Böyük çempionluqlara aparan yol Bakı-2026-dan keçdi

Böyük çempionluqlara aparan yol Bakı-2026-dan keçdi
MEDİA 4 Avqust 2026 / 13:18 425
-  A +

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan daha bir mötəbər idman tədbirini uğurla başa vurdu. Söhbət Bakının ev sahibliyi etdiyi güləş üzrə U-17 komandaları arasında dünya çempionatından gedir.

Çempionat haqda danışmazdan əvvəl qeyd edilməlidir ki, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarını yüksək təşkilatçılıqla keçirir. Bu haqda əvvəlki yazılarımızda da yazmışıq. Məsələn, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, boks, atıcılıq, taekvando üzrə dünya çempionatları, futbol üzrə Avropa Liqasının finalı, Avro-2020-nin final mərhələsinin 4 matçı, gimnastika üzrə dünya kuboku yarışı, artıq ənənəyə çevrilmiş Formula 1 üzrə Azərbaycan Qran Prisi yüksək və nümunəvi təşkilatçılığı ilə fərqlənib. Odur ki, beynəlxalq idman qurumları ev sahibi qismində Azərbaycanı təsadüfən seçmirlər. 

Güləş üzrə U-17 dünya çempionatının Azərbaycanda keçirilməsi barədə verilən qərar da dövlətimizə, onun yüksək təşkilatçılığına olan inamdan irəli gəlirdi. 

Bakıda Milli Gimnastika Arenasında təşkil olunan mundial iyulun 27-dən avqustun 2-dək davam etdi. Yarışda yunan-Roma, qadın güləşçilər və sərbəst güləş növləri üzrə dünyanın ən güclü yeniyetmə idmançıları mübarizə apardılar. Bakı-2026 dünya çempionatı iştirakçı sayının çoxluğuna görə rekord müəyyənləşdirdi. Beynəlxalq Güləş Federasiyasının məlumatına görə, yarışda 52 ölkədən bütün çəki dərəcələri üzrə 675 güləşçi qeydiyyatdan keçmişdi! İştirakçılar arasında Ermənistan güləşçiləri də vardı və hər bir milli komanda kimi, onların da təhlükəsizliyi yüksək səviyyədə təmin edilmişdi. 

Yarışa maraq gözlənildiyi kimi, böyük idi. Demək olar, çempionatın keçirildiyi hər gün Gimnastika Arenasının tribunalarında azarkeşlərin çoxluğu nəzərə çarpırdı. Şübhəsiz ki, bu, Azərbaycanda güləş idman növünə yeniyetmə və gənclərin ilbəil artan marağı ilə əlaqədardır. 

Yarışın təntənəli açılış mərasimində Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarovun da qeyd etdiyi kimi, U-17 dünya güləş çempionatı yalnız medallar uğrunda mübarizə deyil, həm də gənc idmançıların öz potensiallarını və idmanın birləşdirici gücünü nümayiş etdirdikləri, yeni dostluqlar qazandıqları mühüm beynəlxalq platformadır. O, çıxışında həmçinin diqqətə çatdırdı ki, güləş Azərbaycan xalqının qədim idman ənənələrinin ayrılmaz hissəsidir və ölkə idmançılarının beynəlxalq arenalarda qazandıqları uğurlar yeni nəslə ilham verir.

Qeyd etmək yerinə düşər ki, yarışa qatılan Azərbaycanın yeniyetmə güləşçiləri üçün bu, karyeralarının ən böyük ilk beynəxalq yarışı hesab oluna bilərdi. Belə bir mötəbər yarışın yaratdığı həyəcan, hələ təcrübənin yetəri qədər olmaması nəticələrdə də öz təsirini göstərdi. Üç komandamızdan (Yunan-Roma güləşi millisi, sərbəst güləş millisi və qadın millisi) heç biri qızıl medal qazana bilmədi. Bununla belə, 3 gümüş və 3 bürünc medal qazanan Yunan-Roma millimiz 107 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. Rusiya (127) birinci, İran (96) isə üçüncü yeri tutub. 

Qeyd edək ki, bu yarış başqa bir əlamətdar faktla da diqqət çəkdi. Karyerasını başa vurmuş üçqat dünya, dördqat Avropa çempionu, Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı Hacı Əliyev ilk dəfə məhz Bakı-2026-da məşqçi kimi debüt etdi. O, sərbəst güləş üzrə Azərbaycan U-17 millisinin böyük məşqçisi qismində güləşçilərini döşəkcə üzərinə çıxardı. 

Azərbaycanın sərbəst güləş üzrə 10 idmançısından yalnız İbrahim Həsənov medal qazana bildi. O, finalda uduzaraq gümüş medala sahib oldu. Hacı Əliyev yarışdan sonra bildirdi ki, güləşçilərdə həyəcan istər-istəməz hiss olunub. Bundan başqa, Rusiya, ABŞ, Yaponiya və İran idmançıları hər zaman bu idman növündə güclü olublar. Hacıyevin sözlərinə görə, bu mənada həmin ölkələrin idmançıları ilə rəqabət hazırda bizim idmançılar üçün çətindir. Bununla belə, H.Əliyev deyir ki, öz üzərlərində daha çox işləyərək qarşıdakı dünya çempionatında yaxşı nəticələr əldə etməyə çalışacaqlar.

Əlbəttə, bu yarışda xüsusən Yunan-Roma güləşçilərimizin nəticələrini uğursuz saymaq olmaz və yekunu qənaətbəxş qiymətləndirmək mümkündür. Əsas odur ki, gələcəyin bəlkə də olimpiya çempionları olacaq idmançılarımız belə mötəbər yarışlarla təcrübə toplayır, beynəlxalq idman yolunda ilk böyük addımlarını atır...

Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər
03.08.26  20:43

Qəbələdə 5 qol

03.08.26  18:21

Millidən gedir

03.08.26  12:37

Mendi qalır, ya gedir?

topaz banner