Belə bir film var – «Əfsanə 17». Bu filmi bir neçə dəfə izləmişəm. «Oskar»a layiq filmdi, amma rus filmi olduğuna görə ona «Oskar» verməzlər.
Bir vaxtlar, daha dəqiq, 70-ci illərdə xokkeyin dünyada ən qüdrətli, eləcə də ən şöhrətli oyunçusu Valeri Xarlamov haqqındadı. Həmin vaxtlar o, Yuri Qaqarin qədər, Pele qədər hamının, hətta Sovetləri sevməyənlərin də sevimlisi idi. Və dünyanın ən sürətli xokkeyçisi idi. Meydançada saatda 80 kilometr sürətlə qaça bilirdi. Sonra, 1981-ci il avqustun 27-də 33 yaşında avtomobil qəzasına düşdü və həlak oldu.
Yadımdadı, ölümündən sonra bir oyun zamanı hər iki komandanın xokkeyçiləri onun 5-6 yaşlarındakı oğlu Aleksandrı çiyinlərinə alaraq bütün meydan boyu dəfələrlə yürüş etdilər. Bütün stadiondakı tamaşaçılar da göz yaşları içində ayaq üstə alqışlayırdılar.
Aleksandr da sonra xokkeyçi oldu, amma bizim hamımız heç bir məsələdə atalarımızı keçə bilmədiyimiz kimi, o da atasını keçə bilmədi.
Ayın 27-də anım günüydü, Rusiya kanallarının birində ona həsr olunmuş «Əfsanə 17»-ni verirdilər. Həmişə diqqətim Xarlamovda cəmləndiyi üçün bəzi məqamları qaçırırdım. Bu dəfə isə diqqətimi daha çox məşqçi Tarasov cəlb etdi. Heç kimə, hətta Brejnevə belə əyilməyən bir şəxsiyyət. Yalnız xokkey üçün doğulub, xokkey ilə yaşayan bir insan.
Filmi çözələmək istəmirəm, müəyyən məqamlara toxunmaq istəyirəm. Torontoda Sovetlər ilk dəfə Kanada peşəkarları ilə oynayırdı. Oyundan bir neçə gün əvvəl Tarasovu baş məşqçilikdən çıxarıblar, təbii ki, Brejnevin xoşuna gəlmədiyi üçün. Tarasov gah televizorda izləyir oyunu, gah da həyətə düşüb yağışın altında əlinə bir ağac götürüb havalı-havalı, özü də şaybasız özü-özüylə xokkey oynayır. Və Xarlamovun gedişlərini eləyir. Yenidən qayıdır televizor qarşısına, sakit otura bilmir. Elə bil meydançadadı, xokkeyçilərə göstəriş verir. Necə dünənki yazımda qeyd etdiyim kimi, Elbrus, Saşa, Adil meydanın kənarında dayanıb oyunçulara göstəriş verirdilər.
Orda qəribə ifadə də işlədir, qapıçıya bağıraraq deyir: «Zaşişay vorota, kak Rodinu zaşişayeş!»
Bəzən atalar sözlərini başqa dilə tərcümə eləmək olmur, ürəyin istədiyin kimi alınmır. Mən bu ifadəni atalar sözü kimi qəbul elədim, ona görə də tərcümə eləmirəm.
Tarasovun timsalında məşqçinin öz komandası üçün, hər bir oyunçusu üçün necə yandığını görmək mümkündü. Məşqçi belə olur.
Həmişə yazmışam və yenə yazıram, bir məşqçi ki komandası uduzandan sonra içindəki məğlubiyyət acısını bir təkliyə çəkilib göz yaşlarıyla soyutmursa, getsin hoppanmağının dalınca.
Filmə baxdıqdan sonra uzun müddət təsirindən çıxa bilmədim. Və Lobanovskini xatırladım. O da futbol üçün doğulmuşdu, fuibolla yaşayırdı və futbolla da öldü. Çox soyuqqanlı idi, oyun vaxtı da oyuna müdaxilə etməzdi. Elə öz yerində oturub nehrə kimi çalxalanardı. Dünya futboluna belə bir məşqçi gəlmədi və gəlməyəcək də. «Dinamo» Kiyevi dünyanın 10 ən güclü komandaları sırasına çıxarmışdı. Komandası ilə dəfələrlə bütün titulları qazanmışdı. Moskvanın arxalı klublarının hamısına ot yoldururdu. Tarasov kimi ona da tələlər qurulurdu, amma o, öz soyuqqanlılığı ilə bütün tələlərdən çıxa bilirdi. O da hər oyunçunun üstündə öz balası kimi əsim-əsim əsirdi.
Futbolu bilənlər bilir, o, Buryakı gedib əyalətdən gətirəndə hamı etiraz eləmişdi ki, bu çəlimsiz uşaqdan heç nə çıxmaz, yeriyəndə ayağı ayağına dolaşır. Amma o, Buryakın içindəki qığılcımı görmüşdü. Əyalətdən götürüb gəldi, onu öz evində saxladı. Məşq-zad elətdirmirdi, sadəcə yedirib-içirdirdi, pərvanə kimi başına fırlanırdı. Təxminən 7-8 ay onun qulluğunda durandan sonra məşqə buraxdı. Və sonra Buryak da dünyanın ən məşhur futbolçularından birinə çevrildi. O çəlimsiz bədəni ilə 30-35 metrdən həm elə-belə, həm də cərimə zərbələrindən qol vururdu. Sonra belə uzaq məsafədən cərimə zərbələri ilə qol vuran Roberto Karlosu görmüsüz.
Soyuqqanlı və 90 dəqiqə oturduğu yerdə nehrə kimi çalxalanan Lobanovski. Nə qol vurulanda atılıb-düşərdi, nə də oyun vaxtı başqa məşqçilər kimi, necə indi görürsüz, kənardan bağırıb-çığırmazdı, o tərəf-bu tərəfə qaçmazdı. Çünki oyunu əvvəlcədən qururdu. Ola bilərdi ki, fasilədə oyunçularına nəsə desin, amma elə fasilədən sonra da yerində oturub çalxalanırdı.
Belə soyuqqanlılıq bizim Qurban Qurbanovda da var. Düzdür, o, oturub Lobanovski kimi çalxalanmır. Əllərini qoynuna və ya çənəsinə qoyub ayaq üstə 90 dəqiqə oyunu izləyir, heç qol olanda da atılıb-düşmür. Amma bilmirəm, o, Lobanovski kimi əyalətləri gəzib içində qığılcım olan buryakları tapıb gətirir, yoxsa yox?! Amma deyəsən axtarır, çünki son zamanlar «Qarabağ»da içində qığılcım olan bir neçə yerli gənc futbolçu var. Və görürəm ki, onlara da etibar edir.
Bu yazını niyə yazdım? İstədim Azərbaycanın məşqçiləri həmin filmə baxsınlar. Və bir də həmin rejissorun Viktor Tixonova həsr etdiyi «Məşqçi» filminə. Özü də dəfələrlə baxsınlar, görsünlər məşqçi necə olur.
Sonda da iki sözardı.
Xokkeyin az qala futbolla rəqabət apardığı bir vaxtlardı. Ağdamda çayxanalarda söhbətlərin mövzusu xokkeydi.
«Dostluq» kinoteatrının arxasındakı böyük çayxanada xokkey mübahisəsi gedir. Söhbətin əsas mövzusu qapıçı Sidelnikovdu.
Bu vaxt Fazil müəllim (kinoteatrın direktoru) girdi çayxanaya, mövzunu tutdu və gülə-gülə dedi:
- Ayə, ya o Sidelnikov, ya da bizim qapıçı Hidayət, gələnə deyir keç içəri.
Hidayət kinoteatrın qapıçısı, yəni bilet yoxlayanı idi, çox adam bilet almazdı, pulu basardı Hidayətn ovucuna, o da deyərdi keç.
İkinci sözardı.
Moskvada «Dinamo» Kiyev Brejnevin sevimli komandası «Spartak»la oynayır. Hakim də bizim həmyerlimiz, həm də fəxrimiz Eldar Əzimzadədi. Yuxarıdan tapşırıq gəlib ki, «Spartak» udmalıdı. Əzimzadə olub «Spartak»ın 12-ci oyunçusu. Kiyevliləri də tərpənməyə qoymur, o qədər haqsızlıq edir ki, bəlkə də dünya futbolunda ilk və son böyük haqsızlıq idi. Nə isə, Lobanovski də çalxalanır. «Spartak» oyunu uddu, Lobanovski də sakitcə durub getdi. 10-15 yoldaş oturub oyuna baxırdıq. Oyundan sonra dedim ki, uşaqlar, bu, Əzimzadənin sonuncu oyunu oldu, Lobanovski bunu onda qoymaz.
Doğrudan da elə ondan bir az sonra Əzimzadəni yaşıl meydançalarda görən olmadı.
Aqil ABBAS
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video
Diniyev - Şeydayev qarşıdurmasında kim sevindi?
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu