“Qarabağ” akademiyasının Avropa turnirləri və inkişaf planları

“Qarabağ” akademiyasının Avropa turnirləri və inkişaf planları
MEDİA 8 İyun 2026 / 13:38 465
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Birinci hissə burada

2-ci hissə

“Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandaları 2025/26 mövsümündə çox sayda beynəlxalq turnirlərdə iştirak ediblər. 

Həmçinin Ağdam təmsilçisinin U-19 komandası UEFA Gənclər Liqasında mübarizə aparıb. Sözügedən kollektiv bu turnirdəki 6 matçının hamısında uduzsa da, ölkə çempionatında uğurlu çıxış edib. Belə ki, “Qarabağ” U-19 ölkə çempionu olmağı bacarıb. 

Bugünkü həmsöhbətimiz də “Qarabağ”ın akademiyasının koordinatoru Nail Kərimovdur. O, QOL.az saytına müsahibəsində akademiyanın durumu, komandaların beynəlxalq turnirlərdəki çıxışı, U-19 kollektivinin çempionluğu və gələcək hədəflərindən danışıb.

Klub rəsmisi U-19 komandasının UEFA Gənclər Liqasındakı uğursuz çıxışı və ölkə çempionluğu barədə fikirlərini bölüşüb: “Bilirsiniz ki, mən "Qarabağ"da 2 ildir işləyirəm. Daha əvvəl uzun müddət "Qəbələ"də, klubun akademiyasında rəhbər şəxslərdən biri kimi çalışmışam. Həmin vaxt U-19 liqasında yalnız 1 dəfə çempionluğu əldən vermişdik. Qalan mövsümlərin hər birində çempion olmuşduq, ölkəmizi UEFA Gənclər Liqasında təmsil etmişdik. "Qəbələ" 2 dəfə mərhələ adlaya bilib, bir neçə dəfə də məğlubiyyətə baxmayaraq, başabaş oyun göstərib. Bunlardan danışmaqda məqsədim odur ki, "Qəbələ"nin nə qədər keyfiyyətli məşqçi, oyunçu heyəti olsa da, böyükhesablı məğlubiyyətlər də qeydə alınırdı. Gedişat inkişaf edən istiqamətə tərəf dəyişdi. Bu da məşqçi, işçi, futbolçu heyətinin təcrübəsindən irəli gəlirdi. Çünki nəticə qazanmaq həqiqətən də çox çətindir”. 

Nail Kərimov

O, U-19-un avrokubokdakı nəticələrini uğursuz hesab etmədiyini qeyd edib: “Soyuq başla fikirləşəndə, məsələyə subyektiv baxanda "Qarabağ"ın U-19 komandasının futbolçuları demək olar ki, təcrübəsiz idilər. Beynəlxalq yarışlarda çox az iştirak etmişdilər. Məşqçi heyətimiz də bu təcrübəni sınaqdan keçirməmişdi. Oynadığımız rəqiblər də ən güclülərdən idilər. Bunları nəzərə alanda baxırsan ki, zəif nəticə məntiqli idi. Təbii ki, başda mən olmaqla hər birimizin subyektiv səhvləri oldu. Bəlkə də nələrisə hansısa bir formada dəyişsəydik, nisbətən yaxşı nəticə qazanardıq. Məsələn, 0:5 yox, 0:3 olardı. Amma rəsmi böyütdükdə görürük ki, nəticələri çox müsbətə dəyişmək qeyri-mümkün idi. Uşaq futbolu, akademiya vaxt tələb edən işdir. Düşünürəm ki, bir neçə mövsüm keçməlidir və "Qarabağ" irəliyə doğru addımlarıdır. "Qarabağ" yerində dayansa belə, geriləyəcək. Amma irəliyə doğru addımlar atıldıqca nisbətən daha yaxşı olduğunu görəcəyik. Çalışırıq, əlimizdən gələni edirik. Beynəlxalq səfərlərə çıxmağımızın əsas səbəbi budur ki, uşaqlara xarici təcrübəni vaxtında yaşadaq, ciddi rəqibləri göstərək. Avropada 18 yaşında bir futbolçu öz daxili çempionatını çıxmaq şərti ilə 50-100 beynəlxalq turnirdə oynamış olur. Amma azərbaycanlı uşaqlarda bu, bəzən 3, bəzən 5, bəzən də 0 olur”. 

N.Kərimov U-13 və U-14 kollektivlərindən də söz açıb: “Bu mövsüm U-13 və U-14 komandalarımız finalda oynayıblar, lakin penaltilər seriyasında uduzublar. Çempionatları U-15 komandamız 4-cü, U-16 2-ci, U-17 isə 3-cü pillədə başa vurdu. Yəni, bütün komandalarımız ölkədaxili yarışlarda liderlər qrupunda olublar. Bu da keyfiyyətli işin göstəricisidir. Nəticələr həqiqətən də sonrakı məsələlərdir. Məsələn, U-16 komandamızın keyfiyyətinə, yaxşı oynamasına şübhəmiz yoxdur. Ümumiyyətlə, bütün yaş qruplarımızın. Amma bəzilərini xüsusi vurğulamaq istəyərəm. U-17 komandamız mövsümün bir hissəsini nisbətən az futbolçu ilə oynamaq məcburiyyətində qaldı. Zədələr, milli komandaya çağırışlar oldu. Bəzi uşaqlar U-19 komandamızda oynadılar. Ona görə də nəticələri əsas götürmək istəmərəm. Bütün qızıl medalları qazanmış olsaydıq da, daha zəif nəticələr qazanmış olsaydıq da, bizim üçün çox fərq etməzdi. Baxdığımız istiqamət daha başqadır”. 

O, akademiyada yeni istedadların yetişdiyini vurğulayıb: “Yeni oyunçuların, istedadların üzə çıxmasının üzərində işləməyə daha çox baxırıq, nəinki kuboklara, oyunların nəticələrinə. Əlbəttə ki, istedadlı futbolçularımız var. Əli Bəşirovun adını yəqin ki, eşitmisiniz. Hazırda Fransanın "Strasburq" klubunda baxışdadır. O, bizim U-17 komandamızla birlikdə Fransada turnirdə iştirak etmişdi. Özündən 1 yaş böyüklərdən ibarət komandada oynayırdı. Mövsümün böyük bir hissəsini U-19-la keçirmişdi. "Strasburq"dan gələn ilk fikirlər müsbətdir. Düzdür, Avropaya getmək üçün yaşı çatmır. 18 yaşını tamamladıqdan sonra gedə bilər. Sadəcə bu, bir layihə kimidir. İstedadlı futbolçuları göndəririk, təcrübə keçirlər. Hər şey yaxşı olacağı halda vaxtı yetişəndə Avropaya yönəlirlər. Əlinin simasında bütün istedadlı futbolçularımızdan nəticələr gözləyirik. Ümid edirəm ki, qarşıda hər kəs bunu görəcək”. 

Akademiya rəhbəri bildirib ki, 2026/27 mövsümü üçün hazırlıqlara başlayıblar: “Artıq növbəti mövsümün planlarını cızmağa başlamışıq. Müqavilələrin yenilənməsi, komandaların formalaşdırılması, heyətə düşməkdə çətinlik çəkən futbolçularımızın digər klublara icarəyə verilməsi və təcrübə topladıqdan sonra geri qaytarılması üzərində işləyirik. Təşkilati işlər görürük. Gələn mövsümün səfərləri üçün də planlar qururuq”. 

N.Kərimov cari mövsümün sonunadək yarışacaqları 3 beynəlxalq turnir haqda da məlumat verib: “U-14 komandamız İtaliyada, U-13 Bolqarıstanda, U-11 isə Polşada beynəlxalq turnirdə iştirak edəcək. Bu turnirlərin hər birinin səviyyəsi kifayət qədər yüksəkdir. U-13 komandamız ötən il də Bolqarıstandakı yarışda iştirak etmişdi. Builki rəqiblərimiz daha çətindir. U-11 komandamızla gedəcəyimiz turnir mənə tanışdır. Vaxtilə "Qəbələ"nin U-11 komandasını yollamışdıq. Ötən mövsüm "Qarabağ"ın komandası da getmişdi. Həmçinin U-14-ün iştirak edəcəyi turnir də tanışdır. İtaliyadakı yarış 5-8 iyun, Bolqarıstandakı turnir 13-18 iyun, Polşadakı çempionat isə 18-22 iyun tarixlərində keçiriləcək. Bununla da mövsümü başa vurmuş olacağıq. Komandalarımız daxili yarışlarda çıxışlarını başa vurublar. Məşqçilərimizlə bağlı da planlarımız var. Hazırda bir neçə layihə üzərində işləyirik. Tam yekunlaşmadığına görə bu haqda danışmağı düzgün hesab etmirəm”.

O, sonda kuboklar qazanmağa yox, keyfiyyətli komanda qurmağa kökləndiklərini deyib: "Növbəti mövsüm üçün hədəflər bir neçə tərəfə bölünür. Bunlardan ən əsası məşqçilərin inkişaf etdirilməsidir. Çünki futbolçularla ünsiyyətdə olan məşqçilərdir. Futbolçuların inkişafı birbaşa məşqçilərin keyfiyyətindən asılıdır. Bu məsələnin üzərində çalışırıq. Layihələrimizi həyata keçirə bilsək, yaxşılığa doğru çox dəyişikliklər olacaq. Ümidimiz böyükdür. Rəqabətə davamlı, keyfiyyətli futbolçulardan qurulmuş komandalar hazırlamaq istəyirik. U-12 və daha aşağı yaş qruplarından ibarət komandalarda artıq müəyyən məşq və oyun proqramı fəlsəfəsi həyata keçirilir. Bu fəlsəfəni bütün akademiyaya yaymaq üçün cəhd göstəririk. Məşqçi, oyunçu profilləri hazırlanır. AFFA ilə planlarımız kifayət qədər yaxşı gedir. Bilirsiniz ki, U-20 millimiz dünya çempionatına hazırlaşır. Həmin milliyə 8-10 futbolçumuz dəvət alır. Mövsüm ərzində ümumilikdə orta hesabla 45 futbolçumuz müxtəlif yaş qrupları üzrə millilərə çağırılıb. Bu da kifayət qədər yüksək nəticədir. Səhv etmirəmsə, ölkədə ən yaxşı nəticə bizə məxsusdur. Bu sayı artırmaq üçün mümkün olan hər şeyin üzərində işləyirik. İnfrastrukturumuzu da mümkün olan səviyyədə yaxşılaşdırmağa çalışırıq”. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner