“Qarabağ”ın Braqa ilə tarixi səfər oyununu canlı izləmək, rəsmi dövlət qurumlarının protokol xidmətlərinin akademik dili ilə desək, mənim builki səfər proqramlarım içində prioritet vəzifə təşkil edirdi.
O səbəbdən ki, futbol tariximizdə ilk dəfə bir komandamız Avropa Liqasında qrup mərhələsini aşaraq pley-off-a - şərti adlandırılan 1/16 finala adlamış və o mərhələdə oyun keçirəcəkdi. Həmin matçı yerində canlı izləmək, əminəm ki, bir jurnalistin karyerası və həyatında daim özəl yer tutacaq. Əgər oyunun da nəticəsi sənin, komandanın, bütün xalqının arzuladığı kimi bitirsə, deməli, o səfər sənin öz daxili yaddaş kitabında ayrıca unudulmaz, silinməz və qürurlu bir səhifə olacaq. Odur ki, yazacağım sözlərin, təqdim edəcəyim video və şəkillərin köməyi ilə gəlin, xəyalən də olsa birgə yollanağın Braqaya. Portuqaliyanın bu kiçik, yavru şəhərinə...
Həmçinin oxuyun: Azərbaycanlı olmaq…
xxx
Mənə səfər təklifi bizim qol.az saytının uzun illərdir əməkdaşlıq etdiyi Etopaz-dan gəldi. Bu mənada əvvəlcə özümə bir vəfa borcu bilirəm ki, onlara göstərdikləri diqqət və dəstək üçün təşəkkür edəm. Xüsusi vurğulamaq istəyirəm ki, bu şirkət illərdir tək idman mediasının deyil, cəmiyyətimizin başqa sosial layihələrində də yaxından iştirak edir, dəstək verir. Sağ olsunlar.
Və mənə zəng vurub deyiləndə ki, Braqaya səfərə dəvət olunursunuz, belə qərara gəldim ki, ora getmək üçün Bakıdan əvvəlcə Portuqaliyaya yox, İspaniyaya - dillər əzbəri Barselonaya yollanım. Yollandım. 2 gecə orda qaldım da. Düzdür, Barselona səfərim barədə yaxın günlərdə ayrıca yazım olacaq. Odur ki, nə sizi, nə də özümü daha da yormaq istəyirəm. Onsuz da o şəhərin turistlər sarıdan qaynaması məni elə haldan salmışdı ki...
Ona görə də gur, səs-küylü Barselonadan sonra sakit və rəvan Braqa ruhuma və beynimə yenilənmə kimi gəldi. Qaldığım oteldən çıxıb təzəcə addımlamağa başlayanda isə şəhərin mərkəzi meydanından ətrafa yayılan musiqi səsinə ayaq saxladım. Və bilirsiniz nə gördüm? Gördüm ki, kişili-qadınlı neçə-neçə yaşlı portuqaliyalı o gözəl musiqi sədalarına qol götürüb, əl-ələ tutub oynayırlar. Hər yaşda bitməyən həyat sevgisi, yaşamaq eşqi budur yəqin ki.
Siz də izləyin…
xxx
Sosial mediadakı paylaşımlarıma görə Braqada olduğumdan xəbər tutan bir azərbaycanlı tələbə oxucum feysbukda mənə yazıb özünün də burada olduğunu və görüşmək istədiyini söyləyir. Görüşürük. Vətənpərvər bir gəncimizdir. İllərdir Polşada yaşadığını və “Qarabağ”ın oyununa baxmaq üçün bura səfər etdiyini söyləyir. Sonra deyir ki, bayaq tanınmış idmançımız Zabit Səmədovu küçədə görüb onunla görüşdüm.
Zabit isə “Qarabağ” komandası ilə Braqaya gəlmişdi. Dostlarla birgə Braqadan Portoya getdik, tanışlığımız başladı. Çay kənarında bir restoranda oturub çörək də kəsdik.
Hə, həmin gənc azərbaycanlımız mənə deyir ki, Zabit əlbəttə məni tanımırdı, amma biləndə ki, mən azərbaycanlı tələbəyəm və oyuna gəlmişəm, çıxarıb cibimə 50 avro pul qoydu ki, birdən pulun çatmaz, özünə bilet alarsan. Ağayana, nəcib davranışdır...
xxx
Və sonra mən bu balaca şəhərdə bir neçə başqa həmyerlimizlə də tanış oldum. Amerikadan, Avropanın başqa-başqa şəhərlərindən neçə min kilometlərlə uzun yol qət edib oyuna baxmağa gəlmişdilər. Şəhərdə gəzərkən yaxınlaşıb görüşənlər, QOL.az-ın daimi oxucuları olduğunu və saytı sevə-sevə oxuduqlarını söyləyənlər oldu. Nə gizlədim, yad bir eldə də oxucuların belə xoş münasibətini, sənin, saytın bütün əməkdaşlarının əziyyətinə mənəvi qiymət verildiyini şəxsən eşitmək müsbət emosiyalar yaratdı, əlavə motivasiya oldu.
xxx
Bu, mənim Braqaya ikinci səfərim idi. İlk dəfə 2012-ci ildə Azərbaycan millisi ilə burada olmuşdum. Həmin bu qaya ətəyindəki bənzərsiz stadionda bizə 3:0 hesabı ilə qalib gəlmişdi Portuqaliya. Aradan artıq 12 il necə sürətlə gəlib keçibsə... Millimizin o vaxtı heyətindən indi karyerasını davam etdirən az olar. Aralarında məşqçiliyə belə başlayanlar var - Rəşad Sadıqov, Kamran Ağayev, Vaqif Cavadov... Rəşadın bir zamanlar kapitanı, Vaqifin də oyunçusu olduğu “Qarabağ” indi bura gəlib - Braqaya. Və turist kimi gəlməyib. Böyümüş bir komanda kimi gəlib. Bu arenada isə “Braqa” üzərində əla bir qələbə qazanıb.
4:2 hesabı ilə.
4:2... Portuqaliya komandasına onun meydanında qalib gəlib, qapısına da düz 4 qol vurmuşuq.
Düz, 4 qol...
Dünən indi də Braqada olan dostum zəng vurub mənə bunu söyləyir: “Qaldığım otelin sahibi mənə deyir ki, hələ də havalıyıq, “Qarabağ” bütün Portuqaliyanı gic edib...”
Oyun bitən kimi “Braqa”lı azarkeşlərin komandalarını fitə basmağı yadıma düşdü…
xxx
Braqa...
Futbolu, rəqib olmağı bir kənara qoyuram. Mədəni, sakit insanları var Braqanın. 200 minə yaxın da əhali yaşayır burada. Bizim Sumqayıtın yarısı qədərdir. Avropanın başqa şəhərlərinə baxanda kasıb şəhərdir. Ucuzluğa görə alış-veriş üçün Braqaya başqa şəhərlərdən gələnlər də var. Orta səviyyəli kafedə iki nəfərin yemək xərci 20 avrodan o tərəfə keçməyə də bilər. Elit, bahalı dəniz məhsulları restoranında isə 4 nəfərin yüksək səviyyədə yemək-içməyi 120-150 avro arası xərc aparır.
Amma bu kasıb şəhərin zəngin komandası var: “Braqa”. Heyətində də 25 milyon avroluq oyunçu. Bizim “Qarabağ”ın illik büdcəsi 15-16 milyon avrodur. Avroliqa, Konfrans Liqasının “pley-off”una (1/16 finala) yüksəlmiş ümumən 32 komanda arasında ən kasıbı elə “Qarabağ”dır. Və 15-16 milyonluq klub gəlib, heyətində 26 milyonluq futbolçusu olan komandaya qalib gəlir.
Amma...
Amma gələn həftə Bakıda hələ cavab oyunu var. Arxayınlıq, ilk qələbənin eyforiyası bizə ağır başa gələ bilər. Qarşımızdakı rəqib Avropanın ən güclü 7-ci liqasının təmsilçisidir. Cavab matçına son döyüşə çıxmış kimi çıxacaqlar. Odur ki...
Gələn həftə gəlib, Respublika stadionunun tribunalarını doldurun, sözünüz, səsiniz, nəfəsinizlə “Qarabağ”a dəstək olun, onun 1/8 finala çıxıb Avropada adından yenə söz etdirməsinə kömək olun.
Necə deyərlər, “Qarabağ” bizimdir - hamımızın. Sənin, mənim, Azərbaycanın.
...Sənə isə salam və sağ ol, Braqa!
Aydın Bağırov
Braqa-Bakı
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi