"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"

"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
MEDİA 3 Sentyabr 2026 / 13:55 148
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

"Qarabağ"ın U-19 komandası 2026/27 mövsümündə UEFA Gənclər Liqasında iştirak edəcək. Mübarizəyə Çempionlar yolunun 2-ci mərhələsindən başlayacaq Ağdam təmsilçisinin rəqibi də artıq müəyyənləşib. Komanda bu raundda Zaqreb "Dinamo"su ilə üz-üzə gələcək. Bu kollektivlərin ilk görüşü oktyabrın 28-də Bakıda, cavab matçı noyabrın 4-də səfərdə keçiriləcək. 

UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən qərargahında keçirilən püşkatmada "Qarabağ"ı klubun akademiyasının meneceri Nail Kərimov təmsil edib. O, QOL.az-a müsahibəsində U-19 komandasının "Dinamo"ya qarşı keçirəcəyi matçlar, qarşıdakı hədəflər və digər mövzular barədə danışıb. 

N.Kərimov əvvəlcə Zaqreb klubu haqda fikirlərini bölüşüb: "Dinamo"nun səviyyəsindən danışmağa çox da ehtiyac yoxdur. Xüsusilə də uşaq futbolunda Avropanın əsas lokomotivlərindən biridirlər. Hazırda "Dinamo"da strateji dəyişikliklər gedir. Akademiyaya yeni rəhbər təyin olunub. "Dinamo"nun akademiyasına ispaniyalı mütəxəssis Albert Kapelyas rəhbərlik edəcək. O da uşaq futbolunu ən yaxşı bilənlərdən hesab olunur. "Barselona" futbol modelinin davamçılarından biridir. Təbii ki, "Dinamo"nun inkişafında onun da öz töhfəsi olacaq".

Klub rəsmisi "Dinamo" və "Qarabağ"ın futbol akademiyaları arasındakı fərqlərdən də bəhs edib: "Dinamo" akademiya olaraq çox böyük ənənəyə malikdir. Saysız-hesabsız futbolçu üzə çıxarıblar. Elə Luka Modriçin adını çəkmək kifayət edir. "Dinamo" hələ də dünya futboluna ulduz futbolçular qazandırmaqda davam edir. "Dinamo"nun Gənclər Liqasında da böyük təcrübəsi var. Demək olar ki, 2013-cü ildən bəri hər il bu çempionatda iştirak edib. Kifayət qədər yaxşı oyunlar keçiriblər. Səhv xatırlamıramsa, son mövsümdə "Barselona"ya penaltilər seriyasında uduzaraq mübarizəni dayandırdılar. Yəni, Avropa nəhənglərinə qarşı həmişə başabaş oyunları ilə seçiliblər. "Qarabağ"ın Gənclər Liqasında təcrübəsi çox da böyük deyil. "Qarabağ" uzun fasilədən sonra ilk dəfə ötən mövsüm bu yarışda iştirak etdi. Təcrübəsizlik özünü oyunların nəticələrində göstərdi. Ötənilki futbolçuların əksəriyyəti bu il də oynayacaqlar. Ümid edirəm ki, artıq həyəcan və stressi aradan qaldıraraq özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Komandalar arasındakı fərqləri isə hələ deyə bilmirəm. Çünki biz "Dinamo"nun U-19 komandasını araşdırmalıyıq. Daha sonra fərqlər barədə danışa bilərik".

"Qarabağ", "Benfika" və "Şaxtyor" rəsmiləri püşkatmada

N.Kərimov avrokubok oyunlarının gənc futbolçulara böyük təcrübə qazandırdığını deyib: "Sözsüz ki, bu matçların futbolçularımıza faydası çox böyükdür. Ötən mövsüm UEFA Gənclər Liqasında yaxşı nəticələr göstərə bilməsək də, məhz o oyunlarda qazanılan təcrübənin Azərbaycanda U-19 liqasını qalib kimi başa vurmağımızda böyük rolu oldu. Uşaqlar o çətin sınaqlardan keçdikcə hər oyun daha da inkişaf etdilər. İstənilən halda bu cür komandalara qarşı oynamaq həmişə nəsə qazandırır. Mən bunu "Qəbələ"də də görmüşəm. "Qəbələ" ilə Gənclər Liqasının əksər mövsümlərində iştirak etmişik. İlk vaxtlarda çox çətin idi. Sonra təcrübə artır. O təcrübəni yalnız futbolçular qazanmır. Məşqçilər, klubun nümayəndələri - hər kəs o təcrübədən özünə nəsə götürür. "Qarabağ" akademiyası hazırda inkişaf yolundadır. İldən-ilə daha yaxşı olmağa doğru gedir. Bu cür oyunlar da həmin inkişafın bir parçasıdır".

N.Kərimov U-19 komandasının qarşısına qoyulan hədəflərdən də söz açıb: "U-19 komandamızın qarşıdakı dövr üçün bir neçə hədəfi var. Birincisi, öz çempionatımızda sabit çıxış etmək. İkincisi, futbolçuları daha da inkişaf etdirib əvəzedici komandaya və ya birbaşa əsas komandaya ötürmək. Üçüncüsü isə Gənclər Liqasına mümkün qədər yaxşı hazırlaşmaq, layiqli çıxış etməkdir".

O, son vaxtlar "Qarabağ" akademiyasına Afrika qitəsindən olan futbolçuların cəlb edilməsinin səbəbini də açıqlayıb: "Afrikadan futbolçu dəvət etməyimizin bir neçə səbəbi var. Əvvəlcə onu deyim ki, onlar fərqli mədəniyyətdən və mühitdən gəlirlər, öz yanaşmaları ilə bizim futbolçular üçün rəqabət yaradırlar. Daha çox məşq etməyə meyillidirlər, yük götürürlər və bunu özləri üçün problem hesab etmirlər. Kiçik zədələri olsa belə, həmişə meydana çıxmağa hazırdırlar. Yəni, məşq və oyun istəyi afrikalı futbolçuların əksəriyyətində müsbət istiqamətdə olur. Bu da bizim futbolçular üçün yaxşı haldır. Çünki onlar da kənardan gələnlərdən görüb-götürürlər".

O, sonda qeyd edib ki, bu istiqamətdə işlərə davam etməyi planlayırlar: "İndi Afrikadan futbolçu dəvət etmək dünya futbolunda trendə çevrilibr. Biz də fikirləşirik ki, hər mövsüm 1-2 xarici futbolçu çağıraq. Söhbət yalnız afrikalı oyunçulardan getmir, istənilən ölkədən ola bilər. İstəyirik ki, hər mövsüm onlara şans verək və hansısa birini əsas komandamıza qazandıraq. Bu, bir prosesdir. Yəni, bu, birdəfəlik plan deyil. Bəlkə də 20-ci və ya 30-cu futbolçuda bu nəticəyə gələrik. Bəlkə də xarici oyunçuları gətirib onlarla işləyə-işləyə təcrübə qazanaraq bir neçə il sonra öz işimizi daha yaxşı yerinə yetirəcəyik. İnanıram ki, ən azı bir futbolçunu əsas komandaya qazandıra biləcəyik. O futbolçular gənc yaşlarında gələndə xərcləri də az olur. Biz o klublara transfer ödənişi etmirik, futbolçunun maaşı da aşağı olur. Həmin oyunçunun əsas komandaya yüksəlməsi maddi cəhətdən də kluba fayda verə bilər. Həm futbolçularımıza yaxşı rəqabət yaradırlar, həm də əsas komandaya düşmək ehtimalı var. Bu il U-19 komandamıza bir əcnəbi futbolçu cəlb etmişik. Nigeriyanın "Beyond Limits" akademiyası ilə yaxşı münasibətlərimiz var. Oradan bir futbolçu gələcək. Tezliklə onun transfer məsələsi də öz həllini tapacaq". 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Qarabağ FK
Son xəbərlər
02.09.26  15:20

“Milan”da qalır

topaz banner