“Matteo Gunduziyə dedim ki…” - Qara Qarayev

“Matteo Gunduziyə dedim ki…” - Qara Qarayev
MEDİA 14 Mart 2022 / 09:55 2982
-  A +

2-ci hissə… (İlk hissə burada)

Medianın İnkişafı Agentliyinin layihəsi

Qara Qarayev son illər futbolumuzun ən sabit oyunçularından biridir. O, klubu “Qarabağ”ın uğurlarında əsas pay sahiblərindəndir. Onunla söhbətimizdə bir çox məsələlərə toxunmağa çalışdıq.

- Qara, Premyer Liqamızda komanda sayının artıralacağı deyilir. Düzdür, bunun hansı prinsiplə olacağı hələ bilinmir. Bəs, sizcə, bu iş hansı prinsiplə görülməlidir? 

- Yəqin ki, AFFA-ya bağlı bir komanda yaradılacaq. Bu, istəmədiyim amillərdən biridir. Çünki xatırlayırsınıza, 2013-2014-cü illərdə “Xəzər Lənkəran”, “Bakı”, “İnter” kimi klubların maliyyə vəsaiti fərdi insanlardan gəlirdi. Yəni, klubların limiti də yox idi. Onlar istədikləri oyunçunu transfer edirilər. Bəzən Bakıya fantastik futbolçular gətirirdilər. İstədiyim amil fərdi insanların klub saxlamağa marağının artmasıdır. Şirkətlər və ya maliyyə vəsaiti çox olan qurumlar klublara yatırım etsə, məncə, daha yaxşı olar. Çünki zaman keçdikcə onlarda daha yaxşı nəticə qazanmaq üçün maraq yaranar. Düşünürəm ki, futbolumuzun inkişafı üçün bu amil vacibdir. Amma sözsüz ki, AFFA-nın dəstəyi ilə hər hansı bir komanda Premyer Liqaya gəlirsə, onların büdcəsində məhdudiyyət olacaq. Ona görə də klubun məskunlaşması, transfer xərcləri azala bilər. İstəyirəm ki, komandalarımızın əsas çempionatda mübarizə aparmasının səbəbi fərdi sahibkarlar olsun. Gəncə, Tovuz klublarının adları daha çox səslənir. Mən istəyirəm ki, klubun vəsaiti özündən gəlsin. Komandanı azarkeşlərin dəstəyi, qurumların üzərindən saxlasınlar ki, klubun marağı, istəkləri daha çox olsun. Hansı komanda Premyer Liqaya gəlirsə-gəlsin, bu, bizim üçün sevindirici bir haldır. Ümid edirəm ki, belə bir şey davamlı olacaq. Bizim ölkəmizə, əhalimizə baxdıqda görürəm ki, Premyer Liqada hətta 12, 14, 16 komanda oynaya bilər. Çünki Avropada, bir çox ölkələrin əsas çempionatında artıq 10-12 yox, daha çox komanda yarışır. 

- Qurban Qurbanovun “Marsel”lə oyunda etdiyi feyr-pley hərəkəti çox müzakirə olundu. Yəni, Qurban Qurbanov İbrahima Vadjinin topu əli ilə qapıya göndərdiyini bilib, hakimi məlumatlandırdığı üçün qol qeydə alınmadı. Baş məşqçini bu səbəbdən dəstəkləyənlər də, qınayanlar da var idi. Bəs, sənin, komandanın oyunçularının məsələyə münasibəti necədir? Həmin an necə düşünmüşdünüz? 

- Həmin an fərqli düşünmüşdüm. Çünki bizə qarşı dəfələrlə haqsızlıq edilib. Mən hətta oyunda Matteo Gunduziyə də dedim ki, Fransadakı matçda bizim çoxlu qol imkanlarımız oldu, amma hakim yanlış qərarlar verdi. Lakin heç biriniz referiyə demədiniz ki, sən səhv etdin, doğru olan isə budur. Əgər hakim qərar veribsə, biz də onunla razılaşmalıyıq. Deyiləcək başqa nəsə yoxdur. Amma bu, həmin ana, dəqiqəyə görə olan bir düşüncə idi. İndi isə Qurban Qurbanovun Vadjini çağırıb, soruşması, sonra hakimə məlumat verməsinin klub üçün daha çox faydalı olduğunu düşünürəm. Çünki bu, Avropada feyr-pley nümunəsi kimi səs saldı. Mən hər zaman qeyd etmişəm ki, biz bir komandadan daha artığıq, üstünük. Bu qərarlar da komandamızın, klubumuzun üstünlüyünü göstərdi. Hətta ən vacib oyunlarda belə “Qarabağ”ın əsas dəyərləri qazandığı naliyyətlərdən daha əhəmiyyətli olur. Ona görə də mən Qurban Qurbanova öz təşəkkürümü bildirirəm. Bu hərəkət həm ölkəmizi, həm də “Qarabağ”ı çox tanıtdı. Oyundan sonra UEFA-nın baş katibi də kluba təşəkkür etmişdi, xoş sözlər səsləndirmişdi. Biz qalib gəlsəydik, o təşəkkür heç vaxt edilməyəcəkdi. Düşünürəm ki, hər şey “Qarabağ”ı və Qurban Qurbanovun adına yaraşan şəkildə sonlandırıldı. 

- Bəlkə də nə vaxtsa hakim səhvləri olanda Qurban Qurbanovun bu feyr-pley nümunəsi yada düşəcək...

- Bəli. Bu, tarixdən heç vaxt silinməyəcək. Hər zaman qalacaq. Məncə, Qurban Qurbanovun hərəkəti bundan sonra hakimlərin “Qarabağ”a  qarşı daha düzgün davranışına səbəb ola bilər. Bəlkə də tam əksi olar. Nə baş verəcəyini bilmirik. Amma indiki durumda biz UEFA-ya və hakimlərə göstərdik ki, yalnız ədalətli oyunun arzusundayıq. Əgər rəqibə qarşı belə ədalətsizlik varsa, biz özümüz də buna razı olmarıq. Məncə, bir azərbaycanlı kimi düşünən hər kəs belə qərar verərdi. Düzdür, bəzi azarkeşlər qolun qeydə alınmasını istəyərdi. Bu, onların kluba olan sevgisindən irəli gəlir. İstəyirlər ki, “Qarabağ” qalib gəlsin. Amma bizə xas olan düşüncə və dəyər düzgünlükdür. Biz ədalət təmsilçisiyik və hər zaman da bunu axtarmışıq.

 - “Qarabağ” artıq avrokubok havasından çıxıb, Premyer Liqaya köklənə bilibmi? 

- Konfrans Liqası ilə vidalaşandan sonra Premyer Liqada artıq 2 oyun keçirmişik. Avrokuboklardan sonra ilk matçlarda bir az fərqlilik olur. Çünki komandada bir az yorğunluq olur. Amma indi məşq etməyə daha çox vaxtımız var. Hər şeyi unutmuşuq. Avrokubok həyəcanımızı, xatirələrimizi yaddan çıxarmışıq və sadəcə Premyer Liqaya köklənmişik. Daha yaxşı nəticə qazanmaq üçün məsuliyyətimiz artıb. Hər kəs bizdən uğur gözləyir. Əslində biz özümüz də özümüzdən nəticə gözləyirik. Ona görə də hər şeyi unutmuşuq və ölkə çempionatında yaxşı nəticə üçün mübarizə aparırıq. 

- Daim belə fikirlər səslənir ki, Premyer Liqada “Qarabağ”la rəqabət apara biləcək komanda yoxdur. Bu düşüncə “Qarabağ”a təsir edir, yoxsa artıq öyrəşmisiniz? 

- Bunlar komandamıza çox mane olan fikirlərdir. Çempionatın son oyununa qədər belə şeyləri düşünmürük. Biz yalnız hər həftə öz oyunumuzu oynayıb, qalib gəlmək istəyirik. Özünüz də bilirsiniz ki, Premyer Liqada oynayan komandaların hər biri bizə problem yarada bilər. Sonuncu yerdə gedən komandadan tutmuş, 2-ci yerdə olan komanda ilə oyunda da xal itirmişik. Bu da o deməkdir ki, Premyer Liqa o qədər də asan deyil. Yəni, digər klublar “Qarabağ”la rəqabət apara bilmir düşüncəsi bizim yalnız ziyanımıza işləyər. Siz təsəvvür edin ki, bu xal fərqi 2 turdan sonra qapana bilər. Bu fikirləri qətiyyən özümüzə yaxın buraxmırıq. Çünki belə düşüncələrlə aldanmaq istəmirik. Biz reallığı görürük. Çünki 1 oyunda qalib gəlmək 3 xala bərabərdir. Premyer Liqada 1 həftə xal itirsən, uduzsan, artıq rəqiblər sənə yaxınlaşacaq. Klub olaraq yalnız hər həftə oyuna çıxıb. Qalib gəlmək istəyirik. Yəni, ilk hədəfimiz önümüzdəki matçdır. 

- Ötən mövsüm “Qarabağ” ardıcıl çempionluqdan sonra 2-ci oldu, “Neftçi” Premyer Liqanı lider kimi tamamladı. Demək olar ki, “Qarabağ” bu səbəbdən 2021/22 mövsümündə bir az daha həvəsli, prinsiplidir? 

- Biz heç vaxt elə bir rəqabət ilə oynamamışıq. Kimsə çempion olub, biz özümüzü göstərməliyik, sübut  etməliyik deyə düşünməmişik. “Qarabağ”a nə fayda verəcəksə, onun üçün çalışırıq. Biz futbolçuyuq, komandayıq, çempion olmaq istəyirik. Bu iş ilə məşğuluqsa, doğru olan bizim klubun adına nəticə qazanmağımızdır. Hətta bundan sonra da uğursuzluq olsa, çempionluq əlimizdən getsə, biz yenə də əsla yolumuzdan dönməyəcəyik. Çempion olmaq, nəticə qazanmaq üçün çalışacağıq. Çünki bu, bizim işimizdir. İstər futbolçu, istər məşqçi, istər klub rəhbəri kimi biz nəticə qazanmağı istəyəcəyik. Heç kimlə prinsip aparmırıq. Yalnız öz işimizə baxırıq. 

Ramiq Ağaməmmədov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər