara da deyil, az qala dağıda-dağıda bizi o stadiona aparırdı.

Hə, o başqa məsələ ki, polis eskortu Roma küçələrində şütüyərkən biz jurnalistlərdən kimisinin qorxudan az qala ürəyi dayanırdı, kimisinin qapqara rəngi qaçıb ağappaq olurdu. Amma əvvəl-axır biz hamımız o stadiona sağ-salamat gedib çatmışdıq.

Və stadiona çatanda "Komissar Katani" üzünü bizə çevirib, doğma italyancasında, bizim çoxumuzun başa düşmədiyiniz dildə gülərək nəsə deyəndə ona elə həmin "Sprut" filmindən yaddaşımın bir küncündə ilişib qalan sözlərlə cavab vermişdim:

- Grazie, senyor!

“Təşəkkürlər, cənab” anlamına gələn bu sözü söyləyib “Roma”nın Olimpiya stadionuna ayaq basanda indiyədək heç bir idman arenasında görmədiyim unudulmaz bir mənzərə ilə rastlaşmışdım. Həmin mənzərəni sözlərlə ifadə etməyəcəm, videosunu paylaşıram, baxın və həzz alın. Çempionlar Liqasının bütün oyunlarından əvvəl italyan musiqiçilər öz qonaqlarını belə heyrətamiz qonaqpərvərliklə qarşılayırlar. Çempionlar Liqasının o əzəmətli himni ilə...



Sonra bu himnin orijinal versiyası stadionun özündə səslənəcəkdi. Və o himn təkcə “Roma”nın deyil, həm də bizim “Qarabağ”ın şərəfinə səslənirdi.

Şərəfdən söz düşmüşkən.

Uduzanda da şərəflə uduzmağı bacarmaq lazımdı. Bizim “Qarabağ” elə həmin “Roma”ya hər iki oyunda uduzmuşdu. Amma necə uduzmuşdu? Şərəflə, ləyaqətlə! Sözgəlişi sözlər deyil, əlbəttə. Payını götürən götürə bilər. Heç nədən komanda yaradıb Çempionlar Liqası kimi yarışda nəhəng klublarla bir sırada durmaq Azərbaycanın olmayan futbolunun səviyyəsində hər klubun, hər məşqçinin, hər futbolçunun bacarığı və istedadı deyildi.

Ona görə də...

... “Qarabağ”ın qədrini bilin!

... Qurban Qurbanovun qədrini bilin!

... Rəşad Sadıqovun qədrini bilin!

Dünənki “Roma” – “Barselona” oyununa, o oyunun səviyyəsinə, nəticəsinə baxın, görün, kimlərlə və necə oynayıb, “Qarabağ”.

Həmin “Roma” ilə elə həmin stadionda “Qarabağ” oynayıb uduzandan sonra Eysebio di Françeskoya sualımda belə bir replika vardı: “Sizin qrupdan 1/8 finala çıxmağınızda “Qarabağ”ın da bir balaca rolu oldu”. Tərcümə zamanı bunu eşidən italiyalı bir balaca tutuldu. Amma əlbəttə, sual hələ verilməmişdi: “Nəyə görə rolu oldu? Çünki “Qarabağ” əsas rəqiblərinizdən “Atletiko” ilə hər iki matçda xal aldı və Madrid klubunun 4 mühüm xal itirməsi bütün proqnozları alt-üst etdi. Nəticədə onlar deyil, komandanız “Roma” 1/8 finala çıxdı. Bu mənada, sizin bu yarışa ilk dəfə qatılan “Qarabağ” barədə düşüncələriniz necədi?”

Və onda di Françesko “Çelsi” ilə ilk oyundakı acınacaqlı (0:6) məğlubiyyəti çıxmaqla bizimkilər barədə yüksək fikirlər söyləməyə başladı, “Qarabağ”ın gözəl bir komanda olduğunu dedi, “Atletoku”nun Ağdam klubu ilə oyunlarda xal itirməsinin onlar üçün böyük əhəmiyyət daşıdığını etiraf etdi.

Hə, futbolun bax, belə tərs üzü də var: kimsə kiminsə ona yuxarıdan aşağı baxmağını bağışlamır. “Qarabağ” “Atletiko”nu, “Roma” da “Barselona”nı bağışlamadığı kimi...

Aydın BAĞIROV
[email protected]

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər