AFFA və PFL çox tənqid olunur. Mən də hərdən bir bu təşkilatların ünvanlarına tikanlı sözlər atıram. Təbii, nöqsanı demək lazımdır ki, düzəltsinlər.
Amma hərdən AFFA-ya da, PFL-ə də yazığım gəlir.
Öz komandalarının arxasından qaçan sponsorlar, öz klubunu yan buraxıb gedib Fransada komanda alanlar, futbol adına banklardan milyonlarla kredit götürüb aradan çıxanlar, komandalarını yarı yolda buraxanlar qalıb qıraqda, düşmüşük AFFA ilə PFL-in üstünə.
«Azal» kimi komanda necə oldu? Sponsor komandanı niyə başlı-başına buraxdı? Bir-iki dəfə yazmışam, yenə də yazıram. Balam, day AZAL-ın təyyarələri uçmur? Hörmətli Cahangir Əsgərov, komandanı saxlaya bilməyəcəkdinizsə, niyə yaradıb sonra da gül kimi futbolçuları ortada qoydunuz?
Zaqatalanın gül kimi «Simurq» komandası necə oldu? Bu komandanın pullarını kimlər yedi?
«İnter» Azərbaycan futboluna çox töhfələr verib. Komanda bu gün də gözəl oyun nümayiş etdirir. «Qarabağ»la, «Qəbələ» ilə döşləşmək gücündədi. Amma belə getsə, deyəsən, «İnter» də «Azal»ın, «Simurq»un, «Xəzər Lənkəran»ın, «Bakı»nın, «Karvan»ın, «MTK Araz»ın… birdi, ikidi… taleyini yaşayacaq. Çempionatımızda komandaların sayı 7-yə düşəcək.
«Neftçi» haqqında heç nə demirəm, buğda yeyib behiştdən çıxıb. Tərlan Əhmədov gərək Allahın bacısı oğlu ola ki komandanı qırx arşın quyunun dibindən çıxara.
Və hamımız düşürük AFFA ilə PFL-in üstünə ki, sponsorlar aradan çıxmış komandaları saxlasın. Ağdamlılar demiş, nəynən, Alış? Xəzinə üstə oturublar? Onların müəyyən qədər büdcələri var, o büdcə ilə də imkanları daxilində komandalara kömək edirlər, onları düşdükləri vəziyyətdən çıxarmağa çalışırlar.
«İnter» neçə ay idi maaş verə bilmirdi, hətta deyirdilər ki, «Zirə» ilə oyuna çıxa bilməyəcəyik. Bu gün oxudum ki, şükürlər olsun, iyul və avqust aylarının maaşları ödənilməyə başlanılıb. Amma bu maaşları kim ödəyib, bu barədə məlumat verilməyib. Çox güman ki, yenə yük AFFA-nın üzərinə düşüb.
Əziz qələm dostları, bu komandaları bu günə qoyanları axtarıb tapmaq lazımdı, onların yaxasından tutmaq lazımdı.
Sonda. Deməli, bir «Şuşa» komandası yaratdılar, Beynəlxalq Mətbuat Mərkəzində də təqdimat mərasimi keçirildi. Hamını dəvət etmişdilər, eləcə də idmanla münasibəti olan millət vəkillərini. Moskvadan da iş adamları gəlmişdilər. Prezidenti, vitse-prezidenti seçildi, «Şuşa» komandası üçün yaxa döyənlərin biri bir qəpik. «Vətən, Millət, Sakariya» haykırtısından Mətbuat Mərkəzinin tavanı az qalmışdı uça, yaxşı qurtardıq. Müxtəlif pozalarda şəkillər, təqdimat mərasiminin televiziya kanallarında nümayişi, komanda rəhbərlərinin həm televiziyada, həm də qəzetlərdə müsahibələri. Bir sözlə, dartma, yaxam cırıldı.
Bəndəniz də həmin tədbirdəydi. Sağ olsunlar, söz də verdilər. Çıxış edəndə dedim ki, bu komanda yaşamayacaq. Və komandanın yaşam yollarını da göstərdim. Komanda birinci divizyona qəbul edildi və komandanın təcrübəli məşqçisi Nadir müəllim də əməlli-başlı bir kollektiv yaratdı və «Şuşa» çempionatda uğurla çıxış etməyə başladı.
Amma dediyim kimi də oldu. Komandanın döşünə döyən rəhbərləri Nadir müəllimi meydanda tək qoyub aradan çıxdılar. Klub qaldı PFL-in ümidinə. PFL də klubu saxlamaq üçün çox çalışdı, hər ay kluba müəyyən qədər (heç olmasa futbolçular maaş ala bilsinlər) maliyyə yardımı edirdi. Amma hara qədər? Yuxarıda qeyd etdiyim kimi, PFL xəzinə üstə oturmayıb ha?! Heyf Nadir müəllimin zəhmətindən, heyf PFL-in bu komandaya xərclədiyi pullardan.
Bir də heyf «Bakı» komandası üçün tikilmiş o gözəl bazaya, o gözəl stadiona xərclənən pullara ki, həm baza, həm də stadion ağzı günə qalıb, şəkillərini Qol.az-da gördüm ürəyim ağrıdı.
Azərbaycan futbolunun anasını ağladanların, futbolsevərlərin ürəklərini ağrıdanların isə ürəkləri heç ağrımır.
Olan futbola və bizlərə olur.
Aqil ABBAS
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato