Son zamanlar sevdiyim komandaların oyununa baxa bilmirəm. Sevdiyim deyəndə, «Qarabağ» və Türkiyənin milli komandasının. Həddindən çox həyəcanlanıram. Baxdığım anlarda da şərhçidən çox mən öz-özümə danışıb, çığırıb-bağırıram. Kəsəsi, futbol elə bir xəstəlikdir ki, müalicəsi yoxdur. Heç müalicə olunmaq da istəmirəm. Bu xəstəlik eşq kimi şeydir, ləzzət edir.
Televizorun önündə oturub saat doqquzu gözləyirəm. Bütün redaksiyanı göndərmişəm futbola. Sosial şəbəkələrdə şəkillərini paylaşıblar. Nicat ağdamlı olub, Ağdamda doğulmayan oğlunu da aparıb. Uşaq özü boyda bir pop-kornu da alıb qucağına . And olsun İmarətə, and olsun Daşaltı çayına (daha Tanrıya and içmək istəmirəm, çünki bizi eşitmir) bu cocuq gün gələcək İmarətdə babası Novruz kimi top qovalayacaq.
Saat doqquz. Oyun başlayır, elə o dəqiqə hirslənirəm. Fəxrimiz və kapitanımız Rəşad Sadıqov hakimlərin yanındadı. Amma bir dəqiqədir qonaqların kapitanı görsənmir. Nəhayət, gəlir. Topu qoyublar mərkəzə. «Qarabağ» komandası öz yerini tutub, hakim də yerindədi, işarə vermək istəyir, vaxt da keçir, amma qonaqlar hələ məşvərət edirlər. Yadıma irlandların baş məşqçisinin sözləri düşür ki, «Qarabağ»ın oyunçuları əsəbləşəcək. Mən televizorun önündə əsəbləşirəmsə, deməli, bizim uşaqlar da bığlarını çeynəyirlər. Oyun başlayır. Elə ilk saniyələrdə gözəl bir ötürmə ilə çox sevdiyim Mahir qapıçı ilə təkbətək çıxır. Və topu tora göndərə bilmir. «Ay səni çörək tutmasın» -deyib televizoru söndürürəm.
Xanımım deyir ki, dur keçək mətbəxə, baxma. Deyirəm, yox, elə burda oturacam, hərdənbir açıb hesaba baxacam. Yenə beş dəqiqədən sonra televizoru açıram və yenə bağlayıram. Bir beş dəqiqə də keçir, yenə açıram, bu vaxt bizimkilər qol vurur. Necə bağırıramsa, yuxarıdan oğlum yüyürüb gəlir:
- Nə olub?
Anası:
- «Qarabağ» qol vurub.
Uşaq başını silkələyir, əlini yelləyir və qayıdır. Uşaq deyəndə, 36 yaşı var. Və o uşaq ki, «Qarabağ» deyəsən, 1996-cı iliydi, ya 97-di Çexiyada «Yablonets»lə oynayanda bizim qapımıza üçüncü top vurulanda (5:0 uduzmuşduq) bax, indi bu gün əlini yelləyən oğlan yanıma qalxıb hönkür-hönkür ağlamışdı. Və mən də uşağa qoşulub ağlamışdım. Praqanın meri məni sakitləşdirə bilmirdi. İndi həmin oğlum futbola nifrət edir. «Qarabağ»ın həmin vaxt uduzduğuna görə yox, son illər futbolda gedən alverlərə görə. Mənə sübut etməyə çalışır ki, day futbol yoxdu, alver var.
Mən də alver olduğunu bilirəm və bu məsələdə dalaşırıq. Və həmişə də oğlum özünü qalib hesab edib mübahisəni kəsir. Və hətta Lenindən mənə sitat çəkir: «Mübahisə edənin ikisi də axmaqdı. Biri bildiyi şeyə görə mübahisə edir, digəri bilmədiyi şeyə görə». Və axmaq vəziyyətinə elə mən düşürəm.
Yenə televizoru açıram . Hücum edən qonaqlardı. Tez bağlayıram ki, birdən qol olar. Sizə bir yuxu danışacam, amma bir az sonra. Televizoru yenə açıram. Rəqiblərin qapısı ağzındayıq, bir an məsələsidir ki, topu qapıya vuraq. Amma bizim oyunçu farmazonluq eləyir, mən bağırıram .
Xanımım deyir:
- Gecikdi.
Gülmək məni tutur. Yadıma Bəşir Səfəroğlunun «Polad» Sumqayıtın oyunu ilə bağlı televiziyada bir süjeti düşür. Deməli, penalti veriblər. Lütvəli durub qapıda, Bəşir Səfəroğlu vuracaq. Həmin vaxt xanımı da o tərəf-bu tərəfə qaçır, Bəşir Səfəroğlu deyir:
- Xəstələnib.
İndi mənim də keçici xəstəlik kimi futbol xəstəliyim xanımıma keçib.
Deyir:
- Gecikdi.
Gülmək məni tutur, xanımım da xəstələnib, amma üzə vurmur. Amma hərdən sosial şəbəkədə bu xəstəliyi ilə bağlı statuslar yazır.
Gələk yuxuya. Bilmirəm neçənci iliydi. «Beşiktaş» «Dinamo» Kiyevlə Kiyevdə pley-off oynayır. Əgər heç-heçə etsə Çempionlar Liqasının qrupuna bizimki düşür. Deyəsən, təxminən 2000-ci illərdi. Gəlmişəm evə, Türkiyə kanallarında oyunu axtarıram, heç biri göstərmir. Demək olar ki, kanallarda kim-kimdən boşandı, kim kimi alı qoydu, mənasız seriallar, mənasız filmlər və sair və ilaxır. Heç bir kanal futbolu göstərmir. Keçirəm rus kanallarına, onlar da təbii ki, Türkiyəni və Ukraynanı «çox sevdiklərindən» Zimbabvenin oyununu göstərirlər, amma onu göstərmirlər. Televizor da Ukraynanın kanallarını tutmur, az qala ürəyim partlayır. Deməli, «Beşiktaş» heç-heçə eləsə düşür finallara. Çox bərk əsəbləşirəm. Oyunun qurtarmasını gözləyirəm ki, hesabı bilim. Keçib o biri otaqda bir az uyuyuram. Bu vaxt atam yuxuma girir. Deyir, narahat olma, hesab heç-heçə olub.
Yuxudan ayılıram, atam da tez-tez yuxuma girən deyil. Nə isə, kefim kökəlir. Gəlirəm, xanımım mətbəxdə çay içir. Baxır ki, üzüm gülür. Soruşur ki, nə olub. Deyirəm ki, atam yuxuma girdi, dedi ki, narahat olma, heç-heçə olub. O da böyük oğlum kimi başını yelləyir. Və nəhayət, mənasız Türk kanalları açıqlayır ki, doğrudan da hesab heç-heçə olub və «Beşiktaş» düşüb qrupa.
Bu mənə çox qəribə təsir elədi. Həmin gecə yatmadım, «Qiyamət gecəsi» adlı bir povest yazdım. Oxuyanlar oxuyub, oxumayanlar da tapıb oxusun. Həmin povestin futbola heç bir dəxli yoxdu. Povestdə belədi ki, mən çıxıb getmişəm Ağdama – dünyasını dəyişmiş atamın, anamın, qardaşımın yanına. Doğrudan, şedevr əsərdi. Bu yuxunu niyə xatırladım biləcəksiz.
Yenə televizorun önündəyəm. Xanımım da məni tək qoymur, birdən ürək dərmanı lazım olar. Həm də kişi xeylağını tək qoymaq olmaz. Yenə televizoru açıram. Çox qəribədir ki, həmin an bizimkilər ikinci qolu vurur. Özü də ləzzətli bir qol. Bağırıram, amma bu dəfə day oğlum gəlib soruşmur ki, nə olub. Başa düşür ki, birini də vurduq. Xanımım gülə-gülə deyir:
- Sən televizoru tez-tez söndür aç, bəlkə birini də vurdular.
Xanımımın ağzı dualıdı. Uzun müddət televizoru açmıram. İstəyirsiz inanın, istəmirsiz inanmayın, özünüz bilərsiz, yenə televizoru açıram, yenə bizimkilər qol vurur. Day bu dəfə bağırmıram, durub oynayıram. Və televizoru yenə söndürürəm. Bir az keçir, xanımım deyir:
- Aç, qoy birini də vursunlar da.
- Bəsimizdi.
Nə isə, oyun 3:0 hesabı ilə qurtarır. Bir az futboldan danışıram, bir az «Qarabağ»dan danışıram, sonra da başlayıram Ağdamdan danışmağa. Və eyni şeyləri neçənci dəfə. Xanımım bəzən eyni şeyləri dəfələrlə danışanda deyir:
-Bunu demisən.
Amma bu dəfə demir. Oyun başlayanda nəvələrim hardansa qonaqlıqdan gəlirdi. Həmişə evə girəndə də, evdən çıxanda da məni öpürlər. Amma bu dəfə gördüm ki, ağlamsınırlar. Mən qucaqlayıb öpmək istədim, dedilər ki, yatmaq istəyirik. Görünür, çox oynayıb yorulmuşdular.
Nə isə, gecə saat on ikidə televizor söndü. Heç demə, pulunu vaxtında ödəməmişik. Nə qədər pul yükləyib açmaq istəsək də, açılmadı. Durdum getdim yatmağa. Beynim həmişə olduğu kimi, Ağdamda dolaşır. «Qarabağ»ın növbəti oyununu düşünürəm. Beləcə, yuxuya getdim. Və gecə qəfil ayıldım. Saata baxdım - 2:59.
Çox qəribə bir yuxu görmüşdüm. Mən Ağdamı tez-tez yuxuda görürəm. Çox qəribədir ki, həmişə də gözəl şeylər görürəm. Qəribə bir yuxuydu.
Mən ad günümü keçirmirəm. Bircə dəfə dostlar məcbur elədi 50 yaşımı keçirdim. Ad günüm olanda təbii ki, evimizdə xanımım məxsusi yemək bişirər. Və heç kəsi də qonaq dəvət etmərəm. Ola bilər ki, bacılarım gələr, qardaşım gələr, ya hansısa bir dostum gələr. Xüsusi yeməkdən başqa adi günlərdən biridi.
Bir povestimdə yazmışam niyə ad günümü keçirmirəm. Povestin adı belədir: «Dünyanın ən xoşbəxt adamı». Orda deyirəm ki, qəhrəmanım ad gününü keçirməzdi, çünki nə Məhəmməd peyğəmbərin nəslindəniydi, nə də Eynşteynin. Yəni onun doğulmasının heç bir mənası yoxuydu.
Bəli, qəribə bir yuxuydu. Görürəm Ağdamdayam, mənə heç vaxt ad günü keçirməyən atam ad günü keçirir. Səliqəsiz həyətimiz, yarı dağılmış evimiz, qonaqlar çağırılıb. Təbii ki, həmişəki kimi, ana tərəfim hamısı bizdədi, onlar yeyib-içməyə gəlib. Ata tərəfim də kənddən toğlu göndərməlidi, hələ gəlib çıxmayıb. Məlum oldu ki, kabab bişirməyə kömürü hələ almamışıq. Maşını sürdürürəm Ağdam bazarına kömür almağa. Kömür tapılmır, bir-iki yerdə kömür var ki, onlar da satmırlar ki, qardaş, qonağımız çoxdu. Az qala həmin adamlarla dalaşmaq istəyirəm. Sonra kimsə məni tanıyır ki, bu Aqil Abbasdı. Deyirlər ki, get filankəsin yanına (adı yadımdan çıxdı) bəlkə onda olar.
Soruşuram ki, bazar da bir az boşdu, ay bala, niyə kömür tapılmır?
Məni tanıyan deyir:
- Məllim, bu gün hər yerdə toydu, camaat da toydadı, ona görə bazar boşdu, kömür də ona görə tapılmır.
Nə isə, gedirəm həmin söylədikləri adamın yanına. Deyir ki, məllim, vallah, kömür azdı, amma nə varsa hamısı sənə qurbandı. Öz əlimlə kömürü yığıram torbalara, qayıdıram evə. Həyət doludu adamla. Atam da durub pilləkanların üstündə. Elan edir ki, məclis axşam doqquzda başlayacaq. Deyirəm, əşi, nə danışırsan, doqquzda məclis olar? Camaat yığılıb. Atam qayıdır ki, Şahmar hələ gəlməyib.
Şahmar Əkbərzadəni deyir, əmimoğlu. Və mənim atamla birgə Məmməd Arazın evinə elçiliyə gedən əmimoğlum. Və bir də heç vaxt görə bilməyəcəyim əmimoğlu. Çünki o cənnətdədi, məni ora buraxan kimdi? Deyirəm ki, biz başlayaq, gəlib çıxar da. Deyir, yox, onsuz olmaz.
Sonra məlum olur ki, süfrə stolumuz çox kiçikdi, bu qədər adamı tuta bilməz. İndi stolu hardan tapaq? Bu vaxt görürəm ki, darvazadan iki yük maşını girir içəri. Kiçik oğlum yük maşınlarını açır, birindən çoxlu taxta çıxır, birindən də adamlar tökülür. Deyir ki, indi bu dəqiqə nə boyda istəyirsiz stollar düzəldəcəklər. Sonra mənə qayıtdı ki, deyirlər Ağdam bazarında boşluqdu.
Şahmar Əkbərzadə gəlib çıxmamış yuxudan ayıldım. Və saata baxdım - saat 2:59.
Və yuxumu xanımıma danışdım. Adətən mənim belə mənasız yuxularıma, sözlərimə qulaq asmayan xanımım bu dəfə hövsələ ilə axıradək dinlədi və dedi:
- Nə gözəl yuxu görmüsən.
Mən də düşdüm həyətə, bir siqaret yandırdım.
«Qapqara uzun saçlar» (və ya «Saçın ucun hörməzlər») povestimdə belə bir yer var. Əsərin qəhrəmanı xərçəng xəstəsidir və xəstəxanada ölümünü gözləyir. Dostu da hər gün onun yanına gedir. Əsərin qəhrəmanı bir qız sevir, qız da ona laqeyddi və dostu onun yanına gələndə hər dəfə soruşur ki, sevdiyi qızı görürmü? Dostu da deyir ki, hə, sənə salam göndərir. Sonra hər dəfə gələndə yaxınlıqdakı gül mağazasından bir dəstə gül alır və verir tibb bacısına, xahiş edir ki, gülləri verəndə soruşsa kim gətirib, denən ki, bu boyda, bu buxunda, mavi gözlü bir qız gətirir və xahiş edir ki, sizə deməyim kimin gətirdiyini.
Və hər gün gələndə dostu deyir:
- Bilirsən, o mənə gül gətirir.
- Doğrudan?
- Hə, o gülləri sərirərm sinəmin üstünə, iyləyirəm, bütün ağrılarım kəsir.
Və bir gün dost gələndə gül almağa pulu olmur. Görür ki, xəstə dostu dilxordu. Soruşur ki, nə olub? Deyir, deyəsən xəstələnib və ya nəsə olub, bu gün mənə gül gətirməyib.
Dost çıxır, cibində bir qəpiyi yox, gəlir gül satanın yanına. Deyir ki, mənə bir dəstə gül ver, amma pulum yoxdu, vallah, sabah gətirəcəm.
Gül satan - canın sağ olsun, - deyir və bir gözəl gül dəstəsi hazırlayıb verir. O da yenə gətirib verir tibb bacısına, deyir ki, apar ver .
Sonra xəstəxananın həyətində səkidə oturub bir siqaret çəkir. Və siqaret ona o qədər ləzzət edir ki, ikincisini yandırır.
Və mən də həyətə düşüb bir siqaret çəkdim və o qədər ləzzət elədi ki, Ağdamda kino-teatrın direktoru Fazil Qasımov kimi siqaretin oduna ikincisini yandırdım.
Amma ikincisi ləzzət eləmədi.
Aqil ABBAS
P.S. Yaşa, Qurban Qurbanov, bu hisləri mənə yaşatdığına görə! Yaşa, «Qarabağ»ın, Rəşad Sadıqov başda olmaqla, köhlən ayğırları, bu hisləri mənə yaşatdığınıza görə.
Abdulbari Gözəl başda olmaqla, «Qarabağ»ın bütün rəhbərliyinə təşəkkür edirəm.
Amma and olsun İmarətə və and olsun Daşaltı çayına, bizim Nicatın balası Murad Ağdamda İmarətdə babası Novruz kimi top qovalayacaq. Və mən də inanıram ki, Ağdamda ad günümü keçirəcəm və hamınızı dəvət edəcəm.
"Yunayted" də onunla maraqlanır
"Onlar mənə satqın deyirdilər"
"Tottenhem" ona görə apellyasiya şikayəti verdi
Yamal UNİCEF-in səfiri oldu
Kosovo millisinə texniki məğlubiyyət verildi
"Yaxşı işləyirsənsə, nəticəsi olacaq” - "Kəpəz"in legioneri
"Real" Diası satmaq fikrində deyil
Xavi "İnter Mayami"ni çalışdırmayacaq
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Tayson - Pol döyüşü ən çox izlənilən idman hadisəsi oldu
"Real"ın futbolçusu əməliyyat olundu
"Şamaxı" məşqçisi ilə yolları ayırdı
Acun Ilıcalı haqqında araşdırma başladıldı
Patrik Vieyranın təyinatı açıqlandı
"Arif Əsədov Santuşdan qat-qat yaxşı işləyirdi”
Xavi Messinin baş məşqçisi ola bilər
"Qarabağ" - "Lion" oyununa 1 gündə nə qədər bilet satılıb?
"Türkiyə D liqası səviyyəsində futbol oynadı" - Video
Arda Güler üzr istədi
"Barselona" Salahdan imtina etdi
Rəqibləri Azərbaycan millisidir - Rusiya açıqladı
Milli Məclisdə millimizin uğursuzluğundan danışıldı
Misli Premyer Liqasında 14-cü turun hakimləri
Millimizə 4 qol vuran futbolçu nə dedi?
Rusiya millisi Uruqvayla qarşılaşacaq
Azərbaycan millisinin biabırçı statistikası
"Bavariya"da itki
"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq
Maradonaya şərik çıxdı
Millimiz Moldovada qələbəni belə əldən verdi - Video
Argentinadan qələbə, Braziliyadan heç-heçə