Hanı bizim Deda?

Hanı bizim Deda?
YAZARLAR 30 Noyabr 2017 / 14:29 10889
-  A +

"Qarabağ"da hələlik geniş futbol ictimaiyyətinin tanımadığı istedadlı bir futbolçu çıxış edir. Ağdam klubunun U-19 komandasının UEFA Gənclər Liqasındakı hər üç qolunu məhz o vurub.

Yaroslav Deda adlı bu hücumçunu Ukraynadan gətiriblər. Yaxşı tapıntıdı, söz yox. Gələcəkdə “Qarabağ”ın ulduzu da ola bilər. Amma biz indi xəyal qurmağı qoyaq bir kənara, acı gerçəkliyə baxaq. Deməli, həmin yarışda indiyədək Azərbaycanı təmsil etmiş üç klubun (“Rəvan”, “Qəbələ” və hazırda mübarizəni davam etdirən “Qarabağ”) U-19 komandası ümumilikdə doqquz oyun keçirib, cəmi üç də qol vurub. Üç qolun üçünün də müəllifi isə artıq qeyd etdiyimiz kimi, Yaroslav Dedadır.

Burdan, Azərbaycandan Ukraynaya, Yaroslav Dedanı yetişdirən müəllimlərə sağ ol deyib, öz müəllimlərimizə də könüllərincə olmayacaq bir sual ünvanlayaq: bəs, hanı bizim öz dedalarımız, öz hücumçularımız, öz istedadlarımız?

Bir halda ki söhbət “Qarabağ”dan düşüb, deməli, sualın birinci ünvanı da elə klubun aşağı yaş qrupları üzrə məşqçiləridi. Məlum, “Qarabağ” və Qurban Qurbanov bir-birinə dəstək olmaqla futbol tariximizdə indiyədək heç bir klub idarəçilərinin, məşqçilərinin edə bilmədiyi, bacarmadığı yekə iş görüb (Azərbaycan səviyyəsində) və görməkdə də davam edir. Amma komandanın uğurunun davamlı və sabit olması üçün hər gün əziyyətə qatlaşan klub idarəçilərinə, başda isə Qurban Qurbanova kömək lazımdı. Və o kömək həm də “Qarabağ”ın aşağı yaş qruplarından, orada çalışan məşqçilərdən gəlməlidi. Amma baxırsan ki, onlar A komandaya normal futbolçu verə bilmirlər. Özü də bir deyil, iki deyil, düz altı-yeddi ildi. Əsas komandada 2010, ya 2011-ci ildə debüt edən Qara Qarayevdən sonra bu proses sanki birdəfəlik dayanıb. Bir futbolçu belə aşağı yaş qrupundan “Qarabağ”ın əsas heyətində möhkəmlənə bilməyib, bir futbolçu belə!

Dəməli, problemin kökündə 2 səbəb durur: ya ümumiyyətlə, orada keyfiyyətli futbolçu yetişmir, ya da yetişən oyunçu “Qarabağ” kimi səviyyəli futbolçuları yüksək olan komandada rəqabətə tab gətirmir. İstənilən halda, problem gedib çıxır yenə aşağıya – yeniyetmə və uşaq futboluna.

Amma bunun kökü “Qarabağ”a bağlı deyil, təbii ki. Sizə danışım, AFFA-nın uşaq komandaları arasında keçirdiyi yarışlardan. Orada müxtəlif yaş qrupları üzrə liqalar var, bəzilərinə də iri şirkətlər sponsorluq edir, “Bakcell”, “Coca-cola” kimi. Həmin liqalarda demək olar, hər tur bir neçə oyun baş tutmur. Səbəb də odur ki, bizim futbolun gələcəyi olacaq uşaqlar səfər oyununa getməyə, sadəcə, avtobus pulu tapa bilmirlər. Uşaqlara bir neçə saatlıq səfər zamanı alınacaq ucuz buterbrodu da nəzər alsaq, xərci özünüz təxmin edin: 100-200 manat!

Neçə ildi bu problem davam edir. Və bu problemi hələ bir müddət əvvəl media qaldıranda isə bizimkilər 1 milyona yaxın pul xərcləyib Berlində, a kişi Berlində ee, Almaniyanın paytaxında heç kimin görmədiyi futbol məktəbi açmışdılar. Guya orda azərbaycanlı futbolçu tapacaqdılar. Təsəvvür edin də, Berlində azərbaycanlı futbolçu! Yumor hissiniz nə qədər yüksək imiş, Rauf müəllim.

Rauf Əliyev sonradan batıb gedən həmin futbol məktəbi ideyasının müəllifi, AFFA-nın vitse-prezidenti və deputatdır. Onu Azərbaycan çempionatının oyunlarında (böyüklərin, ya uşaqların liqasında) görmək mümkün deyil. AFFA-nın digər rəhbərləri kimi. Onların işlərini guya Berhard Lippert görür. Ayda da dövlətin şirkəti SOCAR-ın AFFA-ya verdiyi puldan 15-20 min maaş alır. 10 ilə yaxındı burda işləyir. Amma bəy kefində yaşadığı ölkəyə bir futbolçu tapıb çıxarmayıb.

Azərbaycan futbolu isə az qala yasa bürünüb ki, Rəşad Sadıqovun əvəzləyicisi yoxdu. Olmayacaq da. Çünki yetişməkdə olan yeni rəşadlar bəlkə də elə həmin liqada baş tutmayan oyunlarda batıb gedirlər.

Aşağı liqaları izləmək birbaşa vəzifə borcu olan Lippert isə yəqin həmin vaxt 5 ulduzlu “Marriot”da divana yayxanıb bahalı viski vurur…

Aydın BAĞIROV
[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər