Stadionun yolunu tanımayan futbol azarkeşləri

Stadionun yolunu tanımayan futbol azarkeşləri
YAZARLAR 25 Noyabr 2016 / 15:52 10141
-  A +

«Qarabağ»la «Qəbələ» uduzdu. Bu futboldu, futbolda da həmişə qələbə olmur. Əsas odur ki biri var oynaya bilməyib uduzasan, biri də var can qoyasan uduzasan. Hər ikisi can qoydu, amma şans onlardan yana olmadı. «Qəbələ»nin futbolçusu o penaltini vursaydı, tamamilə ayrı bir hesab görəcəkdik. Şanssızlıq.

İndi baxıram ömründə bir dəfə stadiona getməyənlər, stadionun yolunu tanımayanlar sosial şəbəkələrdə və saytlarda hamısı Qvardiola olub, Maurinyo olub! Yıxıb sürüyürlər bizimkiləri. Mən hərdən bu fikrimi təkrar edirəm, futbol çox faciəli, dəhşətli bir oyundu. Dünən çiynində gəzdirdiyin məşqçiləri və ya futbolçuları bu gün uf demədən ayaqlar altına alıb tapdamaq istəyirlər. Dünən Qurbanova, Qriqorçuka mədhiyyə oxuyanlar bu gün qılınclarını sıyırıblar ey.

Sevimli komanda udanda qarabağlılar demiş, nənəm də mədhiyyə deyər. Oğul odur ki, komandası uduzanda ona sahib çıxsın, dəstək olsun, onu ruhdan düşməyə qoymasın.

Bir rus siyasətçisinin sözüdü. Deyir, hamı üç məsələ üzrə professordu: futbol, kino, bir də polis. Mən oyunu belə qurardım, filan oyunçusunu sağdan oynadardım, filan oyunçunu soldan oynadardım, dəyişikliyi filan zaman edərdim; mən bu filmi belə çəkərdim, aktyoru elə seçərdim; mən filan cinayətin üstünü belə açardım, cinayətkara belə tələ qurardım və sair və ilaxır. Düzdür, indi dördüncü də var, bu da siyasətdi: Qarabağı belə azad edərdim, Rusiya ilə münasibətləri belə qurardım, ABŞ-la belə iş görərdim və sair və ilaxır. Belə sinəsinə döyənlərin 90 faizini araşdırsan, görərsən ki, heç öz çalışdığı peşəni normal yerinə yetirə bilmir, amma hamıya dərs deyir.
İndi sosial şəbəkələrdə, xüsusilə yaxalarını cıranların, elə yazdıqları statuslardan intellektləri məlum olur.

Qayıdaq yenə futbola. Üç misal çəkəcəm. Türkiyənin bir əyalət komandası, deyəsən «Rizəspor» idi, «Qalatasaray»a babat hesabla uduzmuşdu. Jurnalistlər düşmüşdü məşqçinin  üstünə ki, niyə uduzdun.
Gülüb dedi:

- Rəqib mənim üstümə S-300 füzələri ilə, F-16 təyyarələrlə, son model tanklarla hücuma keçib. Bizim də əlimizdə bir-iki beşaçılan var, altı-yeddi də kalaş.
Yəni onu demək istəyirdi ki, «Qalatasaray»ın oyunçularının hərəsinin 5-10 milyon qiyməti var, bizim futbolçuların da hərəsinin 200 min.

Bir gözəl sözü də Rəşad Sadıqov demişdi. Gərək ki, milli komandamız almanlarla oynayırdı və uduzduq. Almaniyanın da hücumçuları hərəsi «Rizəspor»un məşqçisinin dediyi kimi, S-300 füzəsi. Rəşad Sadıqova dedilər ki, niyə hücumçuların qarşısını kəsə bilmədin? Rəşad da gülümsəyib dedi:
- Onların qabağını kəsə bilsəm, gedib «Barselona»da, «Real»da oynayaram da.
Yəni müəyyən həqiqətləri görmək istəmirik. Və yaxud görürük də, bilirik də, müdirimizin hayıfını futbolçulardan çıxmalıyıq da.

Və üçüncüsü. Bu sözüm stadionun yolunu tanımayan azarkeşlərədi.

Bir dəfə «Qarabağ» «Kəpəz» ilə Azərbaycan kuboku uğrunda Tofiq Bəhramov stadionunda final oynayırdı. Mən də oyunun ən yaxşı futbolçusu üçün bir bahalı qılınc hədiyyə edəcəyimi bildirdim. Və oyundan əvvəl də stadionda elan etdilər. «Qarabağ» «Kəpəz»ə uduzdu. Həmin oyunun ən yaxşı futbolçusu da «Kəpəz»in oyunçusu Ramiz Məmmədov seçildi. Mən də enib həmin qılıncı təmtəraqlı şəkildə Ramiz Məmmədova təqdim etdim.

Stadiondan çıxarkən bir ağdamlı yaxınlaşdı mənə, məndən də yaşca böyük idi, az-çox da hörmətini saxlayardım. Qəribə bir ədayla, özündən razılıqla və ironiya ilə dedi:

- O qılıncdan ikisini gətirib verərdin də gəncəlilərə.

Bu adam ilk dəfəydi «Qarabağ»ın oyununa gəlmişdi. Onu stadionda ilk dəfəydi görürdüm. Yoldaşlar zorla saxladı, boğacaqdım onu. Amma dişimin dibindən çıxan bir-iki sözü dedim. Mənə «Qarabağ»sevən çıxmışdı.

İndi «Qəbələ»nin oyununu izləyirdim, ürəyim ağrıdı. Stadionun az qala 70 faizi boş idi. Sən futbola getdinmi, futbolçuya dəstək oldunmu, komandanın 12-ci oyunçusuna çevrildinmi ki, futbolçular da ruhlanıb oynasınlar. Həmin gün «Mançester Yunayted» də oynayırdı, iynə atsan stadiona düşməzdi. Deyəcəksiniz ki, onlar yaxşı oynayır, ona görə gedirlər, sən də get, səninkilər də yaxşı oynasın. Boş stadionda oynayan futbolçu tamaşaçısız teatrda oynayan aktyor kimidi. O aktyorun yaşadığı faciəni hiss edə bilərsinizmi? Futbolçu da elə.

Yadınıza bir futbol hadisəsi də salım. «Fənərbağça»nı cəzalandırmışdılar və kişi azarkeşlərin stadiona gəlməyinə yasaq qoymuşdular. Onda qadınlar  komandalarına sahib çıxdılar. Budur komandaya sevgi, budur futbola sevgi.

İndi «Qarabağ»la «Qəbələ» oynayacaq. Gözəl bir oyun olacaq, ləzzətli bir oyun olacaq. Ora kimlər gələcək – ağdamlılar, bir də qəbələlilər. Belə olmalı deyil, ora «Neftçi»nin də fanatları gəlməlidir, «Zirə»nin də, «İnter»in də, AZAL-ın da, Sumqayıtın da. Eləcə də «Neftçi»nin, ya «İnter»in oyunlarına o biri komandaların da fanatları getməlidir. Bu bir möhtəşəm tamaşadı.

Yeri gəlmişkən, hər hansı bir filmə bəlkə 30-40 dəfə baxa bilirsən, hər hansı bir mahnını bəlkə 150 dəfə dinləyə bilirsən, «Leyli və Məcnun», «Koroğlu»ya bəlkə 20-30 dəfə baxa bilirsən, amma nəinki bir matçın təkrarına baxmağa həvəsin olur, hətta baxmadığın, amma hesabını bildiyin bir matça da baxmırsan. Çünki futbolun  möhtəşəmliyi tamamilə ayrı bir şeydi. Futbol əvəzsiz bir tamaşadı. İnsanda elə bir həyəcan yaradır ki, dünyada başqa heç bir nəsə bu həyəcanı yarada bilmir. Amma hesabı biləndə və təkrar olanda o həyəcanı yaşaya bilmədiyinə görə baxmağa həvəsin olmur. Komandalarımızı, eləcə də milli komandamızı Avropada çempion görmək istəyirsinizsə stadiona gəlin. Təkrarsız tamaşanı ayrı yerdə yaşaya bilmədiyiniz həyəcanla izləyin. Futbolçular da sizdən ilham alsın, ruh alsın.

Hər Avropa çempionatında görürsünüz, məşqçilər üzlərini tuturlar azarkeşlərə, əllərinin işarəsi ilə az qala dirijorluq edirlər ki, komandaya ruh versinlər.
Mən də belə istəyirəm, Qurbanov da, Qriqorçuk da, Adil Şükürov da, Tərlan Əhmədov da digər məşqçilərimiz də. Bax o Qvardiola kimi stadionda dirijorluq eləsinlər. Siz əgər gəlmirsizsə, onlar kimə dirijorluq edəcək?

Haydı futbol azarkeşləri, doldurun bu stadionları! Sevginizi, sevincinizi verin bu futbolçulara. Ondan sonra da onlardan qələbə tələb edin!

Aqil ABBAS

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər