“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol

“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
MEDİA 21 İyul 2026 / 13:48 492
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

İyulun 20-də AFFA və Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Sabahın Ulduzları” layihəsinin təqdimat mərasimində iştirak etdim. Zalda AFFA rəsmiləri, məşqçilər,  futbolçular, media nümayəndələri, sponsor və tərəfdaş şirkətlərin təmsilçiləri vardı... Hamısı eyni məqsəd üçün bir araya gəlmişdi – uşaq futbolunun gələcəyi ilə bağlı həyata keçirilən layihə ilə tanış olmaq.

Tədbirin əvvəlində nümayiş olunan videoçarx zalda əyləşən hər kəsi illər əvvələ apardı. O vaxtkı "Sabahın Ulduzları" yarışmasına. Kimlər yox idi ki, həmin turnirdə! İndi Azərbaycan futbolunun məşhur simaları olan Mahir Emreli,  Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Coşqun Diniyev...Onlar da bir vaxtlar hər uşaq kimi topun arxasınca qaçır, böyük futbol arzusu ilə yaşayırdılar. Bəzən bir videoçarx insana təkcə keçmişi göstərmir, həm də onları gələcək barədə düşünməyə sövq edir. 

“Sabahın Ulduzları”nın təqdimatında nümayiş etdirilən görüntülər də məndə məhz belə bir hiss yaratdı. Videoçarxın nümayişi başa çatanda beynimdə bir sual yarandı: əgər “Sabahın Ulduzları” layihəsi illər əvvəl dayanmasaydı, bu gün Azərbaycan futbolu daha neçə Mahir Emreli, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev qazana bilərdi?

Azərbaycanda futbolçu arzusu ilə böyüyən uşaqlar çoxdur. Amma o arzunun gerçəyə çevrilməsi təkcə istedaddan asılı olmur. Bəzən maddi imkanlar, şərait, bəzən də bir nəfərin sənə vaxtında inanması həmin yolu müəyyənləşdirir. Elə buna görə də “Sabahın Ulduzları” təkcə bir turnir deyil. Bu, vaxtında üzə çıxarılmayan istedadların itib-batmaması üçün yaradılan bir fürsətdir.

Təqdimat mərasimində ən çox səslənən sözlər “gələcək”, “istedad” və “inkişaf” idi. Amma tədbiri izlədikcə mənə elə gəlirdi ki, söhbət bunlardan da böyük bir anlayışdan gedir – ümiddən. Söhbət təkcə yeni turnirdən getmirdi. Söhbət gələcəyin futbolçularına yol açmaqdan gedirdi.

Bu layihənin əsasını qoyanlardan biri və onun həyata keçirilməsi üçün böyük fədakarlıq göstərən Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovun, ona müraciət olunan ilk gündən layihəyə dəstək verən AFFA-nın baş katibi Cahangir Fərəcullayevin, milli komandamızın baş məşqçisi Ayxan Abbasovun, AFFA-nın texniki direktoru Edmund Klausun və digərlərinin çıxışlarını dinlədikcə bir düşüncə məni rahat buraxmırdı. Uşaq arzuları bəlkə də ən saf arzulardır. Onlar hələ müqavilələri, transferləri, böyük stadionları düşünmürlər. Onların arzusu sadəcə topun arxasınca qaçmaq, meydançaya çıxmaq və bir gün sevdikləri futbolçular kimi olmaqdır. Belə layihələrin ən böyük dəyəri də məhz bu saf həvəsin sönməsinə imkan verilməməsidir.

Bu fikirlər fonunda ilk olaraq Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov çıxış etdi. O, layihəni Azərbaycan futbolunun gələcəyinə yönəlmiş mühüm addım kimi qiymətləndirdi və məqsədin yalnız yeni bir yarış təşkil etmək deyil, uzun illərdir problemlərlə üzləşən uşaq-gənclər futbolunun inkişafı üçün yeni mərhələnin əsasını qoymaq olduğunu vurğuladı: “Bu gün biz Azərbaycan futbolunda ən ağrılı sahələrdən biri olan uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”.

Onun ardınca çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev isə “Sabahın Ulduzları” layihəsinin yalnız bugünkü turnirlə məhdudlaşmadığını xüsusi qeyd etdi. O bildirdi ki, məqsəd təkcə istedadlı uşaqları müəyyənləşdirmək deyil, onların inkişaf yolunu izləmək, dəstəkləmək və bir neçə ildən sonra həmin futbolçuları beynəlxalq arenalarda görməkdir.

Bu sözləri dinləyərkən “Sabahın Ulduzları” ifadəsi mənim üçün başqa məna qazandı. Ola bilər ki, hər uşaq gələcəkdə milli komandanın formasını geyinməyəcək. Amma hər uşaq öz arzusunun arxasınca gedə bilmək şansını haqq edir. Bəzən bir layihənin ən böyük uğuru çempion yetişdirmək yox, bir uşağın xəyalının sönməsinə imkan verməməkdir. Elə “Sabahın Ulduzları”nın əsas məqsədi də uşaqların yolunu göstərməkdən daha çox, o yolda işığı sönməyə qoymamaqdır.

Mənim üçün tədbirin ən diqqətçəkən çıxışlarından biri isə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasova məxsus idi. O, uşaq futbolunu Azərbaycan futbolunun “yaralı yeri” adlandırdı və illərdir bu sahədə problemlərin davam etdiyini açıq şəkildə dilə gətirdi. Onun fikrincə, bu problemi həll etmək üçün məsuliyyət yalnız federasiyanın üzərinə düşməməlidir: “Futbolçuları AFFA yox, klublar yetişdirir”.

Ayxan Abbasov hesab edir ki, akademiyalara, aşağı yaş qruplarına və məşqçilərin inkişafına daha çox diqqət ayrılmalıdır. O, xüsusilə bölgələrdə belə turnirlərin keçirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, uşaqların inkişafı üçün ən böyük amillərdən biri davamlı oyun təcrübəsidir.

AFFA-nın Niderlanddan olan texniki direktoru Edmund Klaus isə məsələyə daha geniş prizmadan yanaşdı. O, müasir dövrdə hər kəsin uğuru qısa zamanda əldə etmək istədiyini desə də, futbolun bunun tam əksi olduğunu vurğuladı:
“Uşaq və gənclər futbolunun inkişafı qısamüddətli qaçış deyil, uzunmüddətli marafondur”.

Klausun sözlərinə görə, gələcəyin milli komandası məhz bu gün uşaq futboluna qoyulan sərmayənin nəticəsi olacaq. O, istedadların vaxtında aşkarlanmasının, sağlam rəqabət mühitinin yaradılmasının və futbolçuların öz inkişaf tempində yetişməsi üçün şərait yaradılmasının vacibliyini qeyd etdi.

Çıxışlar davam etdikcə bir məqam da diqqətimi çəkdi. Səhnədə ən çox futbolçulardan, məşqçilərdən və gələcəkdən danışılırdı. Amma bu cür layihələrin arxasında görünməyən bir dəstək də var idi – sponsorlar və tərəfdaşlar. Onların dəstəyi olmadan belə uzunmüddətli layihələri həyata keçirmək heç də asan deyil. Bəlkə də gələcəyin bir futbolçusunun uğur hekayəsində təkcə məşqçinin və ya ailəsinin deyil, bu layihəyə inanan tərəfdaşların da görünməyən payı olacaq.

Elə bu düşüncələr içində olarkən baş sponsor “Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə çıxış etdi. O, bu layihənin bir parçası olmaqdan məmnunluğunu ifadə etdi və təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə, o cümlədən “Sea Breeze”ə təşəkkürünü bildirdi. 

Bununla da “Sabahın Ulduzları” layihəsinin təqdimat mərasimi başa çatdı. İyulun 20-də təqdim olunan bu layihədə iştirak edəcək yüzlərlə uşaqdan bəlkə də yalnız bir neçəsi gələcəkdə milli formanı geyinəcək. Ancaq onların hər biri üçün ən vacibi ilk fürsətin yaradılmasıdır.

Çünki bəzən böyük futbolçu olmağın başlanğıcı bir top, bir meydança və kiminsə sənə inanması olur.

Aysu Orucova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

topaz banner